Məhkəmə qərarları › İş №2(010)-2010/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2010/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2010/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İlkin iddia üzə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə ilkin iddia ərizəsi və ilkin iddia üzrə Cavabdeh İlkin iddia üzə iddiaçı İddiaçı qarşı “nikahın pozulması tələbi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.01.2007-ci il tarixdə anadan olmuş X1 və 26.03.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, cəmi 400 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında bağlanmış olan 07.07.2012-ci il tarixli nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2007-ci ilin iyul ayında faktiki olaraq ər-arvad münasibətinə girərək ailə qurmuşdur. Nikahlarını rəsmi olaraq 07.07.2012-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində qeyd etdirmişlər. Cavabdehin Bakı şəhərində mənzili olmadığı üçün kirayə mənzildə yaşamışlar və birgə nikahdan iki övladları anadan olmuşdur: X3 - 19.01.2007-ci il təvəllüdlü və X5 - 26.03.2014-cü il təvəllüdlü. Onlar faktiki olaraq ailə qurandan sonra kirayə mənzillərdə yaşamasınlar deyə onun atası öz vəsaiti hesabına Hövsan qəsəbəsində ona bir otaqlı mənzil almışdır. Bir müddət həmin mənzildə yaşadıqdan sonra atası tərəfindən onun adına alınmış Hövsandakı mənzili sataraq, cavabdehin adına Binə südçülük sovxozunda 2 sot torpaq alaraq, həmin torpaq sahəsində ev tikib həmin evə köçmüşlər və hazırda da həmin evdə yaşayırlar. Cavabdeh şəxsi evlərdə usta işləməklə məşğul olur, gündəlik olaraq xeyli məbləğdə pul qazansa da, həmin puldan ailəsinə, uşaqlarına lazımı qaydada pul xərcləmir, uşaqlara lazım olan ərzaq və geyim şeylərini, məktəb ləvazimatlarını almır. Uşaqların maddi cəhətdən təmin olunmasını valideynləri və qohumları təmin edir. Onun oğlu məktəbdə oxusada, maddi çətinlik səbəbindən qızını məktəbə göndərə bilməmişdir. Cavabdeh uşağın təhsilinə pul xərcləmir. O, əvvəllər işləsə də, hazırda iş tapıb işləyə bilmir. Uşaqları maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddiaya münasibətdə isə qeyd edir ki, nikahın pozulmasına razı olmamış və bu səbəbdən özü həmin tələblə müraciət etməmişdir. Lakin bu iddia tələbini əri irəli sürdüyünə görə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qismən qəbul etdiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirərək, göstərdi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında bağlanmış olan 07.07.2012-ci il tarixli nikahın pozulması, birgə nikahdan 19.01.2007-ci il tarixdə anadan olmuş X1 və 26.03.2014-cü il tarixdə anadan olmuş X2 yanında saxlanılaraq, hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi qismən, qarşılqılı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 07 iyul 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 772094 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 07 iyul 2012-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin iyul ayının 07-ci günündə 863 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Dövlətov, arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Biləsuvar rayonu Ağayrı kənd icra nümayəndəliyi tərəfindən 02 mart 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 865355 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 19.01.2007-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2007-ci ilin fevral ayının 01-ci günündə 02 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 01 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 365086 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 26.03.2014-cü ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2014-cü ilin avqust ayının 01-ci günündə 1486 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa bocludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan qiymət kimi qəbul edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 05 mart 2021-ci ildə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(010)-2010/2021 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh nikahın pozulması barədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcələsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcələnin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflərə barışmaq üçün vaxt müəyyən edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasını tələb etdiyinə görə tərəflər arasında 07 iyul 2012-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflərin birgə nikahdan anadan olmuş 19.01.2007-ci il təvəllüdlü X1 və 26.03.2014cü il təvəllüdlü X4 ananın himayəsində olduğunu və birgə nikahdan doğulmuş uşaqların mənafeyini rəhbər tutub məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra 19.01.2007-ci il təvəllüdlü X3 və 26.03.2014-cü il təvəllüdlü X4 anasının himayəsində qalmalıdır. Bundan başqa, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ilkik iddia tələbi qismən təmin edilməli, 19.01.2007-ci il təvəllüdlü X1 və 26.03.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, qarşılıqlı iddia tələbi isə təmin edilməli, ilkin iddia üzrə İddiaçı qızı ilə ilkin iddia üzrə Cavabdeh arasında 5 saylı Bakı Suraxanı Qeydiyyat Şöbəsində 07 iyul 2012-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 863№-si ilə qeyd edilmiş nikah pozulmalı və 19.01.2007-ci il təvəllüdlü X3 və 26.03.2014-cü il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı qızının yanında qalmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 19.01.2007-ci il təvəllüdlü X1 və 26.03.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması müddəti 05 mart 2021-ci il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(010)- 2010/2021 qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı qızı ilə Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində 07 iyul 2012-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 863№-si ilə qeyd edilmiş nikah pozulsun. 19.01.2007-ci il təvəllüdlü X3 və 26.03.2014-cü il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı qızının yanında qalsınlar. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar