Məhkəmə qərarları › İş №2(010)-2421/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2421/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2421/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 ( dörd yüz qırx) manat sabit məbləğdə alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə cavabdeh X7 faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə faktiki nikahından Rusiya Federasiyasının Volqoqrad şəhərində xx.xx.2015-ci il təvəllüdlü Qocayeva Nərminə və xx.xx.2016-cı il təvəllüdlü X10 dünyaya gəlmişdir. Bir müddət sonra cavabdeh doğulduğu Gürcüstan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Sonradan cavabdehlə münasibətləri pisləşmiş və o, yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi əsasında vətənə qayıtmışdır. Faktiki ayrıldıqdan sonra dəfələrlə cavabdehlə əlaqə saxlamış və uşaqlarının maddi cəhətdən saxlanmasında iştirak etməsini xahiş etmişdir. Cavabdeh yaşadığı yerdən bir neçə dəfə cüzi pul göndərsə də, sonradan müxtəlif bəhanələr gətirərək uşaqlarının maddi cəhətdən saxlanılmasında iştirakdan boyun qaçırmışdır. Bır müddət sonra isə o, ümumiyyətlə onun telefon zənglərinə cavab verməkdən imtina etmişdir. hazırki dövrdə o, uşaqlarına qulluq etdiyi üçün işləmir və övladlarının dolanacaq xərclərini tam təmin edə bilmir. Yetkinlik yaşına çatmayan övlağının saxlanması üçün xərclər tələb edildiyindən, uşaqlarının gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, faktiki nikahından olan uşaqlarının saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirərək, aliment ödəməlidir. Belə ki, övladının qidası, geyimi, məktəb ləvazimatları, istirahəti və s. xərcləri pul tələb edir. Cavabdeh azyaşlı uşaqlarının maddi cəhətdən təmin edilməsində ümumiyyətlə iştirak etmir. Bununla yanaşı cavabdeh elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq uşaqları maddi cəhətdən təmin etmək ancaq mənim vəzifəmdir. Cavabdeh öz ailəsinə və öz övladlarının müqəddəratına tam məsuliyyətsiz yanaşır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Krasnooktyabrski rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsindən müəyyən olunur ki, X8 xx.xx.2015-ci ildə doğulmuş və valideynləri X7 və İddiaçıdır. Traktorozavodsk rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsindən müəyyən olunur ki, X10 xx.xx.2016-cı ildə doğulmuş və valideynləri X7 və İddiaçıdır. Baks 17 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/17/2023-00348 saylı «ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi «aliment» tələbi üzrə mübahisəsinə xx.xx.2023-cü il tarixdə saat 10:00-10:30 radələrinə keçirilən iclasda X7 iştirak etməmişdir. İşin faktiki halları Tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuş və tərəflərin birgə yaşayış dövründə xx.xx.2015-ci il təvəllüdlü Qocayeva Nərminə və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit məbləğdə alimentin alınaraq ona verilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 220 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsini xx.xx.2023-cü ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar