Məhkəmə qərarları › İş №2(010)-3294/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3294/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3294/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə aralarında bağlanmış nikah pozulmadan xx.xx.2013-cü il təvəllüdlü X2 18 yaşına çatana kimi onun saxlanması üçün Cavabdeh pensiyasının dörddə biri miqdarında aliment və 60 manat ödədiyi mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə faktiki münasibətindən anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh aylıq gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. O, cavabdehlə 2013-cü ilin mart ayının 15-də faktiki ailə münasibəti qurmuşdur. xx.xx.2014-cü il tarixdə isə rəsmi nikaha daxil olmuşdurlar. Faktiki evliliklərindən 18 noyabr 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Atalıq müəyyən edilmişdir. Aralarında olan nikah hazırda pozulmamışdır. Əvvəllər münasibətləri normal olsa da, lakin son bir ildir ki münasibətləri pozulmuşdur. Cavabdeh övladı ilə maraqlanmır və onun qayğısına qalmır. O, təkbaşına uşağı saxlamaqda çətinlik çəkir.

Tərəflərin izahatları

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları

6.AZ-T seriyalı 137024 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 7.AZ-İ seriyalı, 156249 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 doğulan X2 atası olması müəyyən edilmişdir.

8. AZ-İ seriyalı 691273 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra arvada Mustafayeva soyadı verilmişdir.

9. “Elektron Məhkəmə İnformasiya Sistemi” çıxarışından görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçıları”na görə nəzərdə tutulan 80 manat təqaüd və bundan başqa 1674.35 manat pensiya alır.

İşin faktiki halları

10. Tərəflərin əvvəlcə faktiki nikah münasibətində olması, həmin nikahdan bir övladlarının doğulması, cavabdehin həmin uşağın atası olmasının müəyyən edilməsi və daha sonra tərəflərin rəsmi nikaha daxil olması işin faktiki hallarını təşkil edir. Hazırki iddia tələbində iddiaçı cavabdehdən qeyd olunan miqdarda aliment tutulmasını xahiş edir. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1.1. Alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı

Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, iş materiallarından və iddiaçı tərəfin izahatından aydın olduğu kimi hazırkı iş üzrə Cavabdeh ““Vətən müharibəsi iştirakçıları”na görə nəzərdə tutulan 80 manat təqaüd və bundan başqa 1674.35 manat pensiya alır. Təyin ediləcək alimentin məbləğinə gəldikdə isə, məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Belə olan halda məhkəmə cavabdehin daimi gəlirinin olmasını, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir.

19. Aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024cü il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

20. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli və Cavabdeh iş üzrə ödənilməli olan 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh iş üzrə ödənilməli olan 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar