Məhkəmə qərarları › İş №2(010)-2527/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2527/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2527/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2057,19 (iki min əlli yeddi manat on doqquz qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 22.10.2020-ci il tarixində ünvan 1 ünvanında “Opel Astra” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avto kasko” qaydaları ilə sığortalanmış “Mazda CX-5” markalı, 90OL 912 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR DİN Bakı Şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, 23.10.2020-ci il tarixli AP №0189551 saylı inzibati xəta haqqında protokola və TP ******* saylı Qərara əsasən, “Opel Astra” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (altmış manat) məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. AR DİN Bakı Şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışından göründüyü kimi “Opel Astra” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 22.10.2020-ci il tarixində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mazda CX-5” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı və “Nissan Sunny” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilərə zərər dəymişdir. Bu səbəbdən 6230 (altı min iki yüz otuz manat) məbləğində zərər məbləğinin 4172,81 (dörd min yüz yetmiş iki manat, 81 qəpik) hissəsi "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Belə olan halda qalan 2057,19 (iki min əlli yeddi manat) məbləğində sığorta ödənişinə iddiaçının subroqasiya hüququ əsasında məhkəməyə müraciət etmək hüququ yaranır. Odur ki, iddia tələbinin və 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 2087,59 (iki min səksən yeddi manat 59 qəpik) məbləğində pulun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, üçünçü şəxslər "xxxx" ASC nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində çağırış vərəqəsi göndərilmiş, lakin cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 oktyabr 2020-ci il tarixli “avtonəqliyyat vasitələrinin tam sığortası” şəhadətnaməsindən görünür ki, X3 məxsus “Mazda CX-5” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil 07 oktyabr 2021-ci il tarixinə kimi sığortalanmışdır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 55/20 CM-209/20 saylı sığorta aktından görünür ki, 22 oktyabr 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X3 məxsus “Mazda CX-5” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Zərərin məbləği 6230 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış məktubu və 17 dekabr 2020-ci il tarixli ödəniş tapşırığın surətindən müəyyən olunur ki, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Opel Astra” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 20 oktyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mazda CX-5” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalandığından onun zədələnməsi ilə bağlı 6230 manat məbləğində sığorta ödənişi verilmiş və 04 noyabr 2020-ci il tarixli müraciətinə əsasən "xxxx" ASC tərəfindən 17 dekabr 2020-ci il tarixində 4172,81 manat "xxxx" ASC-nin hesabına keçirilmişdir. İş materiallarında olan DYPİ-nin AP ******* saylı 23.10.2020-ci il tarixli İnzibati Haqqında protokol və qərarının surətindən müəyyən olunur ki, Cavabdeh 22.10.2020-ci il tarixində etibarnamə əsasında “Opel Astra” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilni idarə edərək ünvan 1ndə “Mazda CX-5” markalı, 90OL 912 dövlət qeydiyyat nişanlı avtomobilinə zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və törətdiyi əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törədərək "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığorta”sı növü ilə sığortalanmış “Mazda CX-5” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər vurmuşdur. DYPİ-nin AP ******* saylı 23.10.2020-ci il tarixli qərarı ilə Cavabdeh inzibati məsuliyyətinə cəlb olunmuşdur. "xxxx" ASC tərəfindən hadisə nəticəsində sığortalı avtomobilə vurulmuş zərər 6230 manat məbləğində qiymətləndirilmərək sığortalıya ödənilmişdir. Qeyd olunan Opel Astra” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığından həmin sığorta şirkəti tərəfindən iddiaçıya 4172,81 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC “Avtonəqliyyat vasitələrinin tam sığorta”sı növü ilə sığortalanmış “Mazda CX-5” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilinə sığorta hadisəsi əlaqədar 6230 manat məbləğində müəyyən olunmuş zərəri ödədiyindən, iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Nəzərə alınsa ki, zərərin bir qismi - 4172,81 manat zərər vuran avtomobilini avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamış "xxxx" ASC tərəfindən ödənildiyindən, iddiaçı zərərin qalan hissəsini cavabdehdən tələb etməyə haqlırdır (6230- 4172,81=2057,19) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2057,19 (iki min əlli yeddi manat on doqquz qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar