Məhkəmə qərarları › İş №2(010)-2544/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2544/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2544/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi və s.” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə olunmuş pulun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Suraxanı rayonu, Q yaşayış sahəsi, 12, mənzil 3-də onun payının 4/5 hissə, cavabdehin payının 1/5 hissə müəyyən edilməsi, cavabdehdə qalmış 3800 manat vəsaitin tam payla ona məxsus olması müəyyən edilməklə həmin 3800 manat məbləğinin Cavabdeh onun xeyrinə tutulması, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi 12, mənzil 3-ə köçürülməyi, həmin mənzildən istifadəyə maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Suraxanı rayonu, Q yaşayış sahəsi, 12, mənzil 3-də İddiaçı payının 1/2 hissə, cavabdehin payının 1/2 hissə müəyyən edilməsi, mənzilə görə ödənilən aylıq kredit məbləğinin, 06/074/AİF nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsində borcalan tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş ödənişlərin ½ hissəsinin iddiaçıya, qalan ½ hissəsinin isə Cavabdeh aid edilməsi, cavabdehdə qalmış 3800 manat vəsaitin tam payla mənə məxsus olması müəyyən edilməklə həmin 3800 manat məbləğinin Cavabdeh onun xeyrinə tutulması, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi 12, mənzil 3-ə köçürülməyi, həmin mənzildən istifadəyə maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə olunmuş pulun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd edilməsi, tərəflər arasında birgə nikah dövründə, xx.xx.2022-ci il tarixdə əldə edilmiş Hyundai Accent markalı **-LY- *** dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı boz metallik, ban nömrəsi: KMHCT5AE2DU087518 olan avtomobilin satışından cavabdeh tərəfindən əldə edilmiş 16000 manatdan 8000 manatının cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İlkin iddia üzrə üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək və ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək bildirmişdir ki, ev həqiqətən birgə nikah dövründə ipoteka ilə alınıb və onun da mənzilin alınmasında köməyi olub. Onlar birgə nikahda olduqları vaxt 10.000 manat əl borcu alaraq maşın almışdılar. Ayrıldıqdan sonra isə o, borcu qaytarmaq üçün maşını satmış, 8000 manat olan borclarını bağlamış, qalan məbləğ ilə isə kirayə ev tutmuşdur. Maşının satılmasında isə cavabdehin razılığı olmuşdur, belə ki, o, pula ehtiyacı olduğu üçün maşını satmaq istədiyini bildirmiş, cavabdeh isə satmağına razı olmuşdur. Maşını isə 10000 manata alqı-satqı ilə satmışdır. Bundan əlavə, onun təxminən 3800 manat pulu cavabdehdə idi, lakin pulunu verməsini tələb etsə də cavabdeh verməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsinə uyğun izahat verərək və ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, mülki iş üzrə yetəri qədər araşdırmalar aparılmış və müvafiq orqanlara sorğular verilmişdir. Qarşı tərəf mübahisıli mənzilin birgə nikah dövründə alındığını, lakin ipotekada olduğunu bildirsə də, qanunvericilikdə ipotekada olan evin üzərində pay hüququnun tanınması barədə hər hansı məhdudiyyət yoxdur. Birgə nikah dövründə əldə olunmuş əmlak artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıbsa, bu həmin əmlak üzərində payların bölünməsi üçün yetərlidir. Amma nəzərə almaq lazımdır ki, tərəflər həmin evi alan zaman 10.000 manat ilkin, ötən dövr ərzində də 16.000 manat ödəniş etmişlər. Qarşı tərəf həmin məbləği cuzi məbləğ olduğunu qeyd etsə də, bu belə deyil və 1 otaqlı ev üçün artıq kifayət qədər məbləğ ödənilmişdir. Bu səbəbdən qanunvericiliyə əsasən iddiaçının həmin ev üzərində pay hüququ və evdən istifadə hüququ vardır və iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin mənzilə görə ödənilən aylıq kredit məbləğinin, 06/074/AİF nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsində borcalan tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş ödənişlərin ½ hissəsinin iddiaçıya, qalan ½ hissəsinin isə Cavabdeh aid edilməsi hissəsində də iddia tələbi təmin edilməlidir. Belə ki, həmin pul məbləği birgə nikah dövründə mənzilə görə götürülmüşdür və əgər iddiaçının mənzil üzərində ½ hissədə pay hüququ tanınırsa, həmin borc məbləği də bərabər şəkildə bölünməlidir. Avtomobil ilə bağlı isə qeyd etmək lazımdır ki, həmin nəqliyyat vasitəsi borc götürülərək alınmışdır və sonradan avtomobil satılaraq həmin borc qaytarılmış və iddiaçıya əlavə pul qalmamışdır. Həmçinin, məhkəmə iclasında ifadə vermiş şahidlər də bu faktı təsdiq edərək, maşının satılmasında cavabdehin icazəsinin olduğunu və məhz cavabdehin maşının satılaraq borcun ödənilməsi ilə bağı sözündən sonra iddiaçının maşını satdığını bildirmişlər. Şahidlərdən biri, tərəflərin uşağı isə müəyyən məbləğdə pul vəsaitinin cavabdehdə qaldığını etiraf etmiş, lakin həmin pul məbləğinin miqdarını bilməmişdir. Cavabdeh öz növbəsində bu faktı tamamilə inkar etsə də, həmin pul vəsaitinin onda qalmamasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən onların təqdim etdikləri sübutu inkar edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək və qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia tələbini isə qəbul etməyərək bildirdi ki, maşının pulu olan 13.000 manat evdə olmuşdur və heç kimnən borc götürülməmişdir. 3000 manat isə çatmadığı üçün öz adına kredit götürmüş və Amerikadan həmin maşını gətizdirmişdir. Odur ki, şahidlərin hamısının bildirdikləri yalandır. Nuranə evdən 10.000 manat pulla çıxmışdır, indi isə məhkəmədə yalan danışırlar. İddiaçını kirayədə qalması ilə əlaqədar isə qeyd etdi ki, o, özü də hazırki evdə kirayədə qalır və 25 illik ipoteka kirayə kimidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək və qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia tələbini isə qəbul etməyərək bildirdi ki, məhkəmə araşdırması zamanı ilk öncə onların qeyd etdiyi faktlar öz əksini tapmışdır. Belə ki, iddiaçının tələbində qeyd etdiyi əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsinə dair faktlar öz təsdiqini tapmadı. Çünki verilmiş sorğular və müvafiq təşkilatlardan, banklardan gələn sorğular əsasında məlum oldu ki, mübahisəli mənzil məhz Cavabdeh adına kredit götürülməklə ipoteka yolu ilə alınmışdır. Mənzil Cavabdeh adına rəsmiləşdirilmiş olsa da, faktiki olaraq ipoteka saxlayan bankdır və onun xeyrinə yüklü edilmişdir. Ödəniş cədvəlində qeyd olunan ödənişlər isə Cavabdeh tərəfindən təkbaşına ödənilmişdir. Avtomobillə bağlı hissədə isə onlara məlumdur ki, Nuranə xanım avtomobili 10.000 manatdan daha artıq məbləğə satmışdır, lakin bu faktı təsdiq edəcək sübut olmadığı üçün məcburən maşının qiymətinin 10.000 manat olması ilə razılaşırlar. Avtomobil satıldıqdan sonra isə əldə olunmuş məbləğin yarısı isə qanunvericiliyin tələbinə əsasən Cavabdeh məxsusdur. Qarşı tərəfin avtomobilin satış qiyməti ilə bağlı şahidlərin ifadələrinə istinad etməsi isə başqa bir məsələdir. Belə ki, bununla bağlı həm mülki, həm də cinayət hüququnda, həmçinin Ali və Konstitusiya Məhkəməsinin qərarlarında qeyd olunmuşdur ki, şahidlərlə bağlı nisbilik prinsipi var. Yəni, qarşı tərəfin dəvət etdiyi şahidlərdən biri onun uşağı, biri anası, digəri isə ən yaxın rəfiqəsidir. Bu baxımdan onların ifadələrinin dəqiqliyi və düzgünlüyü şübhə altındadır və məhkəmə tərəfindən yekunda qiymət veriləcəkdir. Digər tələb isə məhkəmə qətnaməsi çıxdıqdan sonra ipoteka ödənişlərinin yarı-yarı ödənilməsi məsələsidir. Qeyd etmək lazımdır ki, tərəflər arasındakı nikaha artıq xitam verilmişdir və bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi üçün tərəflər artıq nikahın pozulması haqqında şəhadətnamə almışlar. Bu baxımdan ipoteka ödənişinin tərəflər arasında bərabər bölünməsi yolverilməzdir. Belə ki, Mülki qanunvericiliyin, “İpoteka haqqında” qanunun və “Banklar və bank fəaliyyəti haqqında” qanuna görə ödənişlər o zaman bərabər bölünə bilər ki, bu tərəflərin müştərək öhdəliyi olsun. Kredit və ipoteka müqaviləsi Cavabdeh və bank arasında bağlanmışdır və heç bir müqavilədə nə Nuranə xanımın adı, nə də ki, onun öhdəliyə zamin durması barədə məlumat yoxdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyət hüququnun olması üçün 3 əsas mövcuddur ki, onlara da sahiblik, istifadə və sərəncam hüquqları aiddir. Cavabdeh mənzil üzərində sahiblik və istifadə hüququ olsa da, sərəncam hüququ yoxdur. Buna görə də ümumi ödənişlərin hər iki tərəfə münasibətdə bərabər bölünməsi absurddur və təmin olunacağı təqdirdə icrası mümkün olmayan qətnamənin qəbul olunmasına gətirib çıxaracaqdır. İddia tələbinin 3800 manat hissəsi isə əsasızdır, çünki yalnız tərəflərin oğlunun şahid qismində anasının evdən çıxan zaman ona məxsus pulun atası tərəfindən götürülməsi barədə bildirdiyi ifadəsinə əsasən təmin oluna bilməz və sübutlar təqdim edilməlidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, iddiaçını məktəbdən valideyn olaraq tanıyır və həm də onun daimi müştərisidir. O, maşınla bağlı ifadə vermək üçün gəlmişdir. Belə ki, iddiaçı təxminən 1,5 il əvvəl ondan borc pul istəmişdir. O, maşın alacağını, ancaq pulu olmadığını bildirmişdir. O da iddiaçını tanıdığı və ona güvəndiyi üçün təqribən 8 min manat məbləğində borc pul vermişdir. Onun bu ilin fevral ayının sonları, mart ayının əvvəlində pula ehtiyacı olduğu üçün iddiaçıdan borcunu qaytarmasını istəmiş, iddiaçı isə hazırda pulu olmadığını, maşını sataraq borcunu ödəyəcəyini bildirmişdir. O, iddiaçıya borc verəndə də, ona borc qaytarılanda da Teymur iştirak etməmişdir. Çünki onun yalnız Nuranə ilə münasibəti olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, qızının maşını almasına görə şahidlik etməyə gəlmişdir. Belə ki, uşaqlar onunla birlikdə evdə idilər və Teymur zəng etmişdi. Nuranə telefonu mikrofona qoyaraq danışdıqda, Teymur borc məsələsini öyrənmiş və maşını satıb borcunu ödəməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, maşın ilə bağlı şahidlik etməyə gəlmişdir. Belə ki, anası maşını borc edərək almışdır. Sonra o, anası ilə atasının danışmasına şahid olmuşdur. Anası borc ilə əlaqəli soruşduqda, atası maşını satıb borcunu ödəməsini bildirmişdir. Lakin maşını necə, hansı qiymətə və haradan aldıqları barədə məlumatı yoxdur. Bundan əlavə, anası evdən çıxanda pul götürməmişdi. Belə ki, anasının pulu var idi və atası onu anasından almışdı. Pulu alan zaman isə indiyə kimi bu evdə kirayə qalmağın qarşılığında aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 21 dekabr 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 138663 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 21 dekabr 2004-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 dekabr 2004-cü ildə 1025 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1846/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə iddiаnın qismən təmin edilməsi, İddiaçı ilə cаvаbdeh Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsində xx.xx.2004-cü il tarixdə 1025 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 İddiaçı yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2013-cü il tarixli 06/074/AİF saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 22400 manat məbləğində 300 ay müddətinə, illik 8%, aylıq ödəniş 172,89 manat olmaqla kredit verir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Q yaşayış sahəsi 12, mənzil 3 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ünvan 3 ünvanlanmış 24 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh NBC Bank” ASC ilə bağladığı 20 iyun 2013-cü il tarixli 06/074/AİF nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015xx.xx.2022-ci il tarix aralığı üzrə ödənilmiş borcu 15.563,03 (3259,52 manat əsas borc və 12.303,51 manat faiz borcu) manat təşkil edir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 108 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Q yaşayış sahəsi, 12 saylı evin 3 saylı mənzili xx.xx.2013-cü il tarixli müraciəti əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li “Çıxarış”dan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Q yaşayış sahəsi, 12 saylı evin 3 saylı mənzili xx.xx.2013-cü il tarixdə "xxxx" ASCnin Səbail filıalının xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti 25 ildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən xx.xx.2022ci il tarixli ünvan 3 ünvanlanmış məktubdan görünür ki, DİN Baş X16 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adına xx.xx.2022-ci il tarixdə "HYUNDAİ ACCENT" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hal-hazırda İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adına xx.xx.2022-ci il tarixdə "HYUNDAİ ACCENT" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X2 adına özgəninkiləşdirilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə X2 adından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsas ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Qeyd olunan Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Eyni Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Eyni Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında deyilir ki, qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ərarvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. İlkin iddiaya münasibətdə məhkəmə hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 21 dekabr 2004-cü ildə nikaha daxil olmuş, həmin nikah 25 may 2022ci ilədək davam etmişdir. Birgə nikah dövründə kredit vəsaiti hesabına cavabdehiddiaçının (Cavabdeh) adına mənzil alınmışdır. "xxxx" ASC ilə cavabdeh-iddiaçı Cavabdeh arasında 20 iyun 2013-cü il tarixli 06/074/AİF saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər boşandıqları üçün iddiaçı-cavabdeh əmlakın və öhdəliyin paylarına uyğun bölünməsini tələb edir. Mülki iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 12, mənzil 3 tərəflərin nikah müddətində əldə olunduğundan qanunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh-iddiaçı tərəf ilkin iddianın təmin ediləcəyi təqdirdə ipoteka saxlayan bankın, yəni 3-cü şəxsin hüquqlarının pozulacağını bildirsə də, birgə mülkiyyətdə olan əmlakda tərəflərin payının müəyyən edilməsi mülkiyyətçinin dəyişməsi demək deyil. Çünki ər-arvadın hüquqi rejimində onlar hər ikisi əmlakın birgə mülkiyyətçisi idilər. Hətta, mülkiyyətçinin dəyişməsi halında ipotekaya xitam verilmir və bu hal yenə də bankın hüquqlarını pozmur. Eyni zamanda payların müəyyən edilməsi ipoteka müqaviləsinin dəyişdirilməsi demək deyil. Buna görə də məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən 3 saylı mənzil üzərində ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh pay hüququ müəyyən edilməlidir. Mənzil üzərində tərəflərin bərabər payları müəyyən edildiyindən ilkin iddia üzrə iddiaçı həmin mənzilə köçürülməsini və mənzildən istifadəyə maneə törədilməsinin cavabdeh-iddiaçı Cavabdeh qadağan edilməsini tələb etməkdə və haqlıdır və həmin hissədə də ilkin iddia tələbi təmin edilməlidir. Ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü məsələsinə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair qərarında qiymət verilmişdir. Belə ki, qərara əsasən ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Keçmiş ərarvadın birgə öhdəliklərinin bölünməsi kreditorun mənafeyini pozmur. Bu şərh onu ehtiva edir ki, kreditor qarşısında öhdəliklər (aylıq 172,89 manat) dəyişilməmiş qalır. Məhkəmə öhdəliklərdə tərəflərin payını müəyyən edir, lakin onları birgə öhdəliyi yerinə yetirməkdən azad etmir. Öhdəlik qismən də olsa icra edilmədiyi təqdirdə bank hər iki tərəfə qarşı müqavilədən irəli gələn tələbləri irəli sürməkdə səlahiyyətlidir. Buna görə də 20 iyun 2013cü il tarixli 06/074/AİF saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş aylıq 172,89 manat ödənişin ½ hissəsi İddiaçı, qalan ½ hissəsi isə Cavabdeh aid edilməlidir. Məhkəmə ilkin iddia tələbinin 3800 manat pulun cavabdeh-iddiaçı Cavabdeh alınaraq ona verilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü ilkin iddia üzrə iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulun cavabdeh tərəfindən götürüldüyünü bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Qeyd olunan tələblə bağlı şahid qismində onun oğlu dindirilərkən sadəcə olaraq anasının evdən heç bir pul götürmədiyini, anasına məxsus pulun atası tərəfindən götürüldüyünü bildirsə də, həmin pulun məbləğini deyə bilməmişdir. Belə olan halda isə iddiaçının öz izahatında bildirdiyi kimi 3800 manat məbləğində pulunun cavabdeh tərəfindən götürülməsi barədə dəlillər açıq-aşkar əsassızdır. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir pulun olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı tərəflərin nikah müddətində “Hyundai Accent” markalı, **-LY-*** dövlət nömrə nişanlı (2012-ci il buraxılışlı boz metallik, ban nömrəsi: KMHCT5AE2DU087518) nəqliyyat vasitəsini əldə etməsidir. İş materiallarından görünür ki, İddiaçı adına xx.xx.2022ci il tarixdə "HYUNDAİ ACCENT" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X2 adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixdə isə onun adından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan avtomobil hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehin adında olmasa da, tərəflərin birgə nikah dövründə əldə edildiyindən avtomobilin satılmasında hər iki tərəfin iradə ifadəsinin olması zəruri idi. Qarşılıqlı iddia üzrə cavabdeh avtomobilin satılması zamanı ərinin razılığını aldığını və bundan sonra avtomobili satdığını bildirsə də, qeyd olunan izahat məhkəmə tərəfindən inandırıcı hesab olunmur. Belə ki, mülki iş materiallarından görünür ki, mübahisə predmeti olan avtomobil xx.xx.2022-ci il tarixdə satılmışdır. Həmin zamanlar isə tərəflər arasındakı münasibətlər yaxşı olmamış və onlar faktiki olaraq ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçı-cavabdehin anası da avtomobilin satılmasında cavabdeh-iddiaçının razılığının alınmasının məhz qızı uşaqları ilə birlikdə onun evində yaşayan zaman qızı ilə kürəkəni arasında olan telefon danışığı zamanı eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçı-cavabdehin anası və uşağı avtomobilin satılması zamanı qarşı tərəfin razılığının olmasını bildirsə də, onların ifadələri məhkəmə tərəfindən həmin faktın sübut edilməsində yetərli hesab edilmir. Buna görə də məhkəmə hesab edir ki, avtomobilin ümumi dəyərinin yarısı məbləğində pul vəsaiti iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçı Cavabdeh verilməlidir. Nəqliyyat vasitəsinin dəyərinə münasibətdə məhkəmə hesab edir ki, avtomobilin satış qiyməti yalnız həmin müqavilə nəzərdən keçirilərkən müəyyən oluna bilər. Lakin qarşılıqlı iddia üzrə iddiaçı həmin müqavilənin surətini məhkəməyə təqdim etməmiş, müqavilənin surətinin alınması məqsədi ilə müvafiq dövlət orqanına sorğu verilməsi üçün təşəbbüs göstərməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən avtomobilin 16.000 manata satılması barədə heç bir sübut təqdim edilməməmişdir. Odur ki, mübahisə predmeti olan avtomobilin satış qiyməti avtomobili satan şəxsin, yəni qarşılıqlı iddia üzrə cavabdehin izahatına əsasən 10.000 manat müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən 3 saylı mənzil üzərində ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh pay hüququ müəyyən edilməli, İddiaçı ünvan 4 ünvanında yerləşən 3 saylı mənzilə köçürülməli və mənzildən istifadəyə maneə törədilməsi Cavabdeh qadağan edilməli, 20 iyun 2013-cü il tarixli 06/074/AİF saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş aylıq 172,89 manat ödənişin ½ hissəsi İddiaçı, qalan ½ hissəsi isə Cavabdeh aid edilməli, “Hyundai Accent” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı boz metallik, ban nömrəsi: KMHCT5AE2DU087518) avtomobilin 10.000 manat təşkil edən ümumi dəyərinin yarısı, yəni 5000 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh verilməli, ilkin və qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən 3 saylı mənzil üzərində ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh pay hüququ müəyyən edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən 3 saylı mənzilə köçürülsün və mənzildən istifadəyə maneə törədilməsi Cavabdeh qadağan edilsin. 20 iyun 2013-cü il tarixli 06/074/AİF saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş aylıq 172,89 manat ödənişin ½ hissəsi İddiaçı, qalan ½ hissəsi isə Cavabdeh aid edilsin. “Hyundai Accent” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı boz metallik, ban nömrəsi: KMHCT5AE2DU087518) avtomobilin 10.000 manat təşkil edən ümumi dəyərinin yarısı, yəni 5000 (beş min) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh verilsin. İlkin və qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Hər iki iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar