Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2133/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin, onun maddi ehtiyaclarının ödənilməsi üçün xx.xx.2012-ci il təvəllüdlü X1 3 yaşına çatana qədər Cavabdeh onun xeyrinə hər ay 150 (yüz əlli) manat olmaqla aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, yalnız 200 (iki yüz) manat məbləğində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2012-ci ildə nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşağı anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailəsi dağılmışdır. Buna görə də, o, cavabdehdən ayrılmış, azyaşlı oğlu ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdeh isə həmin vaxtdan uşağın saxlanması üçün ona heç bir kömək etmir. Faktiki ayrıldığı vaxtdan iddiaçı uşağının saxlanması üçün lazımi xərcləri təkbaşına ödəyir. Bu isə onun üçün bir sıra ciddi maddi problemlər yaradır. Belə ki, uşağın saxlanmasına ayda 500 manata qədər vəsait lazım olur ki, həmin vəsaitin onun tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh kifayət qədər gəliri olmasına baxmayaraq o, uşağın saxlanmasında ona heç bir maddi yardım etmir. Cavabdehlə bir ailə kimi yaşadığı dövrdə uşağının təminatı yüksək olmuşdur. Lakin nikahları pozulduqdan sonra uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Cavabdeh qazancı qeyri-müntəzəm, dəyişən olduğu üçün alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığından və uşağın saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, cavabdehdən xx.xx.2012-cİ il təvəllüdlü X2 adlı uşağının saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulmalıdır. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında göstərdi ki, aylıq əmək haqqı barədə arayışını təqdim etmişdir ki, rəsmi gəliri 250 (iki yüz əlli) manat məbləğindədir. Hər ay uşağına maddi köməklik etmişdir. Bundan başqa borcları da var. Odur ki, məhkəmədən alimentin qazancının qanunla bir uşaq üçün müəyyən olunmuş hissəsinə uyğun müəyyən edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sübutlar Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2012-ci ildə bağlanmışdır. 2 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2012-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Cavabdeh əlavə iş yeri olaraq Qarant Beton sexində çilingər-operator vəzifəsində çalışır. İşin halları İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncuların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Amin adlı uşaqları anadan olmuşdur. Hazırda tərəflər faktiki olaraq ayrı təsərrüfat aparırlar və övladları Amin anası ilə birlikdə yaşayır. Cavabdeh əlavə iş yeri olaraq Qarant Beton sexində çilingər-operator vəzifəsində çalışır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi (bundan sonra AR AM): Maddə 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1 Valideynlər övladlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İddiaçı izahatında cavabdehin kifayət qədər gəlirlərinin olmasını, həmçinin cavabdehin qazancı qeyri-müntəzəm, dəyişən olduğu üçün alimentin onun qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iddianın bu dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarında deyilir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən hallar aşkar edilməmişdir. Məhkəmə işin faktiki hallarını, cavabdehin rəsmi qazancının olmasını, uşağın mənafeyini, uşağın qayğısına qalmaq, onu saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməsini rəhbər tutaraq uşağın saxlanılması üçün cavabdehin əsas və əlavə iş yerləri üzrə aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin cavabdehdən iddiaçının xeyrinə hər ay 40 manat sabit pul məbləğində aliment tutulmasını haqlı hesab edir. Belə ki, məhkəmə “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa görə 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini nəzərə alır, lakin həmçinin qeyd edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət və öhdəlik daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi hər iki valideynin vəzifəsidir. Bundan irəli gələrək məhkəmə hesab edir ki, cavabdehdən əsas və əlavə iş yerləri üzrə aylıq qazancının dörddə bir hissəsi miqdarında alimentlə yanaşı, iddiaçının xeyrinə hər ay 40 manat sabit pul məbləğində aliment tutulmalıdır. AR AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə birlikdə məhkəməyə xx xxxx 2021-ci ildə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. AR MPM-in: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamənin icrası AR MPM-in 234.2.1-ci maddəsinə görə alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay əsas və əlavə iş yeri üzrə qazancının dörddə bir hissəsi miqdarında, həmçinin hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2133/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2133/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver