Məhkəmə qərarları › İş №2(010)-32/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-32/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-32/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə tikilmiş fərdi yaşayış evlərin və qeyriyaşayış sahəsinin tikilməsinə sərf edilmiş xərclərin ½ hissədə tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində iş üzrə tərəflərin birgə vəsaiti hesabına yan-yana inşa edilmiş iki fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 100.000 manat vəsaitin ½ hissəsi, yəni 50.000 manat, həmin sahədə inşa edilmiş qeyriyaşayış sahəsinin tikintisinə sərf edilmiş 40.000 manat vəsaitin ½ hissəsi, yəni 20.000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Nairə Qocayevə və Cavabdeh xx.xx.1998-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahdan iki övladı anadan olmuşdur. Son dövrdə cavabdehin başqa bir qadınla faktiki ər-arvad münasibətlərində olması, bu münasibətlərdən iki uşağının olması, tərəflər arasında çoxsaylı mübahisələrə səbəb olmuş, münasibətləri pisləşmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə tərəflər arasında olan nikah pozulmuşdur. İş üzrə tərəflər birgə nikah dövründə çox saylı daşınar və daşınmaz əmlak əldə etmişlər. Onlardan biri də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yan-yana inşa edilmiş, girişləri ayrı olan iki fərdi yaşayış evləridir. Belə ki, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 646 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün X3 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan iddiaçı N.Qocayevə və Cavabdeh torpaq sahəsi ayrılmış Əsmətel Mövlayeva ilə razılaşaraq, 2011-ci ildə qeyri-rəsmi ona torpağın dəyərini 42.000 manat nağd şəkildə ödəmiş və həmin sahədə bitişik, girişləri ayrı-ayrı olan iki fərdi yaşayış evi inşa etməyə başlamışlar. Birgə nikah dövründə iddiaçı Nairə Qocayevə gözəllik salonu işlətdiyinə görə, onun Cavabdeh münasibətdə daha çox qazanc əldə etmiş və təbii ki, bu səbəbdən iddiaçının ailə büdcəsinə xeyri da artıq olmuşdur. Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin inşasına nəzarəti də məhz iddiaçı Nairə Qocayevə həyata keçirmiş, ustalara tikiləcək evlərin çertyojunu məhz iddiaçı vermiş, usta və fəhlələrin əl haqqını da məhz iddiaçı ödəmişdir. Cavabdeh isə axşamlar tikintinin vəziyyəti ilə maraqlanmışdır. Bütün bu hallar evlərin tikintisini həyata keçirən usta və fəhlələr də şahid kimi təsdiq edirlər. Mübahisəli evlərin inşası və təmiri 2013-cu ildə başa çatmışdır. Hər iki ev yaşayış üçün tam hazır olduqdan sonra, yəni ev təmir olunub, iddiaçı tərəfindən alınan ev əşyaları yerləşdirildikdən sonra bir müddət iddiaçı və ailə üzvləri həmin evdə yaşamış, daha sonra isə kirayəşinlərə yaşamaq üçün verilmişdir. Göründüyü kimi, iş üzrə tərəflər, birgə nikah dövründə birgə vəsait hesabına Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində heç bir hüquqmüəyyənedici sənədi olmayan birmərtəbəli, ümumi sahəsi təxminən 200 kv.m çox təşkil edən bitişik, lakin girişləri ayrı olan yaşayış evlərini inşa etmişlər. Həmin evlərin tikintisinə 100.000 manat vəsait xərclənmişdir. Hazırda iddiaçı ilə cavabdehin nikahları pozulmuşdur, ayrı yaşayırlar. Sözügedən hər 2 ədəd fərdi yaşayış evindən isə cavabdeh istifadə edir, həmin evlər cavabdehin faktiki sahibliyi və istifadəsindədir. Bundan başqa iddianın predmetini təşkil edən iki fərdi yaşayış evinin yerləşdiyi sahədə həmçinin ümumi sahəsi təxminən 35 kv.m artıq olan qeyri yaşayış sahəsi də mövcuddur. Həmin qeyriyaşayış sahəsi də iş üzrə tərəflərin birgə nikah dövrüendə birgə vəsaiti hesabına, fərdi yaşayış evlərinə bitişik şəkildə inşa olunmuşdur. Həmin tikiliyə 40.000 manata yaxın xərc çəkilmişdir. Həmin qeyri-yaşayış sahəsi də cavabdehin istifadəsində və sahibliyindədir Tərəflərin izahatları İddiaçı idia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, əvvəl yaşayış evləri tikilmiş, qeyri yaşayış-sahəsi sonradan inşa edilmişdir. Hazırda cavabdeh qeyri yaşayış sahəsini anbar kimi kirayə verir. Yaşayış evinin birini də kirayə verib. Digər tikilidə isə iddiaçının əşyalarıdır, həmin evə isə daxil ola bilmir. Cavabdeh açarları dəyişib. İddiaçının nümayəndəsi və vəkili Vəkil Hüseyn qızı iddia tələbini müdafiə edərək verdiyi izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, "xxxx" MMC tərəfindən mübahisəli tikililərin sxemi tərtib edilmişdir. Əslində qeyd edilmiş ünvanda 2 yaşayış sahəsi və bir qeyri yaşayış sahəsi var. Yaşayış evi və qeyri-yaşayış sahəsinin ölçüləri ekspert rəyində göstərilməmişdir. Yaşayış evinin sahəsi 200 m2 deyil, daha azdır. Həmin tikililərin və qeyri-yaşayış sahəsinin ölçülərinin aparılması üçün təkrar qiymətləndirilmə keçirilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları İddiaçı Nairə Qocayevə və Cavabdeh xx.xx.1998-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahdan iki övladı anadan olmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində iki yaşayış sahəsi və bir qeyri yaşayış sahəsi inşa etmiş və tikintini 2013-cü ildə başa çatdırmışlar. Tərəflərin münasibətləri pisləşdiyindən 2019-cu ildə nikahları pozulmuşdur. Mübahisəli tikililər cavabdehin faktiki istifadəsindədir. Cavabdeh maneə yaratdığından iddiaçı həmin tikililərdən istifadə edə bilmir. İş materiallarına əlavə edilmiş: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2404/2020 saylı (hakim İ.Əliyevin sədrliyi ilə) qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər X5 və X4 qarşı (mübahisə predmeti idə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi) “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə müİkiyyətinə verilmiş torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 646 saylı sərəncamından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 318/E saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində küçəsində yerləşən ümumi sahəsi 200 kv.m. sahədən ibarət fərdi yaşayış evinə çəkilən təmir-tikinti xərci qiymətinin dəyəri 35.000 manat müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 369/E saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən qeyri yaşayış sahəsinə çəkilən təmir-tikinti xərci qiymətinin dəyəri 22.500 manat müəyyən edilir. "xxxx" MMC-nin 318/E saylı rəyinə əlavə və Suraxanı rayon məhkəməsinin 2(010)- 94/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına cavabından görünür ki, Suraxanı Rayon Məhkəməsi 2(010)-94/2022 nömrəli xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yan-yana inşa edilmiş iki fərdi yaşayış evindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qiymətləndirilməsi nəzərdə tutulsa da, tədqiqatdan kənarda qalan fərdi yaşayış evinin tikintisinə, həmin yaşayış evinin sahəsinə dair ölçülər aparılmaqla nə qədər pul vəsaitinin sərf edilməsi haqqında rəyin tərtib edilməsi üçün qərardad qəbul etmişdir. Yan-yana inşa edilmiş iki fərdi yaşayış evinin hər ikisi eyni konstruktiv quruluşa, eyni tikintiyə, eyni sahəyə, eyni təmirə sahib olduğu üçün bir fərdi yaşayış evinə qiymət qoyulmuşdur. Yəni tərtib edilmiş xx.xx.2021-ci il tarixli 318/E nömrəli ekspert rəyində qeyd edilmiş 35.000 (otuz beş min) manat qiymət Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən yan-yana inşa edilmiş fərdi yaşayış evlərinin hər ikisinə ayrı-ayrılıqda aiddir. "xxxx" MMC-nin təqdim etdiyi sxem arayışlarından görünür ki, sözügedən cəmiyyət tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan şossesi ərazisində yerləşən mövcud fərdi yaşayış evlərinin sxemi tərtib edilmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Məhkəmənin mövqeyi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. ...Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir”. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Nairə Qocayevə və Cavabdeh xx.xx.1998-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahdan iki övladı anadan olmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində iki yaşayış sahəsi və bir qeyri-yaşayış sahəsi inşa etmiş və tikintini 2013-cü ildə başa çatdırmışlar. Tərəflərin münasibətləri pisləşdiyindən 2019-cu ildə nikahları pozulmuşdur. Mübahisəli tikililər cavabdehin faktiki istifadəsindədir. Cavabdeh maneə yaratdığından iddiaçı həmin tikililərdən istifadə edə bilmir. Cavabdehin hazırki mülki iş üzrə mübahisələndirdiyi hal sözügedən yaşayış sahələrinin ölçüləri ilə bağlı olmuşdur. Məhkəmə iş üzrə alınmış qiymətləndirmə rəyinə mötəbər sübut kimi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yan-yana inşa edilmiş iki yaşayış sahəsinin hər birinə 35.000 manat, qeyri-yaşayış sahəsinə isə 22.500 manat, ümumilikdə 92.500 manat məbləğində vəsait sərf edilmişdir. Sözügedən yaşayış evlərinin ümumi sahəsi 200 m2 müəyyən edilmişdir. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək müəyyən edir ki, iddiaçının cavabdehlə birgə nikah dövründə ümumi dəyəri 92.500 manat olan mübahisəli tikililəri inşa etmələri, həmin evin inşa edilməsi ilə bağlı bütün xərcləri birgə nikahları dövründə qazandıqları vəsait hesabına ödəmələri, hazırda nikahlarının pozulmasından sonra həmin tikililərdən faktiki istifadə etməsinə cavabdeh tərəfindən maneələrin yaradılması hazırkı iddianın verilməsinə səbəb olmuşdur. Qeyd edilənləri və qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq məhkəmə belə yekun nəticəyə gəlmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində inşa edilmiş tikililərə sərf edilmiş vəsaitin yarısının Cavabdeh tutularaq ona ödənilməsi tələbində haqlıdır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikah dövründə inşa etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən tikililərin dəyəri olan 92.500 manatdan ikidə bir payı 46.250 manat müəyyən edilməli, həmin pay, yəni 46.250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə inşa etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən tikililərin dəyəri olan 92.500 manatdan ikidə bir payı 46.250 manat müəyyən edilsin, həmin pay, yəni 46.250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar