Məhkəmə qərarları › İş №2(010)-1921/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1921/2023

31.03.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1921/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Kreditor Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor Borclu qarşı “pul” tələbinə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli, 0534 EM/22 saylı müqavilənin ləğv edilməsi və cavabdehə təhvil verilmiş bir ədəd “Samsung A03S” markalı mobil telefonun dəyəri - cəmi 421 manat və ödənilmiş dövlət rüsumu - 100 manat pulun alınıb Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə əməl edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, ərizədə Borclu yaşayış yerinin Bakı şəhəri Suraxanı rayonu, X.Ələkbərov küçəsi ev 19, mənzil 40 olduğu qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən isə Borclu rəsmi qeydiyyat ünvanının Kəlbəcər rayonu, İstisu qəsəbəsi olduğu görünür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Buna baxmayaraq kreditor tərəfindən hazırkı ərizə ilə borclunun qeydiyyat yerinə görə Kəlbəcər Rayon Məhkəməsinə deyil, borclunun iddia edilən faktiki yaşayış yerinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, borclu faktiki olaraq Suraxanı rayonunda yaşasa belə Azərbaycan Respublikasında yurisdiksiyası Kəlbəcər rayonu olan məhkəmə - Kəlbəcər Rayon Məhkəməsi fəaliyyət göstərir və rəsmi olaraq Kəlbəcər rayonunda qeydiyyata alınmış cavabdehlərin (borcluların) işlərinə də ümumi aidiyyət qaydasında həmin məhkəmə baxmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan və rəsmi olaraq Kəlbəcər rayonunda qeydiyyatda olan borclunun faktiki olaraq Suraxanı rayonu ərazisində yaşaması onun borclu olduğu işə ümumi aidiyyəti qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğunu mənasına gəlmir. Odur ki, hazırkı ərizə ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə təqdim edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı ərizə ərazi aidiyyəti ilə bağlı tələbləri pozmaqla məhkəməyə təqdim edildiyindən ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 278.4. Ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər, eyni zamanda bu ərizə ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu kreditora geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kreditor Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbzin tarixi: xx.xx.2023, nömrəsi: **********) dövlət büdcəsindən Kreditornə qaytarılsın. Kreditora izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar