Məhkəmə qərarları › İş №2(010)-2160/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2160/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2160/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. Cavabdeh 18 noyabr 2019-cu il təvəllüdlü X4 və 05 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı qızı cavabdeh X7 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə vətəndaş nikahında yaşamışdır. Onların 18 noyabr 2019-cu il təvəllüdlü X4 və 05 yanvar 2022-ci il təvəllüdlü X6 adlı iki övladları var. Sonradan cavabdehlə birgə yaşamışlar və təsərrüfat aparmışlar. Lakin cavabdeh ona qonşu ilə xəyanət etdiyindən, anasının qızıllarını evdən oğurlayıb lombarda qoyduğundan bir yerdə yaşamamışlar. Cavabdeh ilk vaxtlar uşaqları özü ilə aparsa da sonradan yaşadıqları Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nə ərizə ilə müraciət edərək uşaqlara baxa bilmədiyindən ona təhvil vermək istədiyini bildirmişdir. Həmin vaxtdan etibarən uşaqlar onun yanındadır və bütün maddi və mənəvi ehtiyacları onun tərəfimdən ödənilir. Cavabdeh isə bu günə qədər onların heç bir ehtiyaclarının qarşılanmasında iştirak etmir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddia tələbin təmin edilməsini xahiş etdi.

İş materialları

5. xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00437 nömrəli barışıq sazişindən görünür ki, bu saziş imzalandıqdan sonra 18 noyabr 2019-cu il təvəllüdlü X4 və 05 yanvar 2022-ci il təvəllüdlü X6 atası İddiaçı himayəsində qalmalarına Birinci tərəf övladlarının atası İddiaçı himayəsində qalmalarına və birinci tərəf İddiaçı ondan aliment tələbinin olmaması ilə razıdır. X6 bu saziş imzalandıqdan sonra Cavabdeh ilə vətəndaş nikahından dünyaya gəlmiş övladları 18 noyabr 2019-cu il təvəllüdlü X4 və 05 yanvar 2022-ci il təvəllüdlü X3 onun himayəsində qalmalarına razıdır və ikinci tərəf Cavabdeh aliment tələbinin olmadığını təsdiq edir. İddiaçı bu saziş imzalandıqdan sonra dünyaya gəlmiş övladları 18 noyabr 2019-cu il təvəllüdlü X2 və 05 yanvar 2022-ci il təvəllüdlü X6 ilə anaları ikinci tərəfin aprel ayından etibarən ayda bir dəfə olmaqla hər ayın son şənbə günü 13:00-dan 14:00-dək (bir saat) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür.

6. Atalığın müəyyən edilməsi haqqında 23 noyabr 2019-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı, anası Cavabdeh olan 18 noyabr 2019-cu il təvəllüdlü X1 atası olması müəyyən edilmişdir.

7. AZ-İV seriyalı, 689243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

8. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya təşkilatının Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-00006 saylı arayışından görünür ki, Cavabdeh Mediasiya Sessiyasında iştirak etməmişdir.

İşin faktiki halları

9. qeyri-rəsmi nikahda olmaları, həmin münasibətdən 2 övladlarının anadan olması, daha sonra onlar arasında olan münasibətin pozulması işin mübahisəsiz hallarıdır. Hazırki iddia tələbində iddiaçı övladlarının saxlanılması üçün aliment təyin edilməsini xahiş edir. İddiaçı tələbində ona əsaslanır ki, daha əvvəl aralarında bağlanmış mediasiya sazişində o, cavabdehdən aliment istəməyəcəyi barədə razılıq versə də, lakin indi onun əmlak vəziyyəti dəyişmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

15. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. 2025-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

18. Hazırkı işdə tərəflər arasında əvvəl uşağların iddiaçının himayəsində qalmaları, eləcə də, iddiaçının cavabdehə qarşı aliment tələbinin olmaması barədə razılığ əldə edilmişdir. Hazırda iddiaçı cavabdehdən aliment tələb edir. Məhkəmə hesab edir ki, aliment tələbi davam edən tələbdir və əsas məqsədi yetkinlik yaşına çatmayanın maraqlarının təmin edilməsində digər valideynin də iştirakının təmin edilməsidir. İddiaçı əvvəlcə cavabdehdən aliment tələbinin olmayacağı barədə razılıq versə də, nə qədər ki bu tələb davam edən tələbdir və müəyyən zaman keçdikdə tərəflərin maliyyə vəziyyətinin dəyişməsi ilə bu tələbin də yenidən yarana bilməsi halı mümkündür, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən aliment tələb etməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolveriləndir. Tərəflər arasında bağlanmış barışıq sazişi hazırkı tələbə münasibətdə prosessual əngəl deyildir.

19. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatmayanlar üçün aliment təyin edilərkən əsas meyar kimi cari il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Belə ki, əgər aliment ödəməli olan şəxsin aylıq gəlirləri barədə başqa məlumatlar yoxdursa, məhz bu meyara əsaslanmaqla aliment miqdarı müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqların maddi və mənəvi tələbatlarının qarşılanması, onlara qulluq və qayğı göstərmək hər iki valideynin vəzifəsidir. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment tutulması qanuni və əsaslıdır.

20. Alimentin tutulma qaydasında münasibətdə isə məhkəmə AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-cü bəndinə uyğun olaraq qeyd edir ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu formada aliment tutulmasını müəyyən edərkən ilk növbədə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alır. Məhkəmə aliment məbləğinin iddiaçının tələbində qeyd etdiyi həddə, yəni 246 manat həddində tutulmasını düzgün hesab etmir. Belə ki, qeyd edilən həcmdə alimentin tutulması cavabdehin üzərinə həddən artıq maliyyə yükününün qoyulmasına səbəb olar ki, bu da son nəticədə icrası mümkün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi deməkdir. Ona görə də, məhkəmə hesab edir ki, minimum əmək haqqı məbləğinin 0.40 misli miqdarında hər uşağa görə alimentin təyin edilməsi həm azyaşlıların mənafelərə xələl gətirmir, həm də qanuni və ədalətlidir.

21. Alimentin hansı tarixdən hesablanmalı olmasına gəldikdə isə qeyd edilməlidir ki, AR Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğu təsbit edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qaydada aliment iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.40 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir

27. Məhkəmə, son olaraq, iş üzrə tərəflərə nikah pozulduqdan sonra onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyini izah edir.

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.40 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməmiş 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar