Məhkəmə qərarları › İş №2(010)-2646/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2646/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2646/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh Süleymanova (Vəliyeva) Günəş Salman qızının iştirakları ilə, İddiaçı cavabdeh Süleymanova (Vəliyeva) Günəş Salman qızına qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.12.2011-ci il təvəllüdlü X7 və 29.06.2016-cı il təvəllüdlü X4 məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarını azaldıb, onların hər birinə ayrı-ayrılıqda onun tərəfindən 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin Süleymanova (Vəliyeva) Günəş Salman qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 23.04.2010-cu il tarixdə cavabdeh Süleymanova (Vəliyeva) Günəş Salman qızı ilə faktiki nikaha girərək ailə qurmuş və bu nikahdan 20.12.2011-ci il təvəllüdlü X9 anadan olmuş, 25.12.2014-cü ildə cavabdehlə nikahlarını hüquqi qaydada rəsmləşdirmişlər. Rəsmi hüquqi nikahdan 29.06.2016-cı ildə X8 adında ikinci uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3501/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Süleymanova (Vəliyeva) Günəş Salman qızı arasında 25.12.2014-cü il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2917 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 20.12.2011-ci il təvəllüdlü X9 və 29.06.2016-cı il təvəllüdlü X8 anası Süleymanova (Vəliyeva) Günəş Salman qızının yanında qalmış və İddiaçı 20.12.2011-ci il təvəllüdlü X5 və 29.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 26.08.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Süleymanova (Vəliyeva) Günəş Salman qızına verilməsi qət edilmişdir. Cavabdeh Süleymanova (Vəliyeva) Günəş Salman qızı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, ev 4b yaxınlığında böyük bir otaqda fərdi qaydada «Günəş» gözəllik salonunda saç ustası işləyir. Məhkəmə qətnamə qəbul edənə kimi onun aylıq qazanc və gəliri 300-400 manat təşkil edirdisə, məhkəmə qətnamə qəbul edəndən sonra onun aylıq qazanc və gəliri 1000 manatdan yuxarı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı Klinik Xəstəxanasının xəstənin stasionar tibbi kartoçkasından vermiş olduğu 04.04.2003, 22.04.2003- cü il tarixli tibbi sənədində onun səhəti ilə əlaqədar “Posttrtin ensetalopatiya kəllə daxili hipertenriyası ilə və qıcolma sindromu ilə kəskin astenonevrotik vəziyyət, sol baldır sümüyünün aşağı 1/3 nahiyəsinin düz konsolidə olunmuş sınıq xroniki ağrı sindromu” vardır. Həmin xəstəliklə əlaqədar onda 1998-ci ildən baş ağrıları, baş gicəllənmələri, ürək bulanması, yüksək əsəbilik, yuxusuzluq, gecə vahimələri, səbəbsiz qorxu, soyuq tərbasma halları baş verir. Buna görə o, 2004-cü ildə hərbi xidmətə yararsız olduğuna görə hərbi xidmətdən azad olunmuşdur və 2004-cü ildən, yəni orta məktəbi bitirəndən sonra heç bir yerdə işləyə bilmir. 6 aydan bir müalicə alır, atası X1 və anası X2 himayəsindədir. Məhkəmə qətnamə qəbul etdikdən sonra da o, həmin xəstəlikləri ilə əlaqədar heç bir yerdə işləyə bilmir, uşaq yaşlarında sınmış sol ayağı ilə əlaqədar hazırda damar genişlənməsi əmələ gəlmiş, o, nəinki işləmək, hətta gün ərzində 2-3 saatdan çox yeriyə bilmir. Cavabdehə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti valideynlərinin maddi köməkliyi ilə edir, lakin onlarında elə böyük maddi imkanı yoxdur və onlar hazırda həm ona həm də uşaqlara maddi köməklik göstərilməsindən imtina edirlər. İcra orqanı isə alimenti verə bilmədiyinə görə onu inzibati və cinayət məsuliyyətinə cəlb edilməklə əlaqədar tədbirlər görəçəklərini bildirdilər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Süleymanova (Vəliyeva) Günəş Salman qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə nikaha daxil olmuş və birgə nikahdan 20.12.2011-ci il təvəllüdlü X9 və 29.06.2016-cı il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3501/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi gündən 20.12.2011-ci il təvəllüdlü X5 və 29.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. O iki azyaşlı övladını tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Karantinlə bağlı olaraq uzun müddətdir ki, salonlar da işləmir və onun maddi cəhətdən gəliri yoxdur. 10 ildən çoxdur ki, iddiaçının özünə məxsus ferma vardır və həmin fermada o mal-qara saxlayır. O hər gün süd və qatıq, pendir satışı ilə məşğul olur. O heç yerdə işləməməsini iddia etsə də, mal-qara saxlanılmasından xeyli miqdarda gəlir əldə edir. Onun gəliri hər ay üçün 340 manat aliment ödənilməsinə imkan verir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3501/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Süleymanova (Vəliyeva) Günəş Salman qızı arasında 25.12.2014-cü il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2917 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 20.12.2011-ci il təvəllüdlü X9 və 29.06.2016-cı il təvəllüdlü X8 anası Süleymanova (Vəliyeva) Günəş Salman qızının yanında qalmış və İddiaçı 20.12.2011-ci il təvəllüdlü X5 və 29.06.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 26.08.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Süleymanova (Vəliyeva) Günəş Salman qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.08.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X9 20.12.2011-ci ildə doğulmuşdur və atası İddiaçı və anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.07.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 29.06.2016-cı ildə doğulmuşdur və atası İddiaçı və anası Süleymanova (Vəliyeva) Günəş Salman qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşaqların əvvəlki təminatını saxlamalı və onların mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Süleymanova (Vəliyeva) Günəş Salman qızına qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi təmin oluna bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Süleymanova (Vəliyeva) Günəş Salman qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar