Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3173/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. 19 fevral 1985-ci il tarixdə verilmiş Vİ-HO seriyalı 311856 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1984-cü ildə doğulmuşdur. Ana qrafasında İddiaçı qeyd olunmuşdur.
2. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, o, Tovuz rayonu, Yanıqlı ərazi dairəsi, Yanıqlı kəndində pasport qeydiyyatında olmaqla hal-hazırda Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində qeydiyyatsız yaşayır.
3. 22 fevral 1991-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 255117 seriyalı boşanmaq haqqında şəhadətnamədən görünür ki, X1 ilə X2 arasında olan nikah pozulmuşdur.
İşin faktiki halları
4. İddiaçı Cavabdeh anası olması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
5. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh hər ay 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
6. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, yaşı ilə əlaqəli olaraq heç yerdə iş tapa bilmir. Özü pensiya alır, pensiya məbləği 300 manatdır. Evi təmir etmək üçün bankdan kredit götürmüş və bacısı da ona zamin olmuşdu. Sonradan devalvasiya dövrü oldu və o hələ də pensiyasını tam məbləğdə ala bilmir, borca tutulur. Özü də xəstədir, müalicə ala bilmir. Qızından pul istəsə də, ancaq pulunun olmadığını deyib. Qızı hazırda işləmir, gəlir yeri yoxdur, lakin o, müalicə almalıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun anasına ödəniş etməyə imkanı yoxdur. Əvvəllər işləyirdi, indi işləmir. Yoldaşı uşaqlar üçün aliment verir, onunla dolanırlar. Aliment məbləği 510 manatdır, ancaq hamısını vermir, aylıq 200-300 manat məbləğində verir. 3 uşağı var, hamısı da məktəblidir. O, aliment məbləği ilə onları dolandırır, başqa qazanc yeri yoxdur. İşləsə imkanı çatdığı qədər köməklik edə bilər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 34. Nikah hüququ V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.
11. Göründüyü kimi Ailə Məcəlləsinin 82-ci maddəsinə görə aşağıdakı 3 şərt birlikdə mövcud olduqda yetkinlik yaşına çatmış övladdan valideynin xeyrinə aliment tutula bilər: 1) valideynin əmək qabiliyyəti olmamalıdır; 2) valideyninin maddi yardıma ehtiyacı olmalıdır; 3) övladın əmək qabiliyyəti olmalıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları başa düşülür. Hazırkı işdən görünür ki, iddiaçı əmək qabiliyyəti olmayan şəxs olsa da, 300 manat məbləğində pensiya alır və bu fakt iddiaçının özünün izahatı ilə təsdiq olunur. Cavabdeh isə işləmir və heç bir gəliri yoxdur, həmçinin himayəsində 3 azyaşlı övladı var və boşandığı üçün həmin uşaqların saxlanması da onun məsuliyyətindədir. Cavabdeh özü də maddi yardıma ehtiyacı olduğu üçün uşaqlar üçün aliment alır və əlavə olaraq anasına aliment ödəmək imkanında deyil. Bununla yanaşı, iddiaçı özü də izahatında cavabdehin işləmədiyini, 3 uşağa baxdığını və işlədiyi zaman anasına yardım edəcəyini bildirmişdir. Hazırki vəziyyətdə iddiaçı və cavabdehin əmlak vəziyyətini müqayisə etdikdə müəyyən olunur ki, iddiaçının maddi imkanı cavabdehə nisbətdə daha yaxşıdır və o, cavabdehdən fərqli olaraq 300 manat pensiya alır. İddiaçının həmin pensiya məbləğinin kreditə çıxması və həmin kreditin sırf mənzilin təmiri üçün götürülməsi isə iddiaçının öz şəraitini yaxşılaşdırmaq səbəbindən olduğu üçün həmin əsasa görə cavabdehdən aliment tutulması ədalətli yanaşma olmaz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Buna baxmayaraq məhkəmə qeyd edir ki, aliment münasibətləri davam edən münasibət olduğu üçün cavabdehin maddi imkanı düzələcəyi təqdirdə iddiaçının yenidən həmin tələblə məhkəməyə müraciət etmək hüququ vardır.
Məhkəmə xərcləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
13. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Məhkəmə qeyd edir ki, aliment tələbləri üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğu üçün dövlət rüsumu ilə əlaqəli məsələ yoxdur.
Məhkəmənin gəldiyi nəticə
15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia rədd edilməlidir.
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.