Məhkəmə qərarları › İş №2(010)-2642/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2642/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2642/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş 25.11.2016-cı il təvəllüdlü X1 və 09.06.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment və 09.06.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün 150 manat məbləğində aliment tutulub ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə aralarındakı nikahı 16 oktyabr 2014-cü ildə 2 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində 2958 saylı akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan 25.11.2016-cı il təvəllüdlü X3 və 09.06.2020-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk zamanlar mehriban yaşasalar da, sonradan ailə münaisbətləri pozulmuşdur. Belə ki, cavabdeh ailəsi və uşaqları ilə maraqlanmır, maddi tələbatlarının ödənilməsi üçün hər hansı maddi vardım, köməklik etməyə cəhd etmir. Aralarında yaranmış yersiz söz-söhbətlər səbəbindən dəfələrlə faktiki olaraq ayrılsalar da, sonradan uşaqlara görə barışıb bir yerdə yaşamaqda davam etmişlər. Bütün bunlara baxmayaraq cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Hazırda o, faktiki olaraq cavabdehdən ayrılmış, azyaşlı uşaqları ilə birlikdə yaşayır. Hazırkı bazar iqtisadiyyatına, günün tələblərinə uyğun olaraq uşaqların maddi tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini, cavabdeh isə “xxxx” MMC-də işləyərək yüksək gəlir əldə etsə də, ayrıldıqdan sonra uşaqları ilə maraqlanmamış, uşaqların saxlanılmaları və onun xərcləri üçün heç bir maddi yardım etməmişdir. O özü hazırda dərman şirkətində tibbi nümayəndə işlədiyindən və əmək haqqı az olduğundan uşaqların maddi cəhətdən saxlanılmasında və özünün zəruri xərclərinin ödənilməsində çox çətinlik çəkir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Qasımova (İsayeva) Zeynəb İsmayıl qızı 16.10.2014cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2958 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.11.2016-cı il tarixli AZ-İİİ seriyalı 835054 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25.11.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “Asan xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.06.202-ci il tarixli AZ-İV seriyalı 467002 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09.06.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarında olan Asan 2 tərəfindən 07.05.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər-arvadın bir-birini saxlamaq vəzifəsi göstərilmişdir. Həmçinin ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Belə ki, bu məcəllənin 84.2.2-ci maddəsində qeyd edilir ki, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad ərindən aliment almaq hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2021-ci il tarixdən uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 19.04.2021-ci il tarixdən hesablanmaqla 25.11.2016-cı il təvəllüdlü X1 və 09.06.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Cavabdehin zəruri vəsaitə malik olması və gəlirləri barədə sübut təqdim olunmadığını, iddiaçının özünün işləməsini və gəlir əldə etməsini nəzərə alaraq məhkəmə hesab edir 09.06.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının özünün saxlanılması üçün hər ay 150 manatın tutulması hissəsində iddia tələbi təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isəAzərbaycan Respublikasının MPM-nin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun, 500 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 30 (otuz) manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19.04.2021-ci il tarixdən hesablanmaqla 25.11.2016-cı il təvəllüdlü X1 və 09.06.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar