Məhkəmə qərarları › İş №2(010)-2714/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2714/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2714/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları - xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-505/2020 saylı qətnaməsi ilə tutulan aliment miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 660 manat alimentin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçının ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbinin dəlilləri

2. O, İddiaçı Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(057)-505/2020 saylı qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşağa hər ay 100 manat olmaqla, cəmi 300 manat aliment təyin edilmişdir. Lakin öz razılığı əsasında Suraxanı Rayon İcra və probasiya şöbəsində işin icraatına xitam verilmişdir. Qeyd edir ki, o, hazırda uşaqları ilə ata evində yaşayır, onun və uşaqlarının bütün ehtiyaclarını onlar qarşılayırlar. Cavabdeh nə onunla, nə də uşaqları ilə maraqlanmır.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı Balaş qızı iddia tələbini müdafiə edərək bildirdi ki, Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və hər uşağa görə 100 manat aliment təyin edilmişdir. Hazırda həmin qətnamə qüvvədədir. Lakin təyin edilən aliment uşaqları saxlamaq üçün kifayət etmir. Uşaqlarının maddi tələbatlarını tək başına qarşılaya bilmir. Ona görə də, aliment məbləğinin artırılmasını xahiş edir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları

5. Salyan Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(057)-505/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə Ağayeva Aynur Babaş qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları Ağayeva Aynur Babaş qızının yanında qalmaları və yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat alimentin Cavabdeh tutularaq Ağayeva Aynur Babaş qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsi əsasında Suraxanı rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Suraxanı rayon icra şöbəsinin 12 mart 2021-ci il tarixli qərarı ilə icra sənədi Salyan Rayon Məhkəməsinə geri qaytarılmışdır. Səbəb kimi iş üzrə tələbkar Ağayeva Aynur Babaş qızının qarşı tərəflə razılıq əldə etməsi barədə müraciəti göstərilmişdir.

6. xx.xx.2023-cü il tarixli, Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, üç uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşaqların anasının yanında qalması və məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı alimentin tutulması barədə icra vərəqinin icraatına xitam verildiyini bildirsə də, əslində icra vərəqinə xitam verilməmiş, məhkəməyə geri qaytarılmışdır. Başqa sözlə, cavabdehdən aliment tutulması barədə qətnamə üzrə verilmiş icra vərəqəsi xitam edilməmiş sayılır. Bu hal müəyyən ediləndən sonra, iddiaçı tələbinə dəqiqləşmə verməklə məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının artırılmasını xahiş etmişdir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf iddia tələbinə etiraz və ya mülahizə təqdim etməmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.

13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı alimentin artırlması tələbini irəli sürməkdə, prosessual qanunvericiliyin tələbləri baxımından haqlıdır. Belə ki, qeyd edildiyi kimi, Salyan Rayon Məhkəməsinin cavabdehdən alimentin tutulması barədə 02 sentyabr 2020-ci il tarixli qətnaməsinin icra vərəqəsinə xitam verilməmişdir. Məhkəmə hesab edir ki, icra icraatına xitam verilməməsi, icraatın geri qaytarılması halı iddiaçıya əvvəl məlum olmamışdir. Bu hal əvvəlki iş üzrə icra işi tələb edildikdən sonra məlum olmuşdur.

15. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat həddində müəyyən edilməsi hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayanların mənafelərinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayanlar anaları – iddiaçının himayəsindədirlər və 02 sentyabr 2020-ci il tarixli qətnamə ilə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli və xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2005-ci il təvəllüdlü X1 üçün tutulan aliment miqdarının dəyişdirilərək 220 manat həddində müəyyən edilməsi hissəsində əsaslı deyildir. Belə ki, iş materiallarından göründüyü kimi, X6 xx.xx.2005-ci il doğum tarixlidir və cari ayın 27-də onun 18 yaşı tamam olur. Mülki Prosessual Məcəllənin 234-cü maddəsindən aydın olur ki, alimentin artırılması barədə iddia tələbləri qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Qətnamə, şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yəni, hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini alacağı zaman X6 artıq yetkinlik yaşına çatacağından məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissədə təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

17. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(010)-505/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 23 yanvar 2010-cu il təvəllüdlü X2 və 27 yanvar 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan aliment miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi hər ay 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin. İddia tələbi tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aliment tutulması hissəsində təmin edilməsin. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar