Məhkəmə qərarları › İş №2(010)-2500/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2500/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2500/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-266/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi 06 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 26 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 20 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 04 fevral 2022-ci il təvəllüdlü X1 boşanmadan sonra anası Cavabdeh yanında qalması, İddiaçı 04 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, habelə uşağın üç yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altmış) manat maddi yardımın tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində motorçu, sementləmə aqreqatı vəsifəsində işləyir və 1355,88 manat əmək haqqı alır.

3. SOCAR “Azneft” İstehsalat Birliyi 1 saylı Nəqliyyat idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 82 №-li arayışdan görünür ki, İddiaçı tutulan alimentin miqdarı 2023-cü ilin yanvar ayında 584,96 manat, fevral ayında 470,12 manat, mart ayında 604,59 manat, aprel ayında 571,47 manat, may ayında 554,82 manat olmuşdur.

4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh “X3” publik hüquqi şəxsində peşəkar tibb bacısı vəsifəsində işləyir və 830 manat əmək haqqı alır.

5. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

İşin faktiki halları

6. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın anasının yanında qalmasına və iddiaçıdan cavabdehin xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, habelə uşağın üç yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altmış) manat maddi yardımın tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

İddia tələbi

7. İddiaçı Cavabdeh qarşı "alimentin bank hesabına köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh adına Bankda hesab açılaraq ondan tutulan alimentin 50 faiz məbləğinin həmin həsaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan İddiaçı ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 adına Bankda hesab açılaraq ondan tutulan alimentin 50 faiz məbləğinin həmin həsaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, o, rəsmi olaraq 1355 manat maaş alır, lakin əlavələr də olur. Elə ay olur ki, 2300- 2500 manat, hətta 2800 manat maaş alır. Həmin məbləğin də ¼ hissəsi aliment kimi tutulur. Hətta məzuniyyətdə olduğu üçün həmin ay 1200 manat aliment tutulub. Uşağın 18 yaşına kimi bu aliment məbləği 1800-2000 manatadək artacaq. Uşağın xəstəliyinin olması və əlavə xərclərə ehtiyac olması ilə bağlı qeyd etdi ki, uşaq tamamilə sağlamdır, uşağın heç bir xərci yoxdur, bütün xərcləri də sığorta vasitəsi ilə qarşılanır. Cavabdeh onunla düşmən olsa belə, o, uşağının hər ehtiyacını, xərcini çəkməkdən yayınmır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

11. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulub. Onların birgə nikahlarından doğulmuş qız övladları ananın yanında saxlanılıb və iddiaçı da övladı üçün aliment məbləğini ödəyir. İddiaçı yüksək gəlirli işdə işləyir və əmək haqqı da artmaqda davam edir. Hazırda uşaqlar üçün yaşayış minimumu 220 manat nəzərə tutulmasına baxmayaraq iddiaçıdan 500-600 manat məbləğində aliment tutulur. İddiaçı övladının qayğısına qalan bir atadır. Hazırda tutulan məbləğin yarısı uşağın 18 yaşınadək bank hesabına köçürülsə, artıq uşaq 18 yaşında olduqda onun bank hesabında təxminən 50.000 manat məbləğində pul olacaq. Hazırda isə uşaq üçün ödənilən məbləğdən 1 qəpik belə uşağın gələcəyi üçün qalmır. Cavabdehin izahatından da göründüyü kimi o, kommunal xərclərin olduğunu, uşağıın masaj olunduğunu bildirərək ödənilən aliment məbləğinin yetərli olmadığını qeyd edir. Halbuki, aliment məbləği sırf uşaq üçün ödənilən məbləğdir və kənar xərclərə sərf olunmamalıdır. Həmçinin, cavabdeh atanın əlavə xərclərdə iştirakı ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu səbəbdən iddia tələbi əsaslıdır və uşağın mənafeyinə çox uyğundur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

12. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, uşaq həqiqətən də masaj olunur və bu barədə əlində həqiqi çekləri var. Bundan əlavə, uşaq nevroloji müalicə alır və xərcləri çoxdur. O, aliment məbləği ilə həmin xərclərin öhdəsindən çətinliklə gəlir. Belə ki, uşaq xəstələnən zaman uşağı özəl xəstəxalara aparır və çox xərci çıxır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

13. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflərin hər ikisi psixoloji cəhətdən gərgindirlər və bu, uşaqlara da pis təsir göstərir. Lakin cavabdehin qeyd etdikləri həqiqətdir, çünki o, həqiqətən də uşağı masaja aparır və bu barədə əlində olan çekləri də məhkəməyə təqdim edə bilər. Uşaqlar üçün qanunla nəzərdə tutulmuş 220 manat məbləğ minimum məbləğdir və uşağın xərclərini ödəmək üçün yetərli deyil. İddiaçı tərəfin vəkili kommunal xərclərin aliment məbləğinə aid edilməməsini bildirsə də əslində belə deyil, çünki uşağın yaxşı şəraitdə yaşaması üçün kommunal xərclər ödənilir. Həmçinin, uşağı evlə təmin etmək tərəflərin vəzifəsidir və cavabdeh valideynlərinin yanında yaşadığından, bu vəzifəsini yerinə yetirmək üçün kirayə ev tutmaq məcburiyyətindədir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 55. Uşağın əmlak hüquqları 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.9. Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.

17. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qeyd olunan normadan görünür ki, qanunverici aliment ödəyən valideynə belə bir tələblə müraciət etmək hüququ vermişdir.

20. Məhkəmə qeyd edir ki, alimentlə bağlı mübahisələrin həlli zamanı məhkəmə ilk növbədə uşağın mənəfeyini nəzərə almaqla, təyin ediləcək aliment və onun məbləğinin uşağın həm əvvəlki həyat şəraitini bərpa etmək, həm də gələcəkdə davamlı maddi təminatla təmin olunması üçün yetərli olub-olmamasını aydınlaşdırır. Alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşaqların məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin bir hissəsindən məhrum edilməsi ilə bağlı deyil, uşaqların saxlanması üçün müəyyən edilmiş aylıq ödənişin bir hissəsinin uşaqların mənafeyi naminə onların hesabına toplanması ilə bağlıdır.

21. İş materiallarından göründüyü kimi, iddiaçı əmək müqaviləsi əsasında çalışır və əmək haqqı rəsmi olaraq 1355,88 manat təşkil edir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən tutulan aliment məbləğlərindən görünür ki, onun əmək haqqı 2000 manatdan yüksəkdir. Belə ki, arayışa əsasən iddiaçıdan təxminən ortalama olaraq 550 (584+470+604+571+554)/5=550) manat alimentin tutulduğu görünür. Həmin məbləğdən də 60 manatı uşağın üç yaşına çatanadək saxlanılması üçün tutulan maddi yardım olduğundan, iddiaçıdan ayda 490 manat uşağın saxlanılması üçün aliment tutulduğu qənaətinə gəlmək olar. Maddi yardımla bağlı iddiaçıdan tutulan 60 manatı isə məhkəmə tutulan alimentin miqdarına münasibətdə nəzərə almayaraq qeyd edir ki, həmin məbləğ uşağın 3 yaşına çatanadək tutulmalı olan məbləğ olduğu və 04 fevral 2025-ci il tarixdə tutulma dayanacağı üçün həmin məbləğin nəzərə alınması hesablanacaq aliment məbləği zamanı düzgün olmayan nəticəyə gəlməyə səbəb olacaq. Odur ki, həmin məbləğ tutulan aliment məbləğinin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilməz. İddia təmin olunacağı halda tutulacaq alimentin 50 faizi, yəni 245 (490*0.50=245) manat hissəsi bank hesabına ödəniləcək. Məhkəmə qeyd edir ki, tutulacaq alimentin yarısının bank hesabına köçürüləcəyi halda, cavabdehin (ananın) sərəncamında 245 manat məbləğində pul qalacaqdır ki, həmin məbləğlə uşağın saxlanma xərclərini ödəmək kifayət etməyəcəkdir. Belə ki, həmin məbləğ yaşayış minimumundan biraz yüksək (245-220=25) olduğu, uşağın hələ azyaşlı olduğu və xeyli məbləğdə yaşayış xərci tələb etdiyi, həmçinin uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumunun qanun əsasında hər il artırıldığı üçün gələn il də belə artımın olacağı ehtimalı olduğundan, uşağın mənafeyinin pozulmasına səbəb olacaq. Bu baxımdan, məhkəmə tutulacaq aliment məbləğinin 50 faizinin deyil, 40 faizinin bank hesabına köçürülməsini uşağın qidalanması, təhsili, tərbiyəsi, istirahətinin təşkili baxımından onun mənafeyinə uyğun hesab edir.

22. Məhkəmə hesab edir ki, uşağın saxlanması üçün tutulacaq alimentin 40 faizinin, təxminən 196 manat (490*0,40=196) hissəsinin bank hesabına ödənilməsi daha ağlabatandır. Belə ki, iddiaçının əmək haqqından tutulan aliment məbləğinin 196 manatının bank hesabına köçürülməsi halında cavabdehin (ananın) sərəncamında 294 manat məbləğində pul qalacaqdır ki, həmin vəsait də uşağın saxlanması və ehtiyaclarının ödənilməsi üçün kifayət hesab olunmaqla, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan xeyli (294-220=74) artıqdır. Əlavə olaraq, məhkəmə qeyd edir ki, həmin məbləğlə yanaşı, cavabdeh 04 fevral 2025-ci il tarixinədək uşağın saxlanılması üçün 60 manat da maddi yardım alacaqdır ki, bu halda da iddiaçıdan tutulan aliment məbləğinin ümumi miqdarı qeyd olunan tarixədək 354 manat təşkil edəcək. Bundan əlavə, cavabdehin də rəsmi olaraq işlədiyini və kifayət qədər əmək haqqının olmasını (830 manat), hazırda sosial məzuniyyətdə olmasına baxmayaraq, yenidən işə qayıtdıqda alacağı əmək haqqı məbləğini, uşaqların saxlanması üçün yaşayış minimumunu və uşağın digər xərclərini müqayisəli şəkildə nəzərə alan məhkəmə, qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin 40 faizinin uşağın adına açılmış bank hesabına toplanmasının, geri qalan 60 faizininin isə aliment kimi cavabdehə verilməsinin uşağın maddi təminatına əhəmiyyətli dərəcədə təsir etməyəcəyi, əksinə, yığılacaq pulun uşağın gələcəkdə əhəmiyyətli həcmdə maddi təminatının təmin ediləcəyi və mənafeyinə uyğun olması qənaətinə gəlir. Belə ki, uşaq 18 yaşına çatdıqda, öz adına açılmış bank hesabına toplanmış həmin vəsait üzərində müstəqil şəkildə sərəncam vermək imkanı əldə edəcəkdir.

23. Məhkəmə cavabdehin etiraz ərizəsində göstərdiyi və məhkəmə iclasında bildirdiyi izahatına münasibətdə qeyd edir ki, uşağın həkim-nevroloq tərəfindən müalicə alması və ayağında plaskostopiya (yastıpəncəlilik) olduğu üçün əlavə xərclər çəkməsi ilə bağlı məsələnin hazırki iddia tələbinə aidiyyəti yoxdur. Belə ki, cavabdeh çəkdiyi əlavə xərclərlə bağlı sübutlarını toplayaraq, iddiaçıya qarşı ayrıca iddia icraatı qaydasında “valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı” ilə bağlı tələblə məhkəməyə müraciət edə bilər.

Məhkəmə xərcləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 04 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləğinin 40 (qırx) faizi X1 xeyrinə, onun adına açılmış bank hesabına köçürülməli, iddia qalan hissədə rədd edilməlidir.

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. İddiaçı 04 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləğinin 40 (qırx) faizi X1 xeyrinə, onun adına açılmış bank hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar