Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1910/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsində 209 saylı sahədə yerləşən və sahəsi 600 kv.m olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi. İddia tələbinin dəlliləri İddiaçı xx.xx.2000-ci ildə cavabdehdən torpaq almış, bunun üçün 5200 dollar ödəniş etmişdir. İddiaçı həmin torpaq sahəsində 4 otaqlı, zirzəmili ev tikmişdir. Müqavilə bağlanılan zaman torpağa cavabdehin adına sərəncam mövcud olmuşdur. Cavabdeh ərizə ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, torpaqdan imtina etdiyini, torpağa İddiaçı adına sərəncam verilməsini xahiş etmişdir. İddiaçı həmin torpaqda evi 23 il bundan qabaq tikmiş və bu günə qədər də həmin evdə yaşayış mövcuddur. İddiaçı tərəfindən sərəncam verilməsi üçün icra hakimiyyətinə müraciət edilmişdir. Mübahisələndirilən torpaq sahəsi Bakı şəhər, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Şərq hissəsində 209 saylı sahədə yerləşir və sahəsi 600 kv.m-dir. Həmin torpaq sahəsinə dair Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən cavabdehin adına xx.xx.1998-ci ildə sərəncam verilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4034/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının sözügedən torpaq sahəsinə istifadə hüququ tanınmışdır. Lakin indi cavabdeh həmin torpağa və ona çıxarış alınması üçün əvvəl verilmiş etibarnamənin vaxtının uzadılmasından imtina etmişdir. Odur ki, həmin torpağa dair cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə zərurət mövcuddur. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Cavabdeh Suraxanı rayon İcra hakimiyyətinə ünvanladığı ərizəsinin surətindən görünür ki, 23.02.98-ci il tarixdə 219 saylı sərəncamına əsasən ona Qaraçuxur qəsəbəsi, Şərq hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsindən istifadə etmək üçün onun maddi imkanı yoxdur. Ona görə də torpaq sahəsini qohumu İddiaçı ehtiyacı olduğu üçün həmin 600 kv.m torpaq sahəsinin onun adına keçirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-4034/2017 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadə hüququnun tanınması» tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, şərq hissəsində 209 saylı sahədə yerləşən və sahəsi 600 kv.m olan torpaq sahəsinə istifadə hüququ tanınması qətt edilmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 219 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında, 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh ayrılmış sahədə 185-000-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tiintisinə icazə verilmiş, kürsülük 2 m müəyyən edilmişdir. xx.xx.2000-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh həmin etibarnamə ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq hissəsində Suraxanı rayonu İH-nin xx.xx.1998-ciil tarixli 219 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış torpaq sahəsində tikinti işləri aparmağı, sənədləşdirməyi, alqı-satqısını təşkil etməyi, bu tapşırıqların yerinə yeitrilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. xx.xx.1998-ci il tarixli aktın surətindən görünür ki, suraxanı rayonu İcra aparatı memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri S.Məmmədzadə və V.Seyidov, Təmir-tikinti idarəsinin rəisi İ.Qurbanov, Qaraçuxur qəsəbə nümayəndəsi F.Süleymanovun iştirakı ilə Suraxanı İB-nın xx.xx.1998-ci il tarixli 219 saylı sərəncamı əsasında Qaraçuxur qəsəbəsinin şərq hissəsidə 209 №-li sahədə 600/altı yüz/kv.m torpaq sahəsinin ölçülərini natura ifadəsi ilə pay bölgüsünü aparmış və daimi nişanlar qoyulmuşdur. Qaraçuxur Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10 ünvanda yerləşən fərdi yaşayış evinin uzun illərdir ki, vergisini ödəyir və 2023-cü il üçün torpaq və əmlak vergisi borcu yoxdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X1 Məsuliyyətli Cəmiyyəti 4 saylı Rəbitə Xidmətləri Mərkəzinin xx.xx.2023-cü il tarixli, 283-27- 110/28—96 saylı arayışından görünür ki, ***-**-** saylı telefon nömrəsi xx.xx.2002-ci il tarixindən İddiaçı adına Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi ünvanında işləyir. "xxxx" ASC tərəfindən verilmiş abonent kartından və ödənişlərin siyahısından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən ev üçün davamlı olaraq ödənişləri aparılmışdır. “Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosundan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən üv üçün davamlı olaraq ödənişlər aparılmışdır. Tətbiq edilən hüquq Tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olan və 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstotusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı: “Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə Cavabdeh Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 219 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında, 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı xx.xx.2000-ci ildə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsində 209 saylı sahədə yerləşən və sahəsi 600 kv.m olan torpaq sahəsini 5200 dollar ödəniş etməklə almışdır. İddiaçı həmin torpaq sahəsində 4 otaqlı zirzəmili ev tikərək yaşamağa başlamışdır. Cavabdeh xx.xx.2000-ci il tarixdə ərizə ilə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, maddi imkanı olmadığından, həmin torpaq sahəsinin verilməsinə dair sərəncamının İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı cavabdehdən aldığı torpaq sahəsində ev tikdikdən sonra həmin ünvan üzrə təbii qazdan, sudan, elektrik enerjisindən və telefondan istifadə etmək üçün müqavilələr bağlamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-4034/2017 saylı qiyabi qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, şərq hissəsində 209 saylı sahədə yerləşən və sahəsi 600 kv.m olan torpaq sahəsinə istifadə hüququ tanınmışdır. Hazırda İddiaçı cavabdehlə aralarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsində 209 saylı sahədə yerləşən və sahəsi 600 kv.m olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini istəyir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmədiyindən, onun iddia tələbinə münasibəti öyrənilməmişdir. Göründüyü kimi, 2000-ci ildə tərəflər arasında 600 kv.m torpaq sahəsinin alqısatqısı ilə bağlı razılıq əldə olunmuş, lakin torpaq sahəsi və yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da sonuncu həmin əmlak üzərində sərancam vermək imkanı əldə etmədiyindən, onlar alqı-satqı əqdini notariat qaydada rəsmiləşdirə bilməmiş və bu əqdi öz aralarında şifahi müqavilə bağlayaraq gerçəkləşdirmişlər. Bununla əlaqədar olaraq cavabdeh icra hakimiyyətinə ərizə ilə müraciət edərək ona ayrılmış torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı razılaşdırılmış məbləği ödəyərək cavabdehdən aldığı torpaq sahəsinə köçmüş, orada fərfi yaşayış evi inşa etmiş və yaşamış, cavabdeh isə həmin məbləği alaraq torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Məhkəmə araşdırması nəticəsində həmçinin müəyyən edildiyi kimi, mübahisəsi gedən 600 kv.m torpaq sahəsi Cavabdeh qanuni əsaslarla ayrılmışdır. Ona görə də məhkəmə mübahisəli torpaq sahəsini həmin dövr üçün Cavabdeh mülkiyyəti kimi nəzərdən keçirib, məsələni bu müstəvidə həll etməyi əsaslı sayır. Göründüyü kimi, qanunla həyətyanı torpaq sahəsinin bu və ya digər vətəndaşın mülkiyyətinə verilməsi aşağıdaki dispozitiv şərtlərin mövcudluğu ilə əlaqələndirilmişdir: a) əvəzsiz olaraq mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin vətəndaşın istifadəsində olması; b) istifadənin qanuni olması; v) qeydiyyat orqanına ərizə verilməsi. Qeyd olunanlardan belə aydın olur ki, Cavabdeh 1998-ci ildən sonra sərəncam əsasında ona ev tikmək üçün verilmiş və qanuni istifadəsində olan 600 kv.m həyətyanı torpaq sahəsini əvəzsiz olaraq xüsusi mülkiyyətinə keçirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyi mülkiyyət hüququnun tam tərkibli (istifadə, sahiblik, sərancam) hüquq kimi əmələ gəlməsini bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması ilə şərtləndirmişdir. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə müraciət etdikdə, məsələyə fərqli yanaşmanın mövcud olması da aydın olur. «Broniovski Polşaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün «mülkiyyət» hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? «Akimova Azərbaycana qarşı» işdə isə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da onun mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh sərəncam əsasında ayrılmış 600 kv. m torpaq sahəsi əvəzsiz olaraq adına qeydə aldırmaq (mülkiyyətinə keçirmək) imkanına malik olduğundan, bu əmlaklara olan hüquqları, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından «mülkiyyət» hüququ kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ildə yaranmışdır və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 335-ci maddəsinin tələbinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırki iş üzrə tərəflər arasında faktiki olaraq mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış, lakin bu hal notarial qaydada təsdiq edilməmişdir. Tərəflər öz öhdəliklərini icra etmiş, iddiaçı aldığı torpaq sahəsində 23 il yaşamaqla həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir. Bu artıq tərəflər arasında bağlanmış müqavilə şərtlərinin icra edilməsini özündə ehtiva edir. Buna görə də məhkəmə hesab edir ki, hazırda iddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsində 209 saylı sahədə yerləşən və sahəsi 600 kv.m olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsində 209 saylı sahədə yerləşən və sahəsi 600 kv.m olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1910/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1910/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver