Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2161/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Hənifə qızının katibliyi ilə, İddiaçı Hənifə qızının Cavabdeh qarşı “borc pul məbləğinin geri qaytarılması və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Hənifə qızı Cavabdeh qarşı “borc pul məbləğinin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat pulun alınaraq ona geri qaytarılması və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı Hənifə qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə uzun illər qonşuluqda yaşamış, aralarında rəfiqəlik münasibəti yaranmış və rəfiqəlik etmişlər. Cavabdeh 2020-ci ilin fevral ayının 20-si ona bildirmişdir ki, kreditə aldığı avtomobilinin kredit borcunu verə bilmədiyinə görə ona təcili olaraq 500 manat borc pul lazımdır. O da cavabdehi çoxdan tanıdığından, ona etibar etdiyindən və qonşu olduğundan onun sözünü yerə salmamaq məqsədi ilə ona 500 manat məbləğində borc pul vermişdir. Bir müddət keçdikdən sonra, yenidən Cavabdeh ona bildirmişdir ki, yenidən 800 manat məbləğində təcili pul lazımdır. Yenə aralarında rəfiqəlik münasibəti və qonşu olduğundan cavabdehin sözünü yerə salmamaq məqsədi ilə ərinin xəbəri olmadan ərinin pulundan Cavabdeh 800 manat məbləğində borc pul vermişdir. Cavabdeh ona bildirmişdir ki, evini tez zamanda satıb onun pulunu qaytaracaqdır. Ümumi yoldaşının pulundan ona 1.300 manat məbləğində pul vermişdir. Bir müddət keçdikdən sonra yoldaşına təcili pul lazım olduğundan, o, Cavabdeh bildirmişdir ki, ona verdiyi 1.300 manat məbləğində pulu geri qaytarsın. Cavabdeh pulu indi qaytara bilmədiyini, bir yerdən faizə pul tapmasını və pulun faizini də ödəyəcəyini bildirmişdir. O isə cavabdehə bildirmişdir ki, faiz verən adamlar tanımır və ancaq qızıl-zinət əşyalarını lombarda qoyub əvəzində pul götürə bilər, amma lombardın da faizi var. Cavabdeh heç bir problem olmadığını və lombardın faizini özünün ödəyəcəyini bildirmişdir. O yenə də cavabdehə inanaraq, qızıl-zinət əşyalarını X2 adlı şəxsin lombardına girov qoymuş və oradan 2.000 manat pul götürmüşdür. Həmin 2.000 manat məbləğ puldan 1.300 manatın faizi üçün cavabdeh ona hər ay 100 manat pul verirdi. Cavabdeh lombardın 100 manat pulunu və ümumi 1.300 manat məbləğində pulunu konkret olaraq ödəməkdən imtina edir, bir mənalı deyir ki, onun borcu yoxdur. Cavabdeh bu cür cavabından sonra, o, məcbur olub Cavabdeh ona olan 1.300 manat məbləğində aldığı borc pulun ona geri qaytarılması və cavabdehə görə lombarda qoyduğu qızıl-zinət əşyalarının aylıq pulunu ödəməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi Cavabdeh axtarsa da, tapa bilmədi. Bu səbəbdən də qeyd etdiklərinə əsasən məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 11.03.2021-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı Hənifə qızı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsindən daxil olmuş 34/21 saylı rədd materialından görünür ki, İddiaçı Hənifə qızı 28.12.2020-ci il tarixdə Cavabdeh adlı şəxsin ona və ailəsinə hədə-qorxu gələrək ölümlə hədələdiyini, dəfələrlə təhqir edərək ona və ailə üzvlərinə rahat yaşamağa imkan vermədiyini və həmin şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. 11.01.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı müəyyən etmək, ərizəsi ilə bağlı ətraflı izahatını almaq, qeyd olunan xüsusatları sübuta yetirmək mümkün olmadığını, bununla da materialda cinayət hadisəsi olmadığını nəzərə alaraq material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, onun tərəfindən isə tələb etdiyi pulun borc şəklində cavabdehə verilməsinə dair heç bir sübut təqdim olunmadığından, onun irəli sürdüyü tələblər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, əsas borcun tutulması ilə bağlı iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Hənifə qızının Cavabdeh qarşı “borc pul məbləğinin geri qaytarılması və s.” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı Hənifə qızının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2161/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2161/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver