Məhkəmə qərarları › İş №e-2(007)-477/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-477/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-477/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “uşağın ananın yanında qalması”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında qalması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan anadan olmuş 18 sentyabr 2019-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra onun yanında saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 oktyabr 2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahdan 18 sentyabr 2019-cu ildə bir uşaqları X2 anadan olmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtlar mehriban yaşasalar da sonradan münasibətləri tamamilə korlanmışdır. Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-550/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında qeyd edilmiş 3588 tarixli, saylı nikah pozulmuşdur. Lakin məhkəmənin həmin qətnaməsi ilə nikah pozulduqdan sonra uşağın hansı valideynin yanında saxlanılması müəyyən və qət edilməmişdir. Cavabdehlə faktiki ayrılan və sonradan məhkəmə qaydasında nikahları pozulan zamandan uşaq onun yanında və himayəsində qalmışdır. Bütün bunlar aliment və alimentin artırılması barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnamələri ilə öz təsdiqini tapır. Hazırda uşaq onun yanında olmasına, keçən müddətdə cavabdeh hərəkətləri ilə uşağın onun yanında olmasını etiraf etməsinə və uşağın hansı valideynin yanında saxlanılmasını mübahisələndirməməsinə baxmayaraq nikahın pozulması haqqında məhkəmə qətnaməsində nikah pozulduqdan sonra uşağın hansı valideynin yanında, yəni onun yanında saxlanılması qət edilmədiyindən uşağın və öz hüquqlarının həyata keçirilməsində çox çətinliklərlə üzləşir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmənin əvvəlki iclasında cavabdehlə telefon ilə əlaqə saxlanılmış və iddia tələbinə etiraz etmədiyini bildirmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 oktyabr 2024-cü il tarixli, MŞB/1/2024-00448 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir.

9. AZ-İV seriyalı 367658 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 18 sentyabr 2019-cu il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(5007)-550/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 06 oktyabr 2018-ci il tarixdə bağlanmış və 3588 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

11. 19.10.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(5007)-550/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 06 oktyabr 2018-ci il tarixdə bağlanmış və 3588 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Lakin qətnamə qəbul olunan zaman 18 sentyabr 2019-cu il təvəllüdlü X1 valideynlərdən hansının yanında qalması müəyyən edilməmişdir. Hazırda iddiaçı 18 sentyabr 2019-cu il təvəllüdlü X1 onun yanında qalmasını xahiş edir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

22.1-ci və 22.2-ci maddələrinə görə nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:

7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(5007)-550/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 06 oktyabr 2018-ci il tarixdə bağlanmış və 3588 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Lakin tərəflər arasında bağlanmış nikah pozularkən onların birgə nikahından doğulmuş 18 sentyabr 2019-cu il təvəllüdlü X1 valideynlərdən kimin yanında qalması məsələsi həll edilməmişdir. 18 sentyabr 2019-cu il təvəllüdlü X2 faktiki olaraq anasının yanında qalır.

17. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 18 sentyabr 2019cu il təvəllüdlü X1 anasının yanında qalması məqsədəmüvafiqdir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 18 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalmalıdır.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 18 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar