Məhkəmə qərarları › İş №2(010)-2884/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2884/2023

31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2884/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi və Xəzər rayon Məhkəməsinin 2(003)-1225/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ondan hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində tutulmalı olan aliment öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı daha sonra iddia ərizəsinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün ondan tutulan aliment öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı iddia tələbini müdafiə edərək məhkəmə iclasında bildirmişdir ki, o, Cavabdeh ilə 18 mart 2008-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X10 adlı iki övladı anadan olmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-461/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 187 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X11 boşanmadan sonra cavabdehin, xx.xx.2010-cu il təvəllüdlü X4 isə onun yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Cavabdeh Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət edərək birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 193 manat sabit pul məbləğindən alimentin tutularaq Cavabdeh ödənilməsi barədə müraciət etmiş və Xəzər rayon Məhkəməsinin 2(003)-1225/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Belə ki, Sadıqov X8 Respublikası Cinayət Məcəlləsini 204.1-ci maddəsi ilə Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 1(032)-10/2023 saylı hökmü ilə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin hökmdən cavabdeh apellyasiya şikayəti vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-169/2023 saylı xx.xx.2023-cü tarixli Qərarı ilə şikayət təmin edilməmişdir. Hazırda xx.xx.2008-ci il təvəllüdlü X11 cavabdehin himayəsində olduğu üçün ondan hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin cavabdeh halhazırda digər övladına aliment ödəmir, ona görə də o da aliment öhdəliyindən azad olunmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı ilə 18 mart 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-461/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı arasında 18 mart 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 187 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 atası Cavabdeh yanında, xx.xx.2010-cu il təvəllüdlü X4 anası Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının yanında qalması, Cavabdeh iddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının xeyrinə, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda X9 onun himayəsindədir. Lakin Hacıyeva (Sadıqova) X2 üçün ona maddi köməklik göstərmir və onunla heç maraqlanmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası Hacıyeva (Sadıqova) Səbinə Sabir qızıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının nikahları Xəzər Rayon Məhkəməsinin 2(003)-461/2021 saylı qətnaməsi əsasında pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, (tərəflər) xx.xx.2023-cü tarixində saat 14:00 radələrində keçirilnən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməşlər. Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 1(032)-10/2023 saylı hökmündən məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 1(032)-10/2023 saylı hökmü, həmin hökmdən Cavabdeh müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1225/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Hacıyeva (Sadıqova) Səbinə Sabir qızından iddiaçı Cavabdeh xeyrinə, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 fevral 2022-ci il tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-461/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı arasında 18 mart 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 187 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 atası Cavabdeh yanında, xx.xx.2010-cu il təvəllüdlü X10 anası Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının yanında qalması və Cavabdeh iddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının xeyrinə, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2023-cü arayışdan görünür ki, Hacıyeva (Sadıqova) Səbinə Sabir qızı həqiqətən xx.xx.2018-ci il tarixdən hal-hazırkı vaxta qədər Baytarlıq Elmi-Tədqiqat İnstitutunda baytarlıq klinikası və heyvanların infeksion xəstəlikləri şöbəsində böyük laborant vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh icraat dövründə İddiaçı xeyrinə 690 manat ödəniş etmiş, həmçinin tərəflərin şöbəyə ünvanladığı borcun əvəzləşdirilməsi ərizəsi (2022-ci ilin dekabr ayı üçün) nəzərə alınaraq Cavabdeh Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə aliment borcunun hazırda 2990 manat təşkil etməsi, İddiaçı isə həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1351 manat aliment borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunvericiliyin birmənalı və imperativ qaydada müəyyən etmişdir ki, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliklə isə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 18 mart 2008-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X10 adlı iki övladları anadan olmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-461/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 187 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X11 boşanmadan sonra cavabdehin, xx.xx.2010-cu il təvəllüdlü X4 isə onun yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Cavabdeh Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət edərək birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi təmin olunaraq yetkinlik yaşına çatmayan azyaşlı uşağın saxlanılması üçün Hacıyeva (Sadıqova) Səbinə Sabir qızından hər ay 193 manat aliment tutulmuşdur. Hazırda iddiaçı cavabdeh şəxsin ona aliment ödəmədiyini əsas gətirərək aliment ödəməkdən azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən verilmiş məktubdan müəyyən olunmuşdur ki, Cavabdeh icraat dövründə İddiaçı xeyrinə 690 manat ödəniş etmiş, həmçinin tərəflərin şöbəyə ünvanladığı borcun əvəzləşdirilməsi ərizəsi (2022-ci ilin dekabr ayı üçün) nəzərə alınaraq Cavabdeh Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə aliment borcunun hazırda 2990 manat təşkil etməsi, İddiaçı isə həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1351 manat aliment borcunun olması müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin tərəflər uşağın əvvəlki təminat səviyyəsini saxlamalı və əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, aliment azyaşlı uşağın maddi cəhətdən təmin olunması məqsədilə tutulduğundan, iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim olunmadığından iddiaçının bir uşağın saxlanılması barədə aliment öhdəliyindən azad olunması barədə iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Hacıyeva (Sadıqova) Səbinə Sabir qızının Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunma” tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar