Məhkəmə qərarları › İş №2(010)-2257/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2257/2025

11.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2257/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiаçı İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 650 manat və mənəvi zərərin əvəzi kimi 300 manat olmaqla, cəmi 950 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 2023-cü ilin oktyabr ayında Sabunçu rayonu Zabrat qəsəbəsində cavabdehə məxsus evdə təmir işləri ilə əlaqədar ona 650 manat məbləğində borcu qalmışdır. Həmin evdə işləməsi ilə bağlı fotoşəkillər vardır. Bundan sonra, o, dəfələrlə cavabdehdən 650 manat pulunu tələb etməsinə baxmayaraq, həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır. O, bu barədə hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bir sözlə, cavabdeh onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə aldatmış və nəticədə ona maddi ziyan vurulmuşdur. Bundan başqa, cavabdeh tərəfindən ona 300 manat məbləğində mənəvi zərər də dəymişdir. Belə ki, cavabdehin ona qarşı olan hərəkətləri nəticəsində o, mənəvi sarsıntı, iztirab, baş ağrısı və həyəcan hissləri keçirmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun evində işləsə də, gördüyü işin əvəzi artıqlaması ilə ödənilmişdir və hazırda onun iddiaçıya hər hansı borcu yoxdur. Hətta, iddiaçının onun evində gördüyü işlər keyfiyyətsiz olmuş və hazırda hamısı pis günə qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 49-4/2-M-1704 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, ərizədə göstərilən xüsusatlar məhkəmənin səlahiyyətinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, iddiaçının 2023-cü ilin oktyabr ayında Sabunçu rayonu, Zabrat qəsəbəsində cavabdehə məxsus fərdi yaşayış evində təmir işləri ilə əlaqədar zəhmət haqqı ala bilməməsi ilə bağlı müraciətinə aidiyyəti üzrə baxılmış, iddiaçıya əmək qanunvericiliyinin tələbləri və müraciətdə qeyd edilən məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən, cavabdehə məxsus fərdi yaşayış evində müəyyən təmir işlərinin aparılması görünür. İş materiallarına əlavə edilmiş 01 ədəd maddi daşıyıcıya (fləşkart) daxil edilən video yazılardan cavabdehə məxsus fərdi yaşayış evində iddiaçı tərəfindən görülən işlərin nəticələri müşahidə edilir. Məhkəmənin sorğusuna Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən təqdim edilmiş iddiaçının xx.xx.2024-cü il tarixli şikayəti üzrə aparılmış araşdırmaya dair toplanmış materiallara əlavə edilən cavabdehin izahatından müəyyən olunur ki, “iddiaçının onun barəsində yazdığı ərizə ilə tanış olmuşdur. İddiaçı, ona məxsus evdə işləmiş və artıqlaması ilə pulunu almışdır. Hətta, iddiaçı onların evinə gələndə də sağollaşıb getmişdir. İddiaçı, 3 aydan çoxdur ki, işini bitirmişdir. Bir daha bildirir ki, onların iddiaçıya borcu yoxdur. Əgər narazılıq varsa, iddiaçı məhkəməyə müraciət etsin. İddiaçı onları şərləyərək pul almaq istəyir”. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 756. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin podrat müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinin (podrat müqaviləsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Podrat müqaviləsinin hüquqi təbiəti və qanunvericiliklə ona verilən anlayış müqavilə tərəflərinin öz üzərlərinə müəyyən olunmuş öhdəliklərin vaxtında və lazımı qaydada icrasını tələb edir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podrat müqaviləsinin sadə yazılı və ya notarial qaydada bağlanması tələbi imperativ olaraq nəzərdə tutulmasa da, tərəflərin hüquq və vəzifələrinin dəqiq şəkildə tənzimlənməsi, müqavilədən irəli gələn mübahisələrin və məsuliyyətin hədlərinin müəyyən edilməsi baxımından onun yazılı formada bağlanması mühüm əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, podratçı (iddiaçı) sifarişçiyə (cavabdehə) məxsus fərdi yaşayış evində müəyyən təmir işlərini icra etməyi, sifarişçi isə podratçıya müqaviləyə uyğun olaraq razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının podratçı kimi cavabdehə məxsus fərdi yaşayış evində müəyyən təmir işlərini (döşəmənin, evin daxilində yerləşən otaqların, mətbəxin tavan hissəsinin, həmçinin evin dam örtüyünün əsaslı təmir edilməsi) həyata keçirməsi işin mübahisəsiz halı olmaqla, məhkəmə baxış iclasında tədqiq edilən sübutlarla (fotoşəkillərin və video yazıların tədqiqi) öz təsdiqini tapmış, cavabdeh iddiaçının ona məxsus evdə təmiri işlərini yerinə yetirməsi faktını etiraf etmiş və mübahisələndirməmişdir. İddiaçı cavabdeh tərəfindən ona görülmüş işlərin əvəzi kimi ödənilməmiş 650 manat məbləğində muzdun qaldığını iddia etmiş, sifarişçinin müqavilə üzrə şərtləşdirilmiş muzdu tam şəkildə ödəmədiyini bildirmişdir. Bununla bağlı iddiaçı əvvəlcə cavabdehə, ardınca müvafiq dövlət orqanlarına müraciət etmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh isə müqavilə üzrə daha artıq məbləğdə muzd ödənildiyini qeyd etmiş və hər hansı borcun qalmadığını bildirmişdir. İşin mübahisə edilən halını da məhz müqavilə üzrə razılaşdırılmış muzdun iddiaçıya ödənilməməsi təşkil edir. İddiaçı cavabdehlə aralarında yaranan öhdəlik hüquq münasibətlərinə uyğun olaraq cavabdehin öz üzərinə müəyyən olunmuş və görülən işin əvəzində şərtləşdirilmiş muzdun verilməsindən ibarət öhdəliyin vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra edilmədiyini iddia etmiş, lakin öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların təsdiqini dair yalnız dövlət orqanlarına ünvanlanan müraciətlərə baxılması barədə cavab məktubları və fərdi yaşayış evində görülən işlərə dair fotoşəkillər təqdim edilmiş, iddiaçı qeyd edilən sübutları məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Halbuki, fərdi yaşayış evində təmir işlərinin aparılmasına dair təqdim edilmiş fotoşəkillər həmin işlərin görülməsini təsdiq edən sübut növü kimi qəbul edilmişdir ki, artıq yuxarıda qeyd edildiyi kimi bu işlərin görülməsi tərəflər arasında işin mübahisə edilməyən halıdır və bu halın əlavə olaraq sübut edilməsinə hər hansı zərurət yoxdur. Lakin, tərəflər arasında təmir işlərinin görülməsi ilə bağlı muzdun hansı məbləğdə şərtləşdirilməsi, şərtləşdirilmiş muzdun hansı hissəsinin ödənilməsi və ödənilməmiş hissənin hansı məbləğdə olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçı formal mülahizələrdən çıxış etməklə müəyyən təsəvvür yaratmağa çalışmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məhkəmə prosesinin gedişi zamanı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək öz tələbini təsdiq edən mötəbər sübutları təqdim etməsi dəfələrlə təklif olunmuş, bununla əlaqədar olaraq məhkəmə hazırlıq iclası bir neçə dəfə təxirə alınmışdır. Məhkəmənin mülki mühakimə icraatı haqqında qanunvericiliklə birbaşa olaraq nəzərdə tutulan təklifi (AR MPM 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər) iddiaçı tərəfindən səmərəli şəkildə istifadə olunmamış, işin məhkəmədən baxılmağa hazırlanması yekunlaşanadək, həmçinin məhkəmə baxışı gedişində (bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduqda və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda) tələbin təsdiqinə yönələn mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ədalətli məhkəmə araşdırması bununla da yekunlaşmamış, işin tam, obyektiv, hərtərəfli və qərəzsiz həlli məqsədi ilə dövlət orqanlarına müvafiq sorğularla müraciət edilmişdir. Sorğulara alınmış cavab məktubları və əlavə edilən sənədlərin tədqiqi ilə iddiaçının podrat müqaviləsi üzrə ödənilməmiş muzdun geri qaytarılması ilə bağlı müraciəti, müraciətlə əlaqədar aparılmış araşdırmaya dair toplanmış materiallar (tərəflərin izahatları, cavab məktubları) nəzərdən keçirilmiş, iddiaçının məhkəmədən kənar hər hansı sübutu, cavabdehin isə məhkəmə icraatı zamanı verdiyi izahatından fərqli mövqeyi aşkar edilməmişdir. Digər tərəfdən, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Digər tərəfdən, iddiaçı cavabdehin qanunsuz hərəkət və (və ya) hərəkətsizliyi nəticəsində özünün keçirdiyi mənəvi sarsıntı və iztirabların nədə ifadə olunmasını, bu kimi sarsıntıların məhz cavabdehin hərəkətləri nəticəsində baş vermiş olmasını, eləcə də keçirilmiş sarsıntılarla cavabdehin hərəkətləri arasında nə kimi səbəbli əlaqənin olmasını sübut edə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarət iddia tələbinin əsasını təşkil edən fakt və halları sübut edə bilməmiş, həmin fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddianın rədd edilməli olması nəticəsinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiаçı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar