Məhkəmə qərarları › İş №2(010)-2670/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2670/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2670/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı Kurbanova Arı̇ anna Askerovnanın iştirakı ilə, iddiaçı Kurbanova Arı̇ anna Askerovnanın cavabdeh Nağıyev Raqı̇ f Aqif oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı nikah evi tərəfindən 09 iyul 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 681326 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nağıyev Raqı̇ f Aqif oğlu ilə Kurbanova Arı̇ anna Askerovna arasında 09 iyul 2011-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 iyul 2011-ci il tarixdə 1348 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada Kurbanova soyadı verilmişdir.

2. 18 iyul 2012-ci il tarixdə verilmiş S seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 09 iyul 2012-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 iyul 2012-ci il tarixdə 1072 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Nağıyev Raqı̇ f Aqif oğlu, ana qrafasında Kurbanova Arı̇ anna Askerovna qeyd olunmuşdur.

3. 09 iyul 2020-ci il tarixdə verilmiş S seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 09 iyun 2020-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 iyul 2020-ci il tarixdə 4 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Nağıyev Raqı̇ f Aqif oğlu, ana qrafasında Kurbanova Arı̇ anna Askerovna qeyd olunmuşdur.

4. Bakı 9 saylı Mediasiya təşkilatının 17.04.202-cü il tarixli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış”ından görünür ki, Nağıyev Raqı̇ f Aqif oğlu mediasiya prosesində iştirak etməmişdir.

İşin faktiki halları

5. Kurbanova Arı̇ anna Askerovna ilə Nağıyev Raqı̇ f Aqif oğlu arasında 09 iyul 2011-ci il tarixdə nikahın bağlanması, tərəflərin birgə nikahlarından 09 iyul 2012-ci il təvəllüdlü X1 və 09 iyun 2020-ci il təvəllüdlü X2 doğulması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı Kurbanova Arı̇ anna Askerovna cavabdeh Nağıyev Raqı̇ f Aqif oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 iyul 2012-cü il təvəllüdlü X3 və 09 iyun 2020-ci təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 235,00 manat sabit pul məbləğində alimentin tutulması və Bakı 9 saylı Mediasiya Təşkilatının cari bank hesabına ödənilmiş 50,00 manat mediasiya xərcinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı Kurbanova Arı̇ anna Askerovna ərizə təqdim edərək, Cavabdeh 09 iyul 2012-cü il təvəllüdlü X3 və 09 iyun 2020-ci təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 235,00 manat, cəmi isə 470 manat məbləğində sabit pul məbləğində alimentin tutulması və Bakı 9 saylı Mediasiya Təşkilatının cari bank hesabına ödənilmiş 50,00 manat mediasiya xərcinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdeh Nağıyev Raqı̇ f Aqif oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. Məhkəmə prosesində Kurbanova Arı̇ anna Askerovna iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh onlara baxmır, köməklik etmir, bir neçə ildir ki, onlarla yaşamır. Əvvəllər atası köməklik edirdi, ancaq indi onun da vəziyyəti yaxşı deyil. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Hazırda rəsmi nikahdadırlar, boşanmamışlar. Cavabdeh əvvəl şirkətdə broker kimi işləyirdi, indi isə harada işlədiyini bilmir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

Maddə 6 Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

19. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər nikahda olsalar da, hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahlarından 09 iyul 2012-ci il təvəllüdlü X3 və 09 iyun 2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşadıqlarına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, tərəflər nikahda olsalar da, faktiki olaraq ayrı yaşayırlar və ayrı yaşamaqlarına baxmayaraq uşaqları saxlamaq üçün aliment ödəmək cavabdehin vəzifəsidir.

20. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 23 aprel 2024-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

25. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 470x12=5640 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 76,40 manat təşkil edir.

26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya orqanına iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 50 manat məbləğində pul ödənilmişdir.

27. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan 26,40 manat hissəsi isə Azərbaycan Respublikasının Dövlət Büdcəsinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Nağıyev Raqı̇ f Aqif oğlundan 09 iyul 2012-ci il təvəllüdlü X3 və 09 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Kurbanova Arı̇ anna Askerovnana ödənilməlidir.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. Nağıyev Raqı̇ f Aqif oğlundan 09 iyul 2012-ci il təvəllüdlü X3 və 09 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Kurbanova Arı̇ anna Askerovnaya ödənilsin. Alimentin tutulması müddəti 23 aprel 2024-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh Nağıyev Raqı̇ f Aqif oğlundan iddiaçı Kurbanova Arı̇ anna Askerovnanın xeyrinə tutulsun. Cavabdeh Nağıyev Raqı̇ f Aqif oğlundan 26,40 (iyirmi altı manat qırx qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar