Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3068/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, azyaşlı qızının xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-3259/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş (137 manat), Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 8(010)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək iddiaçıdan hər ay tutulmalı olan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində - 190 manat (400 x 0,475 = 190) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(010)-3259/2017 saylı qətnaməsi ilə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 09 iyul 2010-cu il tarixli 2(010)- 1768/2010 saylı qətnaməsi ilə tutulan aliment dəyişdirilərək, iddiaçıdan Cavabdeh xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 137 manat və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında aliment tutulması qət edilmişdir. Həmin aliment iddiaçı tərəfindən hər ay Cavabdeh gecikmələr olmadan ödənilmişdir. Bundan əlavə o, könüllü olaraq uşaqların saxlanması üçün alimentdən əlavə uşaqlara geyim, oyuncaq və s. alıb göndərmiş, lakin Cavabdeh həmin əşyaları daim geri qaytardığı üçün son illər etməmişdir. Suraxanı rayon məhkəməsinin 8(010)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(010)- 3259/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. İndeksasiya aparılması nəticəsində iddiaçıdan bir uşağa görə 476 manat alimentin tutulması qərara alınmışdır, halbuki onun əmək haqqı 500 manatdır, öhdəsində 2016-cı il təvəllüdlü ikinci nikahından doğulmuş övladı da vardır. Sonradan Suraxanı rayon məhkəməsinin 8(010)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət versə də Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi və qərardadında qeyd etdi ki, yaranmış vəziyyətdə alimentin azaldılması barədə iddia ərizəsinin qaldırılması ağlabatandır. Bildirir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik baş verdiyindən məhkəmə qətnaməsi ilə, daha sonra indeksasiya barədə qərardad ilə müəyyən olunmuş məbləğdə alimenti ödəməkdə çətinlik çəkir. Qeyd edir ki, 2025-ci ildə 2017-ci ilin meyarlarını tətbiq etmək düzgün olmamaqla yanaşı o və ailəsi hədsiz ağır vəziyyətə düşmüşdür və eyni zamanda indeksasiya haqqında qərardadla müəyyən edilmiş alimentin ödənilməsini qeyri-mümkün edir. İddiaçı cavabdehlə nikahı pozulduqdan sonra yeni nikaha daxil olmuşdur və həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü oğlu Arif də doğulmuşdur. Qeyd edir ki, ayda 500 manat gəliri olan, öhdəsində işləməyən həyat yoldaşı və bir azyaşlı övladı olan iddiaçının ayda 472 manat məbləğində aliment ödəmək öhdəliyi onu olduqca ağır maddi vəziyyətə salmış və dolanışığını maddi baxımdan qeyri-mümkün etmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 500 manat əməkhaqqı alır, 472 manat aliment hesablanıb. Qeyd edir ki, himayəsində azyaşlı uşaq var, əməkhaqqının nəzərə alınaraq alimentin azaldılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, bir uşağa görə 246 manat olmasına razı olduğunu bildirmişdir. Bir uşaq üçün 246 manat alimentin tutulmasını xahiş edir. İş materialları. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 723696 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası İddiaçı, anası X5) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 1961 nömrə ilə qeyd edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş “X1 iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya MŞB/11/2025- 00433 nömrəli işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş X1 İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən mediasiyaya dair 50 manat və kargüzarlıq xərci olaraq 10 manat məbləğində xərc ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-118/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 8(010)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Suraxanı rayon Məhkəməsinin 8(010)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizənin təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(010)-3259/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin indeksasiya edilərək, 01 avqust 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci maddəsi: Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı: ...8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarına əsasən edilmiş dəyişiklik) Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan övladları – xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmuş və uşaqlar ananın, bu iş üzrə cavabdehin himayəsində saxlanılmışdır. Suraxanı rayon məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(010)-3259/2017 saylı qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək, iddiaçıdan Cavabdeh xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında aliment tutulmuşdur. Qətnamədə adı qeyd edilən uşaqlardan birinin – xx.xx.2005-ci il təvəllüdlü X3 artıq yetkinlik yaşına çatdığı müəyyən edildikdən, məhkəmənin 8(010)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(010)-3259/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği yalnız xx.xx.2008-ci il təvəllüdlü X4 münasibətdə indeksasiya edilərək, onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. İddiaçı maddi sıxıntı yaşadığına görə, həmçinin himayəsində azyaşlı uşaq olduğundan aldığı əməkhaqqının nəzərə alınaraq alimentin azaldılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, bir uşağa görə 246 manat aliment tutulmasını xahiş edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər. Bu halda, məhkəmə iddia tələbini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi baxımından əsaslı hesab edir. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı himayəsində azyaşlı uşağının olduğunu bildirərək, təyin olunmuş aliment miqdarının azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində - 190 manat (400 x 0,475 = 190) müəyyən edilməsini xahiş etsə də, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 2025-ci il tarixdə uşaq üçün yaşayış minimumu nəzərə alınmaqla, cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşağın üstün maraqlarına daha uyğundur. Həmçinin, iddiaçının himayəsində ikinci nikahından başqa bir azyaşlı uşağın olması halı onu uşağı əvvəlki təminatının səviyyəsində saxlanılması vəzifəsindən azad etmir. Üstəlik, uşaq daimi olaraq Cavabdeh yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının deyil, cavabdehin üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, miqdarı azaldılmış alimentin tutulması, yuxarıda qeyd edilmiş Ali Məhkəmənin Plenumunun Qərarına əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərini nəzərə alınmaqla, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Qeyd edildiyi kimi, iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etmişdir. Həmin il AR Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 400 manat olmuşdur. Beləliklə, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (246 manat) minimum əmək haqqına (400 manat) bölünməlidir (246/400=0.615). Belə ki, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Suraxanı rayon məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(010)-3259/2017 saylı qətnaməsi ilə nəzərdə tutulmuş və 8(010)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş aliment məbləği azaldılmalı və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı (246x12=2952) mütənasib olan 49,52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Suraxanı rayon məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(010)-3259/2017 saylı qətnaməsi ilə nəzərdə tutulmuş və 8(010)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş aliment məbləği azaldılmalı və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva