Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2144/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh xeyirinə övladı X1 üçün tutulan alimentin miqdarının azaldılaraq 63 (altmış üç) manat, müalicəsi üçün isə 25 (iyirmi beş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci ildə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuş və birgə nikah dövründə xx.xx.2016-cı il tarixdə oğlu Mehdi anadan olmuşdur. Cavabdehin iddiasına əsasən Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, ondan cavabdehin xeyirinə övladı Mehdinin saxlanılması üçün 136 manat aliment tutulması qət edilmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin alimentin artırılması barədə iddiasına onun iştirakı olmadan baxılmış, iddia təmin edilmiş, ondan tutulan alimentin miqdarı 154 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə yenə Cavabdeh ona qarşı aliment tələbi barədə iddiası təmin edilmiş ondan bir uşağın müalicəsi üçün 50 manat iddiaçının xeyrinə aliment tutulması qət edilmiş, məhkəmə onun iştirakı olmadan keçirilmiş, qətnamənin surəti ona təqdim edilməmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3058/2020 saylı qətnaməsi ilə cavabdehin “alimentin artırılması” tələbinə dair iddiası təmin edilmiş, ondan oğlu Mehdinin saxlanılması üçün cavabdehin xeyirinə tutulan alimentin miqdarı 170 manat müəyyən edilmiş, işə onun iştirakı olmadan, bildirişlər ona çatdırılmadan baxılmışdır. Məhkəmə alimentin miqdarının artırılması barədə cavabdehin iddialarına baxılarkən onun iştirakını təmin etmədiyindən o, maddi vəziyyəti, anadan gəlmə xəstə olması barədə sənədləri məhkəməyə təqdim etmək imkanından məhrum olunmuşdur. Belə ki, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 5 nömrəli poliklinikanın 10 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, “1987-ci il təvəllüdlü İddiaçı həmin poliklinikada 2011-ci ildən qeydiyyatdadır. Uşaqlıqdan xəstədir. Dəfələrlə ambulator və stasionar müalicədə olub. Bakı şəhəri X7 1987-ci il, 2002-ci il “Epilepsiya rezidual-orqanik fonunda (təkrarlanan paraksizmlər ilə)” diaqnozu ilə 2006-cı ildən Bakı şəhər X12 Dispanserində stasionar müalicədə olub. 2 saylı X3 xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə “Baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişiklikləri diaqnozu ilə dəfələrlə stasionar müalicə alıb”. 2 nömrəli X4 Həkim-Psixiatr Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 318 nömrəli rəydən görünür ki, İddiaçı baş beyin xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, psixopata bənzər davranış pozuntusu, özünəxəsarət yetirmə diaqnozu qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar heç bir yerdə daimi işə götürülmür, məhkəmə tərəfindən təyin edilmiş alimenti həmişə ödəyə bilmir, anası ilə birlikdə kirayədə yaşayır, nikah pozulana qədər cavabdeh də onunla kirayədə yaşamışdır, anası müxtəlif insanlara xidmət göstərməklə (uşaq saxlamaq və s.) aldığı pulla alimentin ödənilməsində ona kömək edir, pandemiya dövründə isə nə o, nə də anası işləyə bilməmişdir. Cavabdehin iddialarına baxan əvvəlki məhkəmələr Cavabdeh maddi vəziyyəti, eləcə də səhhəti ilə maraqlanmamışlar. Halbuki cavabdehin maddi vəziyyəti onun vəziyyətindən qat-qat yaxşıdır: pensiya alır, iki aptekdə növbə ilə işləyir, aldığı əmək haqqı və pensiyası 500 manatdan da çoxdur, müvafiq sorğular göndərməklə onun pensiyasının və əmək haqqının məbləğini müəyyən etmək olar. Mütəmadi olaraq əsəb xəstəliyi ilə əlaqədar ambulator və stasionar qaydada müalicə almasını, bu səbəbdən daimi işinin olmamasını, heç bir yerdə işləməməsini, həmçinin cavabdehin maddi vəziyyətinin xeyli yaxşı olmasını (500 manatdan artıq əmək haqqı və pensiya alır, uşaq isə hər ikisinindir, onun sağlam böyüməsinə hər ikisi imkanı daxilində məsuliyyət daşıyır) nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1 maddəsinə əsasən ondan tutulan alimentin miqdarının minimum əmək haqqının dörddə bir hissəsi - 63 manat müəyyən edilməsini, oğlunun xəstə olması təsdiq edilərsə və cavabdehin isə oğlunun müalicəsi üçün maddi imkanı kifayət etməzsə, onun müalicəsinə hər ay tələb olunan məbləğin yarısını - 25 manat ödəməyi də öhdəsinə götürə bilər. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X11 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Nəsimi rayon məhkəməsinin 2(006)-3058/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş övladı X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 1987-ci il təvəllüdlü Ağayev X10 rayon 5 saylı Şəhər Poliklinikasında 2011-ci ildən qeydiyyatdadır. Xəstə uşaqlıqdan xəstədir. Dəfələrlə ambulator və stasionar müalicədə olub. Bakı şəhər X5 1987-ci iİ.2002-ci il “ Epilepsiya rezidual-orqanik fonunda (təkrarlanan paraksizmlər ilə) diaqnozu ilə, 2006-cı ildən Bakı şəhər RƏXD-də müayinədə və müalicədə olub. xx.xx.2006-xx.xx.2006-cı ilə tarixə kimi “MSS.üzvi xəstəliyinin (ensefalopatiya) qalıq əlamətləri, kəskin ifadə olunmuş isteroform sindrom”. Eyni diaqnozla xx.xx.2006xx.xx.2006-cı ildə RƏXD-də stasionar müalicədə olub. 2 saylı X2 xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2016-xx.xx.2016-ci il, xx.xx.2019-xx.xx.2019-cu ildə,xx.xx.2019- xx.xx.2019-cu il tarixlərində “Baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişiklikləri“ diaqnozu ilə dəfələrlə stasionar müalicə alıb. 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının 318 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı “baş beyin üzvü xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud psixopata bənzər davranış pozuntusu, özünə xəsarət yetirməsi ilə” qərarı verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, tərəflərin bir övladının olması, uşağın ananın yanında qalması və onun saxlanması üçün iddiaçıdan övladı X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırki mülki iş üzrə iddiaçı övladı X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin xeyrinə tutulan 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında vurğulanır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin alimentin azaldılmasının əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. İddiaçının alimentin müəyyən edilməsini nəzərdə tutan qətnamənin onun iştirakı təmin olunmadan qəbul edilməsinə, bundan irəli gələrək isə özünün xəstəliyi və maddi vəziyyəti ilə bağlı halları qətnaməni çıxarmış məhkəmənin diqqətinə çatdırmaq imkanından məhrum olmasına münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində həmin qətnamədən apellyasiya şikayəti verilə bilər. Məhkəmə müəyyən edir ki, iddiaçı qətnaməni rəsmi qaydada aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulan müddətdə sözügedən hüququndan istifadə etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçının aliment miqdarının azaldılmalı olmasına dair dəlilləri əsassızdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2144/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2144/2021
20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver