Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-219/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh Əliyev Elvinin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən yararsız vəziyyətə düşmüş ona məxsus “Toyota Corolla” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan cəmi 24000 manat pulun və ödənilmiş 162 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus “Toyota Corolla” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və onun icazəsi olmadan xx.xx.2020-ci il tarixində götürərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qəza törətmiş və avtomobili tam yararsız vəziyyətə salmışdır. Bununla əlaqədar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(003)-221/2020 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində Xəzər Rayon Məhkəməsində ona 24000 manat ziyan vurduğunu öz ərizəsi ilə təsdiq və etiraf etmiş, ona 2 ay müddət verilməsini xahiş etmiş və ona dəyən ziyanı tam ödəyəcəyini vəd etmişdir, əks təqdirdə müvafiq məsuliyyət daşıyacağına etiraz etməmişdir. Lakin həmin vaxtdan 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş və ona dəymiş zərəri ödəməmiş, bununla da etibarından sui-istifadə edərək vədini yerinə yetirməmişdir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu cavabdehin öz ərizəsi və xx.xx.2020-ci il tarixli, 3(003)-221/2020 saylı qərarla təsdiq olunur. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 24000 manat təşkil edir.
İddia tələbinin həcminin azaldılması.
3. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək ona məxsus avtomobili 7000 manata satdığı üçün həmin pulu çıxaraq, yerdə qalan 17000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh ona məxsus avtomobili onun icazəsi olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ona məxsus avtomobilə zərər dəymişdir. Avtomobilə dəymiş zərərin məbləğini cavabdehin özü ilə internetdən baxaraq müəyyənləşdirmişlər və cavabdeh sonradan məhkəmədə də bunu etiraf etmiş, dəymiş zərəri qaytaracağına dair söz vermişdir. Lakin aradan iki il yarım keçməsinə baxmayaraq, cavabdeh ona dəymiş zərərə görə heç bir ödəniş etməmişdir. Belə ki, ilk vaxtlar cavabdeh ona avtomobili təmir etdirib təhvil verməyi təklif etmiş, o da cavabdehin avtomobil təmiri servisində işlədiyini nəzərə alaraq buna razılaşmışdır. Lakin cavabdeh uzun müddət onu avtomobili təmir etdirmək adı ilə yubatmış, bu müddətdə avtomobil 5-6 usta dəyişmiş, axırda avtomobillə maraqlandıqda öyrənmişdir ki, işlətdikləri avtomobil təmiri yerinin arenda pulunu verə bilmədiklərinə görə onun avtomobilini girov qoyub çıxıb getmişlər. Bundan sonra o, cavabdehin avtomobili təmir etdirməyəcəyini, onu aldatdığını başa düşüb avtomobili 7000 manata başqasına satmışdır. İddia ərizəsini məhkəməyə verərkən özünə dəymiş ziyana təzminat olaraq həmin 7000 manatı da cavabdehdən tələb etmişdir. Lakin hazırda avtomobili satdığı pulu çıxaraq yerdə qalan 17000 manatı cavabdehdən tələb edir. Cavabdeh iki il yarımdır ki, onun pulunu qaytarmır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçıya məxsus avtomobillə qəza törətdikdən sonra iddiaçıya təklif etmişdir ki, avtomobili təmir üçün ona versin. Belə ki, onun qardaşının avtomobil təmiri yeri olmuşdur. Lakin qardaşı həmin yerin arendasını verə bilmədiyindən avtomobil orada qalmışdır. Ümumiyyətlə qəzanın baş verməsindən iki il keçir. Bu müddətin bir ili karantin dövrünə düşmüşdür. Növbəti ildə isə o, avtomobilin bir hissəsini təmir etdirmiş, təxminən 7-8000 manat xərci çıxmışdır. Hesab edir ki, məhkəmə iclasında şahidlərin iştirakı təmin edilməli, avtomobilə nə qədər xərc qoyduğu müəyyən edilməlidir. Hesab edir ki, avtomobili tam təmir etdikdən sonra 15000 manata satmaq olardı. Onun hazırda iddiaçıya 17000 manat məbləğində pul ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(003)-221/2020 saylı qərarından görünür ki, xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gürcüstan Respublikası Dmanisi rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə sovxozu, Mehriban qonşular küçəsində yaşayan Alıev Elmirin (Cavabdeh) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 05/1635 saylı arayışdan görünür ki, Gürcüstan vətəndaşı, xx.xx.1991-ci il təvəllüdlü Elmir Alıev sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır.
8. Cavabdeh Alıyev Elmir tərəfindən öz imzası ilə təsdiq edilmiş ərizənin surətindən görünür ki, Əliyev X2 Araz Qinyaz oğluna məxsus ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili icazəsiz olaraq götürüb sürmüş və qəza törətmişdir. Nəticədə avtomobil sahibinə 24000 manat miqdarında maddi ziyan vurulmuşdur. O, həmin maddi ziyanı iki ay müddətində tam ödəməyə söz vermiş, maddi ziyanı ödəmədiyi təqdirdə müvafiq məsuliyyətə cəl olunacağına etiraz etməmişdir.
9. Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilədən görünür ki, mülkiyyətçi (İddiaçı) AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC327715 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NMTBB4JEX0R087888, mühərrikin nömrəsi U940960 və buraxılış ili 2014-cü il olan “Toyota Corolla” minik markalı, ** TV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini (əldə edən) X1 mülkiyyətinə verir. Mülkiyyətçi nəqliyyat vasitəsini 7000 manat qiymətinə satmış, əldə edən isə həmin qiymətə almışdır.
İşin faktiki halları.
10. Cavabdeh (Gürcüstan Respublikasının vətəndaşı) İddiaçı məxsus “Toyota Corolla” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə buna səlahiyyəti olmadan, özbaşına (iddiaçının razılığı olmadan) idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı avtomobilinə maddi zərər dəymişdir.
11. Hadisədən sonra Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir.
12. Cavabdeh özü barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxılması zamanı törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə 24000 manat məbləğində zərər dəydiyini etiraf etmiş, bu barədə məhkəməyə ərizə vermiş, onun bu etirafı qəbul edilmiş məhkəmə qərarında göstərilmiş, həmin ərizənin surəti həmin iş üzrə zərərçəkmiş şəxs olan İddiaçı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən ona təqdim edilmiş və hazırkı iş materiallarına əlavə edilmişdir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh özbaşına şəkildə ona məxsus avtomobili idarə etdiyi zaman törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 24000 manat məbləğində zərər dəydiyini, avtomobilin uzun müddət təmir etdirilməsi üçün cavabdehdə qaldığını, lakin cavabdehin avtomobili təmir etmədiyini, əksinə qardaşı ilə işlədikləri avtomobil təmiri servisinin icarə haqqını ödəyə bilmədiklərinə görə avtomobili orada girov qoyaraq çıxıb getdiklərini, sonradan məcbur olub avtomobili 7000 manata satdığını, hadisənin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq, cavabdehin vurduğu zərərə görə heç bir ödəniş etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddiaçının avtomobilini özbaşına idarə edərək avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini, avtomobilə zərər vurduğunu qəbul etmiş, lakin bildirmişdir ki, o, avtomobilin təmiri üçün 7-8000 manat xərc çəkmiş, lakin bir müddət sonra qardaşı icarə haqqını ödəyə bilmədiyindən avtomobili servisdə qoyub getmişdir. Cavabdeh iddia etmişdir ki, əgər məhkəmə iclasında şahidlərin dinlənilməsi təmin edilərsə, onun avtomobilə nə qədər xərc çəkdiyi müəyyən edilə bilər. Həmçinin əlavə etmişdir ki, onun iddiaçıya 17000 manat məbləğində pul ödəməyə maddi imkanı yoxdur.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
17. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh heç bir səlahiyyəti, avtomobil sahibinin icazəsi olmadan iddiaçı Araz Qinyazova məxsus avtomobili idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etmə, nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilir.
18. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 18.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 18.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 18.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 18.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
19. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).
20. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır.
21. Məhkəmə cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində özünə məxsus avtomobilə 24000 manat məbləğində zərər dəydiyini iddia etmişdir. İş materiallarında olan cavabdehin inzibatə xəta törətməkdə təqsirli bilinməsinə dair məhkəmə qərarından görünür ki, cavabdeh özü barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması zamanı məhkəmə iclasında iştirak etmiş, iddiaçıya məxsus avtomobili icazəsiz olaraq idarə etdiyini, yol nəqliyyat hadisəsi törətdiyini, bu hadisə nəticəsində avtomobilə 24000 manat məbləğində zərər dəydiyini etiraf etmiş, hətta bununla bağlı məhkəməyə ərizə də vermişdir. Hazırkı iş üzrə məhkəmə araşdırması gedişində də cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 24000 manat məbləğində zərər dəyməsini mübahisələndirməmişdir.Cavabdehin mübahisələndirdiyi əsas məsələ baş vermiş yol nəliyyat hadisəsindən sonra avtomobilin təmiri üçün vəsait xərcləməsi ilə bağlıdır. Belə ki, cavabdeh iddia edir ki, o, avtomobilin təmiri üçün 7-8000 manat məbləğində pul xərcləmişdir.
22. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 14.2 və 77.1). Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
23. Buna baxmayaraq, iş üzrə Cavabdeh avtomobilin təmirinə hansısa məbləğdə pul xərcləməsini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Üstəlik, cavabdeh iş üzrə keçirilmiş hazırlıq iclaslarında iştirak etməsinə baxmayaraq, yalnız məhkəmənin baxış iclasında avtomobilə xərc çəkməsini təsdiq edən şahid ifadələrinin dinlənilməsi ilə bağlı şifahi vəsatətlə məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə isə bu vəsatəti əsassız hesab etmişdir. İlk növbədə ona görə ki, məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh avtomobilin təmiri üçün hansısa xərc çəkdiyini iddia etməmiş, ümumiyyətlə bu məsələdən bəhs etməmiş, yalnız maddi imkanı olmadığını bildirərək iddianı qəbul etmədiyini qeyd etməklə kifayətləndirmişdir. Cavabdeh yalnız məhkəmənin baxış iclasında avtomobilin təmiri üçün 7-8000 manat məbləğində xərc çəkdiyini “xatırlamış”, onun bu xərcinə şahid olanların ifadələrinin dinlənilməsini xahiş etmişdir.
25. Bundan başqa, iş materiallarında olan nəqliyyat vasitəsinin alqı-satqısına dair notariat qaydasında təsdiq edilmiş müqavilədən görünür ki, avtomobilin mülkiyyətçisi olan iddiaçı avtomobili 7000 manata satmışdır. Buna uyğun olaraq, iddiaçı avtomobilinə dəymiş 24000 manat zərərdən 7000 manat çıxaraq cavabdehdən 17000 manat məbləğində pul tələb etmişdir. Bu o deməkdir ki, cavabdehin avtomobilin təmirinə hansısa məbləğdə xərc çəkməsi sübut edilsə belə, bu xərc avtomobilin satış qiymətini ən yaxşı halda 7000 manatadək qaldırmış olar və həmin 7000 manat onsuz da dəymiş zərərdən çıxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin sonradan “xatırladığı” şahid ifadələri ilə iş üzrə hansısa əhəmiyyətli halın müəyyən edilməsi istisna edilir. Bu səbəbdən məhkəmə cavabdehin şahid ifadələrinin dinlənilməsi ilə bağlı vəsatətini təmin etməmişdir.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus avtomobilə vurduğu 17000 manat məbləğində zərəri iddiaçıya ödəməlidir. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
27. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 162 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, ödənilmiş məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (24000 manat) mütənasib olmuşdur.
28. Lakin sonradan iddaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia rüsumla bağlı hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 141 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17000 manat məbləğində pul və 141 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva