Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2735/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi , İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeha qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeha qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 490 manat sığorta ödənişi məbləğinin, 1500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2020 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında 19.09.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz ML350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 24.01.2020-ci il tarixdə “Mercedes Benz ML350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Ələt-Astara yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz e230” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 490 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. BDYPİ-nin YPXA-nın 10-cu tağımının "xxxx" ASC-yə təqdim etdiyi 28.01.2020-ci il tarixli, 04/3782 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09.10.2020-ci il tarixli, 04/3782 saylı məktubunda qeyd olunur ki, Cavabdeha Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 30.06.2020 – 30.12.2020-ci il tarixədək yaşamaq üçün icazə verilmişdir. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan südçülük sovxozu, Vaqif küçəsi, 2-ci döngə, ev 19 ünvanında qeydiyyata alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş Cavabdeha məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Mercedes Benz ML350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili Çin Xalq Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda, qeyd olunanlara əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz ML 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək növbəti məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeha məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 09.10.2020-ci il tarixli, 04/3782 nömrəli məktubdan görünür ki, Çin Xalq Respublikası vətəndaşı, 16.09.1962-ci il təvəllüdlü Cavabdeha Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün etibarlılıq müddətləri “27.12.2019-27.03.2020”, “28.03.2020-28.06.2020”, “29.06.2020-29.09.2020”, “30.06.2020-30.12.2020” olan icazələr verilmişdir. Əcnəbi hal-hazırda Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozu, Vaqif küçəsi, 2-ci döngə, ev 19 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 10.02.2020-ci il tarixli, 001834 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 20-01101/02/AA-666-20 saylı sığorta aktına əsasən PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə 490 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeha ünvanlanmış 08.10.2020-ci il tarixli “geri tələb (subroqasiya) məktubu”nun təsdiq edilmiş surətindən görünür ki, ASC tərəfindən Cavabdehdan 490 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin, cəmi 990 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmiş, müvafiq məbləğ ödənilməzsə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 07.02.2020-ci il tarixli sığorta aktından görünür ki, 24.01.2020-ci il tarixdə Cavabdehin idarə etdiyi “Mercedes Benz ML350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş sığorta hadisəsinə görə X1 "xxxx" ASCnin Əhmədli filialından 490 manat məbləğində sığorta ödənişi edilmişdir. 28.01.2020-ci il tarixdə tərtib edilmiş “X1 məxsus “Mercedes Benz E230” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablama cədvəli”ndən görünür ki, avtomobilə bir ədəd sol yan güzgü 60 manat, bir ədəd ön sol qapı 120 manat, bir ədəd ön sol qanad 20 manat, dəmirçi üçün 70 manat, rəngsaz üçün 200 manat, armatur işi üçün 20 manat olmaqla, cəmi 490 manat məbləğində ziyan dəymişdir. “İcbari sığorta müqavilələrinə dair məlumat” sistemindən çıxarışdan görünür ki, “Mercedes Benz ML 350” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən bir illik sığorta təminatı ilə 18.10.2020-ci il tarixli müqaviləyə əsasən sığortalanmışdır. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.09.2021-ci il tarixli, 9/5795 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 1996-cı il buraxılışlı, mühərrik tutumu 2300 sm3 olan “Mercedes Benz E230” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti 200 manat, təmir-bərpa işlərinin qiyməti 290 manat olmaqla, cəmi 490 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh 24.01.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz ML350” minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Ələt-Astara yolunda yol hərəkəti qaydalarını pozmuş və X2 idarə etdiyi onun arvadı X1 məxsus “Mercedes Benz E230” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, avtomobil zədələnmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Cavabdehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmiş, barəsində müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdehin təqsiri artıq müəyyən edilmişdir. Eyni zamanda, zərərçəkmiş avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 490 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 490 manat məbləğində sığorta ödənişinin və 1500 manat işlərin görülməsi xərcinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı işdən görünür ki, Cavabdeh avtomobilin sahibi olsa da onun Azərbaycan Respublikası ərazisində avtomobil idarə etməyə ona icazə verən sənədi olmamışdır. Belə ki, Cavabdehin Çin Xalq Respublikası vətəndaşı kimi sürücülük vəsiqəsi olsa da o, bu vəsiqəni dəyişdirməmişdir. Halbuki, o, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış xarici vətəndaşdır və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Göründüyü kimi Cavabdeh Azərbaycan Respublikası ərazisində avtomobil idarə etməyə səlahiyyəti olmadan avtomobil idarə etmiş və yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Belə olan halda baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkmiş avtomobilin sahibinə sığorta ödənişi edən sığortaçı "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Lakin hazırkı işdən görünür ki, iddiaçı "xxxx" ASC cavabdehdən yalnız müvafiq sığorta ödənişi məbləğini (490 manat) yox, həm də “işlərin görülməsi xərci” adı ilə 1500 manat məbləğində pul tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə tələb edilə bilməz. Belə ki, ümumiyyətlə, nə iddia ərizəsindən, nə iş materiallarından müəyyən edilmir ki, qeyd edilən “işlər xərci” dedikdə nə nəzərdə tutulur, hansı işlərə görə çəkilmiş hansı xərclərdən bəhs edilir. İş materiallarından yalnız sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş avtomobil sahibinə baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkmiş avtomobilini təmir etdirmək üçün 490 manat məbləğində sığorta ödənişi edildiyi görünür. Həmçinin, bu xərclərin hansı hissəsinin dəyişilməli hissənin qiyməti, hansı hissənin təmirbərpa işlərinin qiyməti olduğu da müvafiq cədvəl tərtib edilərək göstərilmiş, iş üzrə verilmiş ekspert rəyində də eyni işlərə görə eyni qiymətləndirmə aparılmışdır. Bundan fərqli olaraq, iddiaçı tərəfindən tələb edilən “işlərin görülməsi xərci” ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, ümumiyyətlə, bu “işlər”in nə olduğu belə izah edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış “geriyə tələb (subroqasiya) məktubu”nun surətindən görünür ki, cavabdehdən “işlər xərci” adı altında 1500 manat yox, 500 manat məbləğində pul tələb edilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehdan 490 (dörd yüz doxsan) manat məbləğində sığorta ödənişi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul da cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqana ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehdan 490 (dörd yüz doxsan) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Cavabdehdan tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2735/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2735/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver