Məhkəmə qərarları › İş №2(010)-3110/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3110/2025

18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3110/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X5 iclas katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İlkin və qarşılıqlı iddia tələbləri

1. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlə birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşna çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat, ümumilikdə 984 (doqquz yüz səksən dörd) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair ərizə təqdim edərək, onunla cavabdeh İddiaçı arasında Bakı şəhəri Suraxanı rayonu VADQ Şöbəsində xx.xx.2006-cı ildə 118 №-li akt qeydi ilə qeydə alınmış nikahın pozulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

İlkin və qarşılıqlı iddia tələblərinin dəlilləri

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan dörd uşaqları var. Cavabdehlə ailə münasibətləri pisləşmişdir və cavabdeh onları qoyaraq ayrı yaşamağı qərar verib. Hazırda uşaqlar onun yanında qalır. Hazırda o, uşaqlarını tək başına saxlamaqda çətinlik çəkir və onların tələbatını ödəyə bilmədiyi üçün maddi çətinlik çəkir. Ona görə də, hesab edir ki, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün cavbdehdən onun xeryinə 246 (iki yüz qırx altı) manat, ümumilikdə 984 (doqquz yüz səksən dörd) manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh rəsmi olaraq işləsə də əmək haqqın az göstərir. Buna baxmayaraq cavabdehin əlavə gəlir yeri var və bunu sübut etmək üçün qeyd edə bilər ki, o, fərdi ticarətlə məşğul olur və birgə yaşadıqları dövrdə onun bank kartına hər ay böyük məbləğdə pul köçürmələri həyata keçirilirdi və kartdan çıxararaq ABŞ dolları alaraq dövriyyə edirdi. Lakin Bank əməliyyatları kommersiya sirri olduğu üçün həmin köçürmələr barədə məlumat əldə edə bilməmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri xasiyyətlərinin düz gəlməməsi səbəbindən pozulmuşdur, faktiki nikah münasibətlərinə xitam verilmişdir, ailə və nikah münasibətləri kəsilmişdir. Cavabdehlə gələcəkdə ailənin qorunub saxlanması mümkün deyildir. Hələ ailəli olan zaman cavabdeh onun faktiki atasına məxsus olan, lakin onun adına rəsmiləşdirilmiş avtomobilin üzərinə həbs qoydurmuşdur, dəfələrlə ona həbsin götürülməsini bildirsə də, cavabdeh heç olmasa buna əməl etməmişdir. Belə bir şəraitdə ailənin qorunub saxlanması mümkün deyildir. Artıq nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikah isə hər hansı əhəmiyyətə malik olmayıb yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan nikahın mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur.

Tərəflərin izahatları

5. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq ilkin iddia tələbinə münasibətdə qeyd etdi ki, hazırda müvəqqəti təminat tədbiri qismində övladlarının saxlanılması üçün cəmi 600 manat aliment ödəyir. Lakin, bundan əlavə övladlarının tələbatlarının qarşılanması üçün əlavə pul da ödəyir.

İş materialları

7. AZ-İ seriyalı, 209908 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvada Tarverdiyeva soyadı verilmişdir.

8. AZ-İİ seriyalı, 142074 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2008-cı ildə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

9. AZ-İİ seriyalı, 432853 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2010-cu ildə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

10. AZ-İİİ seriyalı, 021015 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2012-ci ildə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

11. AZ-İV seriyalı, 783626 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci ildə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

12. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yeri məlumatı” barədə çıxarışından görünür ki, Cavabdeh satıcı işləyir və aylıq əmək haqqısı 350 manatdır.

İşin faktiki halları

13. Tərəflərin rəsmi nikaha daxil olması və bu nikadan dörd övladlarının olması işin mübahisəsiz halıdır. Hazırki tələbdə ilkin iddia üzrə iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qeyd olunan miqdarda aliment təyin edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasını tələb edir və eyni zamanda alimentə münasibətdə bildirir ki, maddi imkanı yol verdiyi təqdirdə lazımi qaydada aliment ödəyəcəkdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

18. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. 2025-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi . Maddə 234. Qətnamənin icra edilməsi 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

21. Məhkəmə qaşılıqlı iddia üzrə iddiaçı dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia tələbi tam şəkildə edilməlidir.

22. Məhkəmə ilk öncə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla cəmi dörd uşağa görə 984 manat məbləğində aliment təyin edilməsini xahiş etsə də, lakin cavabdehin qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olması barədə sübutları məhkəməyə təqdim etməmiş və cavabdehin əlavə gəlirləri olduğunu qeyd edərək həmin iddianı formal şəkildə əsaslandırmaqla kifayətlənmişdir.

23. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatmayanlar üçün aliment təyin edilərkən əsas meyar kimi cari il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Belə ki, əgər aliment ödəməli olan şəxsin aylıq gəlirləri barədə başqa məlumatlar yoxdursa, məhz bu meyara əsaslanmaqla aliment miqdarı müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqların maddi və mənəvi tələbatlarının qarşılanması, onlara qulluq və qayğı göstərmək hər iki valideynin vəzifəsidir. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulması qanuni və əsaslıdır.

24. Alimentin tutulma qaydasında münasibətdə isə məhkəmə AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-cü bəndinə uyğun olaraq qeyd edir ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.38 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu formada aliment tutulmasını müəyyən edərkən ilk növbədə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alır.

25. Alimentin hansı tarixdən hesablanmalı olmasına gəldikdə isə qeyd edilməlidir ki, AR Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğu təsbit edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qaydada aliment ilkin iddia üzrə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

26. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğuna görə və eyni zamanda barışıq üçün verilmiş 3 ay vaxt ərzində tərəflər arasında barışıq əldə edilmədiyindən və qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasını təkid etdiyindən nikah pozulmalıdır.

27. Məhkəmə, eyni zamanda birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yaşayış yerinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, tərəflər arasında uşağın yaşayış yerinin müəyyən edilməsi məsələsində mübahisə yoxdur. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı övladlarının anaları ilə qalmalarına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 analarının himayəsində qalmaları məqsədəmüvafiqdir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.38 misli həddində aliment tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 118 nömrəli nikah pozulmalı və tərəflərin birgə nikahından anadan olan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılmalıdırlar.

29. Məhkəmə, son olaraq, iş üzrə tərəflərə nikah pozulduqdan sonra onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyini izah edir.

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.38 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 118 nömrəli nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılsın. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar