Məhkəmə qərarları › İş №2(010)-2955/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2955/2024

12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2955/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4539/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2019-cu il tarixli, 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2436 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.

2. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 12 iyun 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 049503 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 31 iyul 2014-cü ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 avqust 2014-cü il tarixdə 1216 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

3. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 668984 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 02 dekabr 2015-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 dekabr 2015-ci il tarixdə 8265 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

4. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir.

İşin faktiki halları

5. İddiaçı ilə Cavabdeh arasında nikahın bağlanması, tərəflərin birgə nikahlarından 31 iyul 2014-cü il təvəllüdlü X1 və 02 dekabr 2015-ci il təvəllüdlü X2 doğulması və xx.xx.2023-cü il tarixli qətnamə ilə nikahlarının pozulması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31 iyul 2014-cü il təvəllüdlü X1 və 02 dekabr 2015-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları

7. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onların arasında heç bir konflikt yoxdur, münasibətləri yaxşıdır. Hazırda cavabdeh özü uşaqların saxlanılması üçün ona köməklik edir. Onlar öz aralarında razılaşmışlar və cavabdeh hər uşaq üçün 100 manat olmaqla 200 manat məbləğində aliment verir. O, bu məbləğin rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddia tələbini qəbul edir və hər ay 200 manat aliment ödəməyə hazırdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

11. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

Maddə 6 Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

17. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 31 iyul 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, məhkəmə iclasında izahat verən cavabdeh iddia tələbini qəbul edərək, hər ay ümumilikdə 200 manat alimentin ödənilməsinə razı olduğunu bildirmişdir.

18. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

23. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 200x12=2400 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 44 manat təşkil edir.

24. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya orqanına iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 50 manat məbləğində pul ödənilmişdir.

25. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 31 iyul 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. Cavabdeh 31 iyul 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçıya ödənilsin. Alimentin tutulması müddəti 14 may 2024-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar