Məhkəmə qərarları › İş №2(010)-2959/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2959/2023

28.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2959/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat sabit məbləğində aliment və mediasiya üçün ödədiyi 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh ilə 2014-cü il tarixində nikahlarını rəsmiləşdirmişdirlər. Birgə nikah dövründə 2 uşaqları anadan olmuşdur. Hal-hazırda cavabdehdən ayrı yaşayır və uşaqlar onun himayəsindədir. Cavabdeh övladları ilə maraqlanmır, onların heç bir tələbatını ödəmir. Bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, artıq uzun müddətdir ki, cavabdeh uşaqların maddi tələbatını ödəməmiş və təlimtərbiyəsi ilə məşğul olmamışdır. Bütün öhdəliklər onun üzərinə düşmüşdür.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

5. AZ-İ 988024 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Əkbərov, arvada Bəhlulova soyadı verilmişdir.

6. AZ-İİİ 586810 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

7. AZ-T 200884 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

İşin faktiki halları

8. Tərəflərin rəsmi nikaha daxil olması və bu nikahdan iki uşaqlarının olması, həmin uşaqların hazırda ananın yanında qalmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı cavabdehin övladlarını saxlamaq üçün heç bir maddi yardım göstərməməsi və özünün təkbaşına övladlarının maddi və digər tələbatlarını çatdırmaq üçün kifayət qədər maddi imkana malik olmamasına istinad edərək övladlarının saxlanması üçün iddia tələbində qeyd olunan məbləğdə aliment təyin edilməsini xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

11. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı

Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

15. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övladları anadan olmuşdur. Hazırda tərəflər arasında olan nikah pozulmamışdır. İddiaçı tərəfin izahatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı və övladlarından ayrı yaşayır. Hazırki iddia tələbində iddiaçı cavabdehdən övladlarının saxlanması üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş və idia tələbinə münasibətini bildirməmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

18. Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

19. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı mediasiya orqanına müraciət edərkən 50 manat məbləğində rüsum ödəmişdir. Buna görə də mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Elçı̇ n qızına ödənilsin. Cavabdeh 50 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Elçı̇ n qızına verilsin. Qətnamə ailmentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar