Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3314/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı Əlı̇ yev Rövşən Əlı̇ mı̇ rzə oğlunun cavabdeh İsmayilov Nazı̇ m Mı̇ kayil oğlunun iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “ vurulmuş mənəvi zərərin ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh şikayət ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək onun Suraxanı rayon icra şöbəsinin icra məmuru vəzifəsində işləməklə barəsində olan icra işinin xitamı müqabilində rüşvət kimi 15000 manat pul almasını göstərmişdir. Baş prokurorluğuna ünvanlanmış müraciət araşdırılması üçün Suraxanı rayon Prokurorluğuna göndərilmiş, Ədliyyə Nazirliyinə ünvanlanan şikayət isə nəzarətə götürülərək araşdırma aparılmışdır. Şikayət Suraxanı rayon prokurorluğu tərəfindən araşdırılarkən Cavabdeh izahatında 15000 manat rüşvət pul vermədiyini, 2022-ci ilin yanvar ayında icra işi ilə əlaqədar borcunu ödəmək üçün 5000 manat pulu tələbkar F.Nəcəfliyə ödənilməsi üçün icra məmuru İddiaçıa verdiyini göstərmiş, şikayətdə yazdıqlarını təsdiqləməyərək əsəbi halda Azərbaycan Respublikası Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət etdiyini bildirmişdir. Suraxanı rayon prokurorluğunun 11 mart 2022-ci il tarixli Qərarı ilə Suraxanı rayon İcra şöbəsinin icra məmuru İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Ədliyyə Nazirliyi tərəfindən araşdırılma zamanı cavabdehin yazdığı xüsusatların öz təsdiqini tapmamış və şikayət əsassız hesab edilmişdir. Hesab edir ki, cavabdeh iş fəaliyyətində rüşvət almaqla cinayət törətməkdə bilə-bilə yalandan şikayətlər edərək onun iş nüfuzuna xələl gətirmiş, rayon prokurorluğunda, eləcə də tabeçiliyində işlədiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində haqqında araşdırmanın əsassız şikayət əsasında aparılması onu mənəvi cəhətdən sarsıtmış, əsəb keçirərək gecələr yuxusus qalmağına səhhətində müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb olmuş, bununla bağlı həkimə müraciət etməli olmuşdur. Öz vəzifə səlahiyyətlərini qanun çərçivəsində icra etmiş, öz borcunu ödəyən Cavabdeh ona rüşvət vermədiyini bilə-bilə qəsdən haqqında şər və böhtan yazmaqla onun şərəf və ləyaqətinə, həmçinin peşə fəaliyyətinə, işəüzar nüfuzuna xələl gətirmişdir. Hesab edir ki, dəymiş mənəvi zərər görə 2000 manat pul ödəməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirsə də, izahatında etiraf etmişdir ki, əsəbi olduğuna görə icra sənədi üzrə borclu kimi ondan pulun ödənilməsini tələb edən icra məmuru İddiaçı barəsində Azərbaycan Respublikası Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciətlər etmişdir. Bu addımın səhv olduğunu sonradan dərk etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə olunmuş Suraxanı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru Elvin Quliyevin 11 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından müəyyən olunur ki, Cavabdeh Suraxanı rayon icra şöbəsinin icra məmuru İddiaçı ondan 15000 manat pul alması barədə müraciəti araşdırılmış və toplanmış materialda İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını, Konstitusiya Məhkəməsinin qərarında göstərilənləri, Ali Məhkəmənin Plunumunun tövsiyələrini nəzərə alaraq qeyd edir ki, hazırkı işdə cavabdeh iddiaçı barədə hüquq-mühafizə orqanına ondan rüşvət alması barədə yalan məlumat verməsi, eləcə də iddiaçının tabe olduğu dövlət orqanında barəsində mənfi münasibətinin formalaşmasına, onun etibar edilmiş vəzifənin icrasından layiqincə gəlmədiyi qənaətinə gəlməyə əsas verir. Bundan əlavə hər hansı bir şəxsin mənfi imicinin formalaşması hər hansı şəxsin həmin ad altında fəaliyyətinə öz təsirini etdiyindən mənəvi iztirab keçirməsini qaçılmaz edir. Belə olan halda isə cavabdehin əməli nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, psixi iztirab keçirməsini qaçılmaz hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı barədə belə müraciət və şikayətin edilməsi onun cəmiyyətdə olan nüfuzuna, digər şəxslərlə münasibətlərinə xələl gətirməklə şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, alçaldan hərəkət kimi qiymətləndirilməlidir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki cavabdehin yaydığı məlumatlarda iddiaçının şərəf, ləyaqətini, işgüzar nüfuzu ləkələnmiş, həmin müraciətlə əlaqədar aparılmış araşdırma iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə onun mənəvi sarsıntı keçirməsi isə şübhəsizdir. Həmin məlumatın yayılması iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Lakin, məhkəmə mənəvi ziyan tələbinə dair iddia tələbinin 2000 manat olmasını əsaslı hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya məhkəməsinin qeyd olunan qərarında göründüyü kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq mənəvi ziyanın məbləğini 1000 manat miqdarında müəyyən edilməsi ağlabatan və ədalətlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən edilsin. Cavabdeh İsmayılov Nazı̇ m Mı̇ kayıl oğlundan mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı Əlı̇ yev Rövşən Əlı̇ mı̇ rzə oğluna verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3314/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3314/2022
10.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver