Məhkəmə qərarları › İş №2(010)-3216/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3216/2022

29.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3216/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X1 ananın yanında qalması, xx.xx.2022-ci il təvəllüdlü X1 18 yaşınadək saxlanılması üçün hər ay 500 manat alimentin və uşağın saxlanılmasına görə ana üçün 300 manat alimentin, ərizənin mediasiyaya verildiyi tarixdən hesablanaraq Cavabdeh alınaraq İddiaçı verilməsi barədə və əlavə olaraq 1140 manat məbləğində doğum və 1500 manat məbləğində müayinə xərclərinin, ümumilikdə 2640 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh aralarındakı nikahı xx.xx.2021-ci ildə 1 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində 1956 saylı akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk zamanlar mehriban yaşasalar da, sonradan ailə münaisbətləri pozulmuşdur. Belə ki, aralarında yaranmış yersiz söz-söhbətlər səbəbindən münasibətlərini davam etdirmək mümkün deyildir. Hazırda onlar faktiki ayrı yaşayırlar. Alimentin alınması, uşağın ananın yanında qalması, doğum xərclərinin ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət olunmuş və rədd barədə mediasiya arayışı alınmışdır. Hazırda onun (İddiaçı) uşağı 3 aylıqdır və körpədir. Uşağa aliment təyin edilməsindən əlavə uşağın və ananın saxlanması üçün xərcə ehtiyac vardır. Onun (İddiaçı) Cavabdeh ilə uzun müddətdir faktiki ayrı yaşadıqlarını, onun hamiləlik dövründə və hazırda işləyə bilmədiyini nəzərə alaraq doğum xərcləri və hamiləlik dövründə olan həkim, müayinə xərclərinin ödənilməsinə ehtiyac vardır və hamilə olduğu müddət ərzində 1500 manat həkim və müayinə xərcləri üçün 1140 manat isə doğum xərci üçün ödəmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/5-01035 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:00-19:00 saatlarında keçirilən iclasda İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1956 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Müslümzadə soyadı verilmişdir. İş materiallarında olan “X4” MMC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 15 manat məbləğində ödəniş olmuşdur. İş materiallarına əlavə olunmuş “Güven Klinik” tərəfindən verilmiş qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 59 manat məbləğində ödəniş olmuşdur. İş materiallarına əlavə olunmuş “German Hospital” tərəfindən verilmiş qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 10 manat və xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə keysəriyyə əməliyyatı üçün 1140 manat, xx.xx.2022-ci il tarixdə 80 manat məbləğində ödəniş olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər-arvadın birbirini saxlamaq vəzifəsi göstərilmişdir. Həmçinin ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Belə ki, bu məcəllənin 84.2.2-ci maddəsində qeyd edilir ki, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad ərindən aliment almaq hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, nikah məhkəmə qaydasında pozularkən məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması məsələsini müəyyən etməli olduğundan və hazırda tərəflər arasında boşanma tələbi mövcud olmadığından azyaşlı uşağın anasının himayəsində qalması tələbi təmin olunmamalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, aliment ərizə məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Cavabdehin zəruri vəsaitə malik olması və gəlirləri barədə sübut təqdim olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək iddiaçının özünün saxlanılması üçün hər ay 300 manatın tutulması hissəsində iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddia tələbinin doğum və müayinə xərclərinin tutulması hissəsinə münasibətdə isə hesab edir ki, ümumilikdə müayinə xərcləri təqdim olunmuş sübutlara əsasən 1334 manat təşkil edir ki, həmin xərclərin ödənilməsinə hər iki valideyn cəlb olunmalıdır. Belə ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməli olduqlarından məhkəmə hesab edir ki, həmin xərcin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isəAzərbaycan Respublikasının MPM-nin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş “X3” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Bundan başqa “X3” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Doğum və müayinə xərclərinin yarısı - 667 (altı yüz altmış yeddi) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar