Məhkəmə qərarları › İş №2(010)-3038/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3038/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3038/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Süleimanova Nuridənin, onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə iddiaçı Süleimanova Nuridənin cavabdeh Süleimanov Əliyə qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Süleimanova Nuridə cavabdeh Süleimanov Əliyə qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyun 2006-cı il təvəllüdlü X2 ali təhsil alması üçün ödənilən təhsil haqqının ½ hissəsi yəni, 850 manat, 10 oktyabr 2007-ci il təvəllüdlü X7 və 04 noyabr 2009-cu il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər uşağa 250 (iki yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, cavabdehlə 8 dekabr 2010-cü ildə rəsmi nikaha girib ailə qurmuşdur. Nikah DXİA Marneuli Mülki Reyest Xidmətində **********2 saylı qeydlə rəsmiləşdirilmişdir. Birgə nikahdan 25 iyun 2006-cı il təvəllüdlü X5, 10 oktyabr 2007-ci il təvəllüdlü X7 və 04 noyabr 2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Əvvəllər münasibətləri normal olsa da artıq uzun müddətdir ki, cavabdehlə aralarında narazılıqlar yaranıb. Səbəb isə uşaqlarına ailəsinə olan laqeyd münasibətdir. Hazırda övladları onunla bərabər yaşayır. Bir ana kimi onların bütün qayğıları, tələbatları onun tərəfimdən ödənilir. Cavabdeh övladlarının maddi vəziyyəti ilə maraqlanmır və bizə heç bir yardım göstərmir. Uşaqları ilə bərabər kirayədə yaşayır. X9 Slavyan Universtitetinin fransız dili fakültəsinin birinci kürs tələbəsidir. Qızı ödənişli əsaslarla təhsil alır və 1700 manat təhsil haqqı ödənilir. Borc edərək təhsil haqqın ödəmişdir. Uşaqlar böyüyür, təbii ki, tələbatları da artır. Bir ana kimi övladlarının ali təhsilli, savadlı olması üçün əlindən gələni edir. Uşaqların məktəb hazırlıqları, geyimləri və digər xərcləri üçün müəyyən qədər vəsait tələb olunur. Bütün bunları çatdırmaq isə tək ana olaraq ona həddindən artıq çətindir. Qohumlarının dəstəyi və köməyi ilə dolanır. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçı Süleimanova Nuridənin,onun nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

5. Qeydiyyat akt nömrəsi **********2 olan nikah haqqında şəhadətnamənin Gürcü dilindən Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Musayev Əli ilə Süleymanova Nuridə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Musayev, arvada Süleymanova soyadı verilmişdir.

6. Qeydiyyat akt nömrəsi **********7 olan doğum haqqında şəhadətnamənin Gürcü dilindən Azərbaycan dilinə tərcümə edilmiş notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. X13, anası Süleymanova Nuridədir.

7. Qeydiyyat akt nömrəsi **********3 olan doğum haqqında şəhadətnamənin Gürcü dilindən Azərbaycan dilinə tərcümə edilmiş notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. X13, anası Süleymanova Nuridədir.

İşin faktiki halları

8. Tərəflərin nikah münasibətlərində olması və bu münasibətdən üç uşaqlarının - 25 iyun 2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 anadan olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı 25 iyun 2006-cı il təvəllüdlü X2 ali təhsil alması üçün ödənilən təhsil haqqının ½ hissəsi yəni, 850 manat, 10 oktyabr 2007-ci il təvəllüdlü X7 və 04 noyabr 2009-cu il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər uşağa 250 (iki yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

11. AR Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli Qərarı. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

19. Qanunvericiliyin yuxarıda istinad edilən maddələrinə nəzər saldıqda aydın olur ki, uşağların saxlanılması, onlara maddi və mənəvi qayğı göstərilməsi vəzifəsi hər iki valideynə aid edilmişdir və qanunverici bu məslədə valideynlər arasında məsuliyyət fərqi qoymamışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

20. Təyin ediləcək alimentin məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı övladlarının saxlanması üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etsə də, lakin cavabdehin qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olması barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, 10 oktyabr 2007-ci il təvəllüdlü X7 və 04 noyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində aliment, cəmi 470 manat məbləğində alimentin təyin edilməsi qanuni və əsaslıdır.

21. Məhkəmə hesab edir ki, iddia tələbi 25 iyun 2006-cı il təvəllüdlü X2 ali təhsil alması üçün ödənilən təhsil haqqının ½ hissəsi yəni, 850 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassızdır.

22. İddiaçı tələbin bu hissəsini onunla əsaslandırmışdır ki, övladı ali təhsil müəssisəsində təhsil aldığına görə onun illik təhsil haqqının yarısı cavabdehə aid edilməlidir. Məhkəmə tələbin bu hissəsi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixli Qərarından göründüyü kimi, uşaqların ümumorta təhsildən başqa, əlavə peşə və ya təhsil müəssisəsində oxuması ilə bağlı valideynlərin əlavə xərclərə cəlb edilməsi halı nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin hüquqi əsası yoxdur. Bundan başqa, o da qeyd edilməlidir ki, 25 iyun 2006-cı il təvəllüdlü Süleymanova İlahə artıq yetkinlik yaşına çatmışdır və o tam fəaliyyət qabiliyyətlidir. Belə olan halda, prosessual qanunvericiliyə görə, o özü məhkəmədə hüquqlarını müdafiə edə bilər, iddiaçının yetkinlik yaşına çatmış Süleymanova İlahənin adından məhkəmədə iddia qaldırmaq səlahiyyəti yoxdur.

23. Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

24. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

25. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Süleimanov Əli (Ali)dən xx.xx.2024-cü il tarixdən hesablanmaqla tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ciil təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X11 (Ali) oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat aliment tutularaq iddiaçı Süleimanova Nuridəyə qızına ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilməli olan 40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar