Məhkəmə qərarları › İş №2(010)-2926/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2926/2023

07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2926/2023 07.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 08 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 05 fevral 2008-ci il tarixdə X3 və 08 noyabr 2012- ci il tarixdə isə X4 adlı uşaqları anadan olub. Cavabdeh hal-hazırda uşaqlarına heç bir maddi yardım göstərmir. Hazırkı ərizəni verməkdə məqsədi uşaqları yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən aliment almaqdan ibarətdir. Cavabdeh "xxxx" ASC-də işləyir və yüksək əmək haqqı alır.

İddiaçının tələbi.

2. Cavabdeh mediasiya arayışı almaq üçün Bakı 16 saylı Mediasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunun ona geri qaytarılması, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün cavabdehin qazancının 1/3 hissəsi miqdarında və hər uşağa görə 250 manat sabit pul məbləğində aliment və həmçinin mediasiyaya ödənilən 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İş materialları.

6. AZ-İ seriyalı 271113 nömrəli nikah haqqında şəhadətnamənin notarial qadada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Mehdiyeva” soyadı verilmişdir.

7. AZ-İİ seriyalı 070294 nömrəli doğum haqqında şəhadətnamənin notarial qadada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

8. AZ-İİİ seriyalı 004250 nömrəli doğum haqqında şəhadətnamənin notarial qadada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC-nin 7 saylı şöbəsində əməliyyatçı kassir vəzifəsində işləyir və aylıq əmək haqqı 720 manat təşkil edir.

İşin faktiki halları.

10. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, tərəflərin rəsmi nikahından iki uşaqları var. Nikah pozulmamışdır, lakin dekabr ayından etibarən ayrı yaşayırlar. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anası İddiaçı yanında yaşayır.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. və 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13. “Uşaq hüquqları haqqında” Qanun

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

15. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyası. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Maddə 3.1. “Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”.

16. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi.

19. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

20. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur və uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

21. Məhkəmənin sorğusuna verilən cavabdan müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-də işləyir və əmək haqqı 720 manat təşkil edir.

22. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər”... “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.”

24. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq və uşağın maraqlarını üstün tutaraq hesab edir ki, cavabdehdən sabit pul şəklində tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müəyyən edilməli, həmçinin cavabdeh işlədiyi üçün onun aylıq qazancının 1/3 hissəsi də tutularaq uşaqların saxlanması üçün iddiaçıya verilməlidir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində və cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

25. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin göstərilən qaydada təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi.

26. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 50 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul ödəmişdir.

27. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır.

28. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, alimentin tutulma vaxtı xx.xx.2023-cü ildən hesablanmalıdır.

29. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməlidir.

30. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

33. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

35. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın isə qiymətini müəyyən etmək mümkün olmadığından, qiymətləndirilməyən iddialara görə olan məbləğin yarısı, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməli; həmçinin cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməli, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə 50 (əlli) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar