Məhkəmə qərarları › İş №2(010)-2326/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2326/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2326/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğindən dəyişdirilib əmək haqqından və digər gəlirlərindən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-6800/2018 saylı, xx.xx.2018-ci il tarixli alimentin sabit pul məbləğində tutulması barədə qətnaməsini dəyişdirilməsi, Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurublar. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-272/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqların ananın yanında qalmaları müəyyən olunması, cavabdehdən hər uşağa 108 manat alimentin tutulması və uşaqlar 3 yaşına çatanadək iddiaçıya hər bir uşağa görə 40 manat məbləğində aliment tutularaq verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4954/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-272/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi azyaşlı uşaqlar üç yaşına çatanadək iddiaçıya hər uşağa görə 40 manat tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonradan iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 6800/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-272/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 154 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət bildirmişdir ki, iddia tələbi qanunsuz və əsasızdır. Belə ki, o, İddiaçı ilə xx.xx.2012-ci il tarixdə nikah daxil olmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 dünyaya gəliblər. Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-272/2015 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tutulması qət edilmişdir. Sonradan iddiaçının məhkəməyə müraciəti əsasında məhkəmə qətnamə ilə müəyyən edilmiş alimentin məbləğini artırmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsində çətinliklər yaransa da, tərəfindən aliment böyük bir çətinliklə vaxtı-vaxtında ödənilir. Lakin son zamanlar alimentin ödənilməsi onun üçün daha da, çətinləşmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə o, X5 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur və həmin nikahdan xx.xx.2020-ci il tarixdə bir övladı dünyaya gəlmişdir. Yeni evlilik və həmin evlilikdən övladının dünyaya gəlməsi onun üçün əvvəlki nikahdan olan övladlarına ödənilən alimentin ödənilməsində çətinliklər yaratmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək aliment məbləğinin artırılması xahiş edilmiş, bu isə onun maddi cəhətdən ağır olan durumunun daha da, ağırlaşmasına və tərəfindən alimentin ödənilməsinin mümkünsüzlüyünə səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin (vəkil) izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi X9 üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, fərdi evdə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 6800/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-272/2015 nömrəli iş üzrə xx xxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 154 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq pul məvacibi qanunvericilikdə nəzərdə tutulmuş bütün növ vergilər tutulduqdan sonra 1213.98 manat təşkil edir. İş materiallarına əlavə edilmiş X13 üzrə Dövlət Agentliyi “Tovuz rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tovuz RMX-sı Mama-Ginekologiya şöbəsində stasionar müayinə və müalicədə olmuşdur. D-z: 36-37 həftəlik hamiləlik. Qeysəriyyə əməliyyatı. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2019-cu il tarixdə nikahlarını bağlayıblar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Səmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.2020-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 272/2015 nömrəli iş üzrə xx xxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 154 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh aylıq pul məvacibi qanunvericilikdə nəzərdə tutulmuş bütün növ vergilər tutulduqdan sonra 1213.98 manat təşkil edir. Bundan əlavə Cavabdeh yenidən ailə quraraq xx.xx.2019-cu il tarixdə X5 ilə nikaha daxil olmuş və həmin nikahdan bir övladı dünyaya gəlmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən xx xxxxxx 2020-ci il tarixdən uşaqlar üçün məbləğ 170 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 170 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-6800/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 500 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 30(otuz) manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6800/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri – 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar