Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2614/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 hədd-buluğa çatanadək hər birinin saxlanılması üçün hər ay 193 (yüz doxsan üç), cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşlar. İddiaçı ilə cavabdeh arasındakı nikah məhkəmə qaydasında xx.xx.2020-ci il tarixli qətnamə ilə pozulmuş, son nəticədə uşaqların iddiaçının himayəsində qalmaları qət olunmuşdur. Cavabdeh onunla birgə nikah dövründə inşa etdirdiyi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamağa belə onlara imkan verməmişdir və o, övladları ilə birgə ünvan 2 ünvanında yaşayır. Övladlarının maddi və mənəvi tələbatlarını yalnız özü ödəyir. Cavabdeh uşaqların saxlanılmasında ona maddi köməklik göstərmir. Ona görə də o, cavabdehdən aliment tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmiş və iddia tələbində israrlıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasına uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiasına uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, uşaqlarından ayrı düşdüyü üçün sarsıntı keçirir, ona görə də işləyə bilmir. Maddi imkanı aliment ödəməyə uyğun deyil. O, izahatında göstərdi ki, iddiaçı yenidən evlənib və ona görə də aliment tələb edə bilməz. Uşaqlara baxmağa imkanı yoxdursa, uşaqları ona versin, o özü baxar. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-468/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(041)-72/2020 saylı qətnaməsi ilə İddiaçı ilə X9 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Kürdəmir rayonunun Şilyan kəndi üzrə nümayəndəliyində 11 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X7 və xx.xx.2008-ci il tarixdə doğulmuş X4 analarının yanında saxlanılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-2613/2020 saylı qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 2051/21 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1862/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə doğulmuş X7 və xx.xx.2008-ci il tarixdə doğulmuş X4 anaları X6 yanında saxlanılması hissəsində ləğv edilmiş, İddiaçı ilə onun birgə nikahından olan xx.xx.2006-cı il tarixdə doğulmuş X5 və xx.xx.2008-ci il tarixdə doğulmuş X4 ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-468/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1862/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X9 arasında nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının X1 xx.xx.2022-ci il tarixli MŞB/3-0392 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi (alimentin təyin edilməsi) üzrə xx.xx.2022-ci il tarixində, 10:00-10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Hazırda tərəflər arasında olan nikah pozulmuş və azyaşlı uşaqlar iddiaçının himayəsindədir. İddaçı İddiaçı Cavabdeh azyaşlı övladlarının hədd-buluğa çatanadək hər birinin saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) məbləğində aliment tutulması barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə zamanı müəyyən edilmişdir ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq cavabdehdən övladının saxlanılması üçün sabit pul məbləğdə alimentin qət edilməsini məqsədəmüvafiq hesab edir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi aliment məbləğinin ödənilməsi üçün cavabdeh lazımi maddi imkana malik deyildir. Buna görə də məhkəmə aliment məbləğinin hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat məbləğində təyin olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən övladları X5 və X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2614/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2614/2022
12.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver