Məhkəmə qərarları › İş №2(010)-3187/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3187/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3187/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi ilə məhkəməyə müraciət edərək, bu ərizənin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ay aylıq gəlirlərinin üçdə biri miqdarında alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. İşə mhəkəmə iclasında baxılarkən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi ilə yanaşı, iddiaçının hüquqlarının müdafiə edilməsi üçün vəkilə ödənilmiş 480 manat məbləğində pulun məhkəmə xərcləri şəklində cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə iddiaçının nikahından xx xxxxxx 2014-cü ildə Fərid, xx.xx.2013-cü ildə Mehman adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdehin münasibətləri korlandığı üçün hazırda ayrı yaşayırlar, azyaşlı uşaqları da iddiaçının yanındadır, onların bütün problemləri iddiaçı tərəfindən həll olunur. Cavabdeh uşaqların saxlanma xərclərində iştirak etməkdən boyun qaçırır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək iddiaçının uşaqları cavabdehə göstərmədiyini, bu halla bağlı Qəyyumluq və Himayəçilik orqanına şikayət etdiklərini, cavabdehin himayəsində işləməyən valideynlərinin və şikəst qardaşının olduğunu, evə yeganə gəlir gətirən şəxsin cavabdeh olduğunu, ona görə də, tələb edilən həcmdə alimentin tutulmasına etiraz etdiklərini bildirdi. Eyni zamanda, yuxarıda qeyd edilənlərə əsasən vəkil xərcinin tutulması tələbini də əsassız hesab etdiklərini bildirdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - xx.xx.2011-ci il tarixli, AZ-İ seriyalı 709444 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İdrisov X5 Məhəbbət Əli qızı ilə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1919 nömrə ilə qeyd edilmişdir. Arvada İdrisova soyadı verilmişdir. - AZ-İİİ № 128706, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır . - AZ-İİİ № 462251, xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır . - Azərbaycan Respublikası Dövlət Neft şirkəti Nəqliyat idarəsi 5 saylı X2 vəkil sorğusuna əsasən verilən arayışdan görünür ki, Cavabdeh 5 saylı X3 2 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsi 1 saylı avtomobil dəstəsi səyyar kompressor maşinisti vəzifəsində işləyir, aylıq vəzifə maaşı 1875 manatdır. Beləliklə, məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmamışdır və onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar anası – iddiaçının yanındadır. Cavabdehin daimi iş yerinin və daimi gəlirinin olması iş materialı ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.2- 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;.... «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plemunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilənlərə əsasən mhəkəmə qeyd edir ki, hazırkı işdə cavabdehin stabil gəlirinin olması iş materialları ilə müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən aliment məbləği yuxarıda qeyd edilən formada tutulmalıdır. İddia tələbinə münasibətdə cavabdeh tərəfin bildirdikləri ilə bağlı məhkəmə qeyd edir ki, irəli sürülən dəlillər aliment məbləğinin daha az şəkildə tutulması üçün əsas deyildir. Belə ki, qanunvericiliyin hazırkı münasibətləri tənzimləyən normalarından göründüyü kimi, aliment məbləği təyin edilərkən ilk növbədə uşaqların üstün hüquq və mənafeləri nəzərə alınır. Başqa sözlə, valideynlərin ayrı yaşamağa qərar vermələri uşaqların maddi və məişət şəraitlərinin pisləşməsinə səbəb olmamalı və mümükün qədər onların əvvəlki həyat səviyyələrinin saxlanılmasına çalışılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi alimentin tutulması hissəsində cavabdehin etirazına münasibətdə əsaslıdır. Cavabdehin etirazında alimentin əmək haqqının 1/3 hissəsində tutulması məhkəmə tərəfindən müəyyən edilərsə alimentin 50%-nin uşaqların adına açılacaq bank hesabına köçürülməsi barədə xahişini məhkəmə uşaqların hüquq və mənafeləri baxımından əsaslı hesab etmir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Hazırkı durumda alimentin 50 faizinin bank hesabına köçürülməsi alimentin qalan hisəssinin uşaqlar üçün minimum dolanacaq xərclərindən daha az olmasına səbəb olacaq. Ona görə də, məhkəmə bu xahişi əsassız hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. İddia tələbinin iddiaçının hüquqlarının müdafiə edilməsi üçün vəkilə ödənilmiş 480 manat məbləğində pulun məhkəmə xərcləri şəklində cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbinin bu hissəsini prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Respublikası Ailə Məcəlləsinin, maddi hüquq normalarını və Azərbaycan Respublikası MPM-nın yuxarıda göstərilən maddələrini, rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazqancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı hesabına ödənilsin. İddia vəkil xərcinin tutulması hissəsində təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar