Məhkəmə qərarları › İş №2(010)-2794/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2794/2025

11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2794/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İddiaçı Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı azaldaraq xx.xx.2021-ci il il təvəllüdlü X4, xx.xx.2021-ci il il təvəllüdlü X5 və xx.xx.2021-ci il il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat aliment ondan tutularaq Cavabdeh verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan Cavabdeh xeyrinə xx.xx.2021-ci il il təvəllüdlü X4, xx.xx.2021-ci il il təvəllüdlü X5 və xx.xx.2021-ci il il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək ondan hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması qet edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o hal-hazırda rəsmi işləyir və əmək haqqım cəmi 400 manat təşkil edir. Bundan əlavə gəliri yoxdur. Mövcud vəziyyətdə ondan hər uşaq üçün 235 manat alimentin tutulması onun maddi və ailə vəziyyətimə uyğun deyil. Demək olar ki, hazırda özünün əlavə yardıma ehtiyacı var. Qeyd olunan halı, habələ uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və uşağın saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq hesab edir ki, alimentin miqdarı hər uşaq üçün aylıq 100 manat müəyyən olunmalıdır.

Tərəflərin izahatları

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək bildirdi ki, iddaçı 400 manat məbləğində maaş alır və aldığı bütün pulu alimentə ödəyir. Odur ki iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının uşaqların hüquqlarını pozduğunu bildirdi. Hal-hazırda aptekdə işləyir və 500 manat məbləğində maaş alır. Həmçinin iddiaçının atasının adına evi olduğunu və həmin evdən kirayə haqqı aldığını bildirdi. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İş materialları

6. Mediasiya Şurası Bakı 9 saylı X3 Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh İMS-də iştirak edən tərəflərdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3422/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 235 manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmuşdur.

İşin faktiki halları

8. Tərəflər arasında rəsmi nikahın olması, həmin nikahdan üç uşaqlarının doğulması, eyni zamanda tərəflər arasında bağlanmış nikahın pozulması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3422/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün qeyd olunan miqdarda aliment təyin edilməsi işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, ondan yetkinlik yaşına çatmayan övladlarının saxlanılmasına görə tutulan alimentin miqdarı azaldılmalıdır və iddiaçı öz tələbini onunla əsaslandırır ki, aldığı əmək haqqının məbləği buna kifayət etmir. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın uşaqların mənafelərinə uyğun olmadığını bildirir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

“8.4-3.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”;

Məhkəmənin mövqeyi

15. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

16. Belə ki, İddiaçı aylıq əmək haqqısının cəmi 400 manat olmasını bildirərək xx.xx.2021-ci il il təvəllüdlü X4, xx.xx.2021-ci il il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay təyin olunmuş aliment miqdarının azaldılaraq hər ay hər uşağa 100 manat məbləğində təyin edilməsini xahiş etsə də, lakin tələbini Ailə Məcəlləsinin yuxarıda istinad olunan normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər. İddiaçı aylıq əmək haqqısının cəmi 400 manat olması onun övladıları - xx.xx.2021-ci il il təvəllüdlü X4, xx.xx.2021-ci il il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment miqdarının azaldılması üçün əsas ola bilməz. Ona görə də, məhkəmə iddia tələbini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi baxımından əsaslı hesab edə bilməz.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 32 manat dövlət rüsumu iddiaşının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 32 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 32 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar