Məhkəmə qərarları › İş №2(010)-2371/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2371/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2371/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimli Turan İqbal qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurmuş olduğu maddi və mənəvi zərərin əvəzində ümumilikdə 77.840 manatın tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurmuş olduğu maddi və mənəvi zərərin əvəzində ümumilikdə 77.840 manatın tutulması tələbi ilə məhkəmyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh 31 dekabr 2019-cu il tarixdə 37 yaşlı X1na döş qəfəsinin sol yan səthinin döş və qarın boşluğuna nüfuz edərək mədənin və diafraqmanın zədələnməsi ilə müşayət olunan ölümlə birbaşa səbəbli əlaqəsi olan bıçaq xəsarətləri yetirmişdir. X1 almış olduğu həmin xəsarətlər nəticəsində dünyasını dəyişmişdir. Bundan sonra Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 919/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməlini törətməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh nə oğlunun dəfn xərclərinin ödənilməsinə, nə də qəbrin üstünün götürülməsinə - məzar daşının düzəldilməsinə heç bir köməklik göstərməmişdir. Mərhum oğlu ailəli idi və qətlə yetirilərkən himayəsində 11 və 9 yaşlarında iki övladı var idi, ölümündən cəmi iki ay sonra da 19 mart 2020-ci il təvəllüdlü daha bir övladı dünyaya gəlmişdir. Oğlu ailəsinə yeganə qazanc gətirəni olduğuna görə mərhum oğlunun ailəsi-həyat yoldaşı və 3 uşağı acınacaqlı vəziyyətlə üzləşiblər. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölkə üzrə yaşayış minimununa görə mərhum oğlunun həyat yoldaşı 190 manat, oğlunun hər bir övladı isə 170 manat dəyərində bazar səbətinə sahib olmalıdırlar. Belə olan halda, mərhum oğlunun ailəsini maddi imkanı ən azı 700 manat təşkil etməlidir. İddia etdikləri mənəvi zərərin konkret məbləğini göstərməli olduqlarına görə cavabdehdən hər bir uşaq üçün 18 yaşına çatana kimi hər ay 170 manat, ana üçün isə ən kişik uşaq 7 yaşına çatana kimi hər ay 190 manat pul olmaqla, cəmi 72.840 manat və dəfn xərclərinə çəkmiş olduqları 5000 manat da daxil olmaqla cəmi 77.840 manat məbləğində mənəvi zərərin ödənilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum oğlunun uşaqları hazırda anasları ilə yaşayırlar, onun özü yenicə işə düzəlib. Cavabdeh nə mərhum oğlunun uşaqlarına, nə də ki dəfn xərclərinə yardım etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(101)-919/2020 saylı hökmü ilə Cavabdeh X1nu qətlə yetirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əmələrinitörətməkdə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı (mülki iddia baxılmamış saxlanılıb) kimi tanınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, cavabdeh iddiaçının oğlunu qətlə yetirdiyinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş,iddianın faktiki əsaslandırması ondan ibarətdir ki, cavabdehin oğluna qarşı qanunazidd əməlinə görə onun oğlunun ailəsi ailə başçısını itirmiş, ailənin maddi vəziyəti xeyli pisləşmişdir. Bundan başqa cavabdeh dəfn xərclərinə də köməklik göstərməmişdir. İddiaçı tələbinin birinci hissəsini mənəvi ziyan kimi qeyd etsə də, iddianın bu hissəsi mahiyyət etibarilə ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxsə zərərin əvəzinin ödənilməsi tələbidir. Mülki Məcəllənin 1121.1-ci maddəsinə görə zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı işdə Mülki Məcəllənin 1121-ci maddəsinin tələbləri baxımından ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxs deyildir. Çünki, işin hallarına görə mərhumun həyat yoldaşı və uşaqları iddiaçı ilə birgə yaşamırlar, iddiaçının mərhum oğlunun himayəsində olması faktı müəyyən edilmir, həmçinin iddiaçı izahatında işlədiyini bildirir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddianın bu hissəsi ilə bağlı iddiaçı subyektiv hüquqa malik deyildir. İddia tələbinin dəfn xərcləri hissəsi ilə bağlı məhkəmə bildirir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı mərhum oğlunun dəfn xərclərinin 5000 manat olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. Məhkəmə yalnız iddiaçının izahatına əsaslanmaqla iddianın sübut olunduğu qənaətinə gələ bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh vurmuş olduğu maddi və mənəvi zərərin əvəzində ümumilikdə 77.840 manatın tutularaq İddiaçı ödənilməsi tələbi təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar