Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2062/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan **-TK-*** dövlət nömrə nişanlı X9 markalı avtomobilə dəymiş zərər görə 7070 (yeddi min yetmiş) manat pulun, müqaviləyə əsasən 2020-ci ilin yanvar ayından bu günədək ödənilməmiş pulla bağlı yaranmış itirilmiş faydanın - 6300 (altı min üç yüz) manat pulun və dəymiş mənəvi zərərə görə 1000 (min) manat miqdarında pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, **-TK-*** dövlət nömrə nişanlı X9 markalı avtomobil xüsusi mülkiyyət hüququ ilə onun atasına məxsusdur. Eyni zamanda, ona məxsus olan avtomobil cavabdehlə 14850 manat dəyərində qiymətləndirmiş, bu barədə 23.08.2019-cu il tarixli İlkin müqavilə (**-TK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair ilkin razılaşma) bağlanmış, 37 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, avtomobilin dəyəri olan pulu hər ay 450 manat olmaqla 23.05.2022-ci il tarixədək nağd ödəyəcək, ödəniş tam edildikdən sonra avtomobil Cavabdeh adına rəsmiləşdirləcək. Müqavilənin şərtinə əsasən, daşınar əmlak olan avtomobil işlək vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Avtomobil Cavabdeh təhvil verildikdən sonra 17.01.2020-ci il tarixədək (cəmi 5 ay ərzində) aylıq ödənişləri etmişdir. Sonradan cavabdeh avtomobili nasaz vəziyyətə salmış, onu bu vəziyyətdə idarə etməyə başlamış və bununla bağlı dəfələrlə cavabdehə xəbərdarlıq edilmişdir. Avtomobilin yanacaq sistemində yaranmış nasazlıqla bağlı həm iddiaçı, həm də cavabdehin atası bunu dəfələrlə bildirmişdir. Yanacaq sistemində yaranmış nasazlıq o həddə çatmışdır ki, bir müddət sonra avtomobil tam yararsız vəziyyətə düşmüş və Bakı-Astara yolunda alovlanaraq yanmışdır. Avtomobil elə vəziyyətə düşmüşdür ki, maşın ön ban hissəsinin metal konstruksiyası termal təsirdən formasını itirmişdir. Avtomobilə dəyən zərər müstəqil avtoekspert X2 tərəfindən hesablanmış, ehtiyat hissələri və zəhmət haqqı da daxil olmaqla 7070 manat miqdarında qiymətləndirilmişdir. İddiaçı cavabdeh tərəfindən ona məxsus olan daşınar əmlaka dəyən zərərin ödənilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı 14.09.2020-ci ildə Suraxanı rayon 30 saylı PB-nə şikayət etmək məcburiyyətində qalmışdır. Lakin məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Faiq həm maşına sahib çıxmır, həm də öz borcunu qaytarmır. Cavabdeh həmçinin, 2020-ci ilin fevral ayından bugünədək olan borcu da ödəməyib. Həmin pul ödənilmədiyinə görə o, banka olan borcunu ödəyə bilməyib, bununla bağlı rəsmi sübutu yoxdur, lakin həmin borcun da cavabdeh tərəfindən ödənilməsini tələb edir. Maşın necə təhvil verilibsə, o formada da qalıb və hazırda dayanacaqdadır. Maşın hazırda yarasızdır və birlikdə gedib metallomda maşını satdıqdan sonra maşına verilən məbləği borcdan silməyə hazırdır. Bu hadisələrlə bağlı ona həmçinin mənəvi ziyan da dəyib. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı ilə aralarında razılaşma olub və razılaşma əsasında ilkin ödəniş olaraq 4000 manat, sonra 3-4 ay 450 manat, sonradan isə 100 manat, 2-3 dəfə isə 10 manat məbləğində 5 ay ödəniş etdikdən sonra ödəniş edə bilməmişdir. Ümumiyyətlə, o, borcları üçün başqa yerdən də borc götürdüüyü üçün 4000 manat nağd şəkildə vermiş, 3000 manat isə təxmini hissə hissə ödəmişdir. Onun qazanc yeri sadəcə maşın idi və maşın da hazırda onda deyil. Onun bildiyinə görə maşın ekspertiza keçirildikdən sonra iddiaçının əmisioğlunun həyətində yerləşdirilmişdir. Maşını yenidən götürmək istəyir, lakin maşına çox zərər dəydiyi üçün tərəddüd edir. Buna baxmayaraq, maşını əldə edib yenidən sataraq borcunun müəyyən hissəsini ödəyə bilər. Maşının qiyməti ilə bağlı hissəyə isə münasibət bildirərək qeyd etdi ki, maşın 7070 manat dəyərləndirilib, lakin o, qiymətləndirmədə iştirak etməmişdir. Buna baxmayaraq, yenidən eksperttiza keçirilməsinə ehtiyac yoxdur və 7070 manat qiymət ilə tam razıdır. Qalan hissədə isə iddia tələbini qəbul etmir. Buna görə də iddianın qismən etirafı ilə bağlı ərizə təqdim edərək, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23.08.2019-cu il tarixli ilkin müqavilənin (**-TK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair ilkin razılaşmadan) 1-ci bəndindən görünür ki, İddiaçı (etibarnamə əsasında X4) mülkiyyətində olan X9 markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxlışlı avtomobilin 14850.00 (on dörd min səkkiz yüz əlli) manata Cavabdeh ilə alqı-satqısına razılaşmışlar. Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh pulu 23.05.2022-ci il tarixədək hər ay 450.00 (dörd yüz əlli) manat nəğd ödəyəcəkdir. Müqavilənin 3-cü bəndinə əsasən ödəniş tam qurtardıqdan sonra razılıq ərizələrini, nikah haqqında şəhadətnaməni alıb nəqliyyat vasirəsini DYP-dan qeydiyyatdan Cavabdeh adına rəsmiləşdirənə qədər 33 (otuz üç) ay müddətinə bağlanılır) Tərəflərin razılığı ilə müqavilənin müddəti artırılıb-azaldıla bilər. Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında Cavabdeh adına etibarnamə verilib. Müqavilə şərtində olan ödəniş tam qurtardıqdan sonra nəqliyyat vasitəsi özgəninkiləşdirilə bilər. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin İddiaçı ünvanladığı 16.09.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətilə əlaqədar araşdırma aparılarkən cinayət və inzibati məsuliyyət müəyyən edilməmişdir. Araşdırma zamanı müraciətin mülki xarakterli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 25-ci maddəsinə əsasən mülki xarakterli mübahisələr məhkəmələr tərəfindən baxılıb həll edilir, odur ki, İddiaçı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Müstəqil ekspert X1 30.11.2020-ci il tarixli 320 №-li arayışından görünür ki, İddiaçı məxsus “X9” markalı ** TK *** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı, gümüşü metalik rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə aşağıdakı kimi vəsaitlər tələb olunur. Zəhmət haqqı: 730 AZN, ehtiyyat hissələri: 6340 AZN, cəmi: 7070 AZN. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü 7070 manat borcun tutulması tələbi üzrə iddia cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı həmin hissədə etiraf etməsi qəbul olunmalı və iddia həmin hissədə təmin edilməlidir. İddiaçı 6300 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, həmin öhdəliyin hansı əsasla yaranmasını əsaslandıra bilməmiş və əldən çıxmış mənfəətin məhz həmin məbləğdə yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. İddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən pul tələb edərkən bunu mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqələndirsə də, konkret hallar və onları təsdiq edən sübutlar əsasında təmin etməmiş, həmin halların adlarını çəkməklə, yəni qanunda mənəvi zərərin ödənilməsi əsasları kimi göstərilən formulələri təkrar etməklə kifayətlənmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutetmə yükü prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin ödənilməsinə dair hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 16 manat hissəsi İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7070 (yeddi min yetmiş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 16 (on altı) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2062/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2062/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver