Məhkəmə qərarları › İş №2(010)-2465/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2465/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2465/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı Kiriçenko Rada Valentinovnanın iştirakı ilə, İddiaçı Kiriçenko Rada Valentinovnanın cavabdeh Babayev Elxan Ramiz oğluna qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kiriçenko Rada Valentinovna cavabdeh Babayev Elxan Ramiz oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Babayev Elxan Ramiz oğlundan 02.07.2008-ci ildə anadan olmuş Babayeva Nərgiz Elxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kiriçenko Rada Valentinovna iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Babayev Elxan Ramiz oğlu ilə 2007-ci il tarixində rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Onların birgə nikahlarından 02.07.2008-ci ildə Babayeva Nərgiz Elxan qızı adlı qızı anadan olmuşdur. 5 ildən artıq müddətdir ki, o, valideynlərinin yanında qalır. Uşağın saxlanmasında ayda 500 manata qədər vəsait lazım olu ki, həmin vəsaitin onun tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh Babayev Elxan Ramiz oğlu uşağın təminatı yüksək olmuşdur. Lakin faktiki olaraq ayrıldıqdan sonra uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Cavabdeh Babayev Elxan Ramiz oğlunun qazancı yüksəkdir, ona görə də alimentin cavabdehdən sabit pul məbləğində tutulması daha düzgün olardı. Uşağın saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, ondan 02.07.2008-ci il təvəllüdlü Babayeva Nərgiz Elxan qızı adlı uşağın saxlanması üçün hər ay cavabdehdən 175 manat miqdarında aliment tutulmalıdır. Cavabdeh Babayev Elxan Ramiz oğlundan 02.07.2008-ci ildə anadan olmuş Babayeva Nərgiz Elxan qızının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kiriçenko Rada Valentinovna iddia ərizəsəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Babayev Elxan Ramiz oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan: İş materiallarına əlavə edilmiş Suraxanı rayon qeydiyyat tərəfindən verilmiş 10.03.2015-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Babayev Elxan Ramiz oğlu ilə Kiriçenko Rada Valentinovna aralarında olan nikah 10 mart 2015-ci il tarixdə nikahı ləğv edilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında 10 mart 2015-ci il tarixdə 74 sayla qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərin soyadı Babayev, arvadın isə Kiriçenko kimi qeyd edilmişdir. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-II seriyalı 145720 nömrəli, 08.10.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Babayeva Nərgiz Elxan qızı 02.07.2008-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 oktyabr 2008-ci il tarixdə 2485 sayla qeyd edilmişdir. Ata qrafasında Babayev Elxan Ramiz oğlu, ana qrafasında Kiriçenko Rada Valentinovna qeyd edilmişdir. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş 16.03.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında 3984311 nömrəli arayışa əsasən, Kiriçenko Rada Valentinova 04 may 2004-cü il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsi, ev 26 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.04.2021-ci il tarixli arayışından görünür ki, Babayev Elxan Ramiz oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybətov küçəsi, ev 56 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 18 avqust 2014-cü il tarixli 2(010)-1596/2014-cü il nömrəli Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən, Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən 235№-li qeydlə 02.03.2007-ci ildə Babayev Elxan Ramiz oğlu ilə Kiriçenko Rada Valentinovna arasında bağlanmış nikah ləğv edilməsi və 02.07.2008-ci ildə anadan olmuş Babayeva Nərgiz Elxan qızı iddiaçı Kiriçenko Rada Valentinovnanın yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin, həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumu, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə iddianı təmin edərək, cavabdeh Babayev Elxan Ramiz oğlundan birgə nikahdan olmuş 02.07.2008-ci il təvəllüdlü Babayeva Nərgiz Elxan qızı yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin qət edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh Babayev Elxan Ramiz oğlundan 02.07.2008-ci il təvəllüdlü Babayeva Nərgiz Elxan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment iddiaçı Kiriçenko Rada Valentinovnanın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddiaçı Kiriçenko Rada Valentinovnanın aliment tutulması üçün ilkin müraciəti 09 aprel 2021-ci il tarixdə olduğundan məhkəmə hesab edir ki, məhz həmin tarixdən alimentin tutulması hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D I: İddia təmin edilsin. Iddiaçı Kiriçenko Rada Valentinovnanın cavabdeh Babayev Elxan Ramiz oğlu ilə birgə nikahdan anadan olmuş 02.07.2008-ci il təvəllüdlü Babayeva Nərgiz Elxan qızı yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 aprel 2021-ci il tarixdən hesablanaraq hər ay ümumilikdə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləgində aliment cavabdeh Babayev Elxan Ramiz oğlundan tutularaq iddiaçı Kiriçenko Rada Valentinovnanın xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh Babayev Elxan Ramiz oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar