Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2573/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərimin 1/4 hissəsi alimentin, həmçinin yetkinlik yaşma çatmayan övladının 3 yaşına çatanadək 100 manat məbləğində pulun, mediasiya prosesi üçün ödədiyi 50 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı və Cavabdeh xx.xx.2021 -ci il tarixdə, 654 nömrəli qeydlə 4 saylı Bakı “ASAN” xidmət mərkəzində nikaha daxil olmuşdurlar. Cavabdehlə birgə nikah münasibətindən xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. 2022-ci ilin oktyabr ayından öz valideynlərilə qalır. Övladı körpə olduğundan onun saxlanılması, geyimi, qidası, səhhətinin müayinə və müalicəsi üçün maddi ehtiyaclarını qarşılamaq onun üçün müəyyən çətinliklər yaratmışdır. Həmçinin bildirir ki, o, özü də hal-hazırda analıq məzuniyyətində olduğundan uşaq üç yaşına çatana qədər işləyə bilməyəcəkdir. Qeyd etmək istəyir ki, cavabdeh rəsmi olaraq "xxxx" MMC-də Şirniyyat üzrə Biznes İnkişaf Departamentində marketinq meneceri vəzifəsində işləyir və yüksək məbləğdə əmək haqqı alır.
Tərəflərin izahatları
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddia tələbini qismən qəbul edirlər. Belə ki, cavabdeh onun maaşından ¼ hissədə aliment tutulmasına razıdır, lakin uşaq 3 yaşına çatanadək əlavə olaraq hər ay 100 manat aliment tutulmasına razı deyildir. İş materialları
5. AZ-İİ seriyalı 430698 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir.
6. AZ-İV seriyalı 829261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
7. Elektron Məhkəmə İnformasiya Sisteminin Çıxarışından görünür ki, Cavabdeh "xxxx" MMC-də marketinq üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqısı 2041.14 manat təşkil edir.
İşin faktiki halları
8. Tərəflərin rəsmi nikaha daxil olması və rəsmi nikahdan bir uşaqlarının olması, hazırda tərəflərin ayrı yaşaması və azyaşlının anasının yanında olması işin faktiki hallarını təşkil edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1.1. Alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
11. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur.
14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdeh tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə Cavabdeh "xxxx" MMC-də marketinq üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqısı 2041.14 manat təşkil edir. Belə olan halda məhkəmə cavabdehin daimi gəlirinin və ya qazancının olmasını, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və uşaq 3 yaşına çatanadək 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin aylıq gəliri azyaşlının 3 yaşına çatanadək 100 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına imkan verir. Belə ki, cavabdeh bu növ alimenti ödəmək üçün zəruri vəsaitə malikdir. Belə olan halda, Ailə Məcəlləsinin 84-cü maddəsinin tələbi baxımından iddia ərizəsi bu hissədə əsaslıdır.
17. Aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri
18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı mediasiya orqanına müraciət edərkən 50 manat məbləğində rüsum ödəmişdir. Buna görə də mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Həmı̇ dov Tural Ayaz oğlundan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçı Həmı̇ dova Könül Rəşı̇ d qızına ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.