Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-336/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentdən azad edilmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentdən azad edilmə” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-211/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment pulunun ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı xx.xx.1996-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuşam. Birgə nikahdan iki övladımız dünyaya gəlmişdir. Nəzərinizə çatdırıram ki, cavabdehlə aramızda olan nikah mənim iddiam əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən mənimlə cavabdeh X7 arasında Rusiya Federasiyası, Tümen vilayəti, Muravlenko şəhərində xx.xx.1996-cı il tarixdə 218 saylı akt qeydi ilə rəsmiləşdirilən nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq məndən hər ay qazancımın və başqa gəlirlərimin dörddə bir hissəsi qədər alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Qət edilmiş qətnamə üzrə mənim əmək haqqımdan aliment tutulmaları aparılmış və bu günkü günə qədər də hesablanmaqdadır. Oğlum xx.xx.2005-ci il təvəllüdlü X5 artıq bir aydır ki, mənim yanıma gəlmiş və mənimlə birlikdə qeydiyyatsız yaşadığım Abşeron rayonu, Mehdiabad qəsəbəsi, N.Dünyamalıyev küçəsi, 19 saylı fərdi yaşayış evində yaşayır. Bu barədə Abşeron rayonu Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2192 nömrəli, xx.xx.2022-ci il tarixli arayışını iddia ərizəmə əlavə edirəm. Ailə qanunvericiliyi valideynlərin uşaqlarının saxlanmasına borclu olduğu kimi, uşaqlar barəsində bərabər hüquq və vəzifələrə malik olduğunu da müəyyən etmişdir. Yəni nə qanunvericilik, nə də ki, formalaşmış adət-ənənələrimiz, təkcə atanın aliment ödəməsini və ya uşaqların saxlanmasına borclu olmasını müəyyən etməmişdir. Belə olduqda isə mən və X7 birgə nikahımızdan olan övladımızın saxlanmasında birgə cavabdehlik daşıyırıq və bir valideyn kimi hər ikimiz vəzifələrimizi ayrı-ayrılıqda yerinə yetirdiyimiz üçün oğlumun saxlanması üçün məndən aliment tutula bilməz. Yəni aliment məbləği yalnız uşağın saxlanılması üçün nəzərdə tutulduğundan oğlum xx.xx.2005-ci il təvəllüdlü X2 hal-hazırda mənim yanıma gəlib yaşadığı üçün və mənim tərəfimdən saxlanıldığından həmin uşağa görə mənim iş yerimdən aparılan tutulmalarla X4 alimentin ödənilməsi yolverilməz və ədalətsizdir. Bu barədə mən qanuna uyğun olaraq Mediasiya Şurasına müraciət etmiş, Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatından ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-5973 nömrəli, xx.xx.2022-ci il tarixli müvafiq arayış almışam. Yuxarıda yazılan səbəbdən cavabdeh X3 məndən aliment tələb etməsi, yəni uşaq məndə ola-ola aliment tutulması mənim konstitusion hüquqlarımın pozulmasına səbəb olur. Göründüyü kimi oğlum mənim yanıma gəldiyi və hal-hazırda da mənimlə yaşadığı üçün valideyndən məhkəmə qaydasında aliment tutula bilməz. Belə olduqda məhkəmə tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 211/2020 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü oğlum X1 üçün X3 xeyrinə qət edilmiş aliment tutulmasına dair hissəsi mənim iddia tələbimi nəzərə almaqla ləğv edilməli və məni aliment ödəməkdən azad etməlidir”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə birgə nikahından doğulmuş oğlu Yusif 2022-ci ilin sentyabr ayından onunla qalır. Belə olan halda həmin uşağa görə ondan aliment tutulmamalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçı ilə birgə nikahından doğulmuş oğlu Yusif 2022-ci ilin sentyabr ayından atası ilə yaşayır. İddiaçı hazırda başqası ilə ailə qurmuşdur və ailəsi ilə birlikdə yaşayır. Onlar ayda 400 manat aliment ödəməyin dərdindən oğluna təsir edərək, onu öz yanlarına çəkmişlər. Uşaq sentyabr ayından atası ilə qalsa da, iddiaçı onunla maraqlanmır, uşaqdan xəbəri olmur. Elə buna görə də uşaq bir müddətdir ki, davamlı qadınları alçaldan “Youtube” kanalı proqramlarına baxır, iki dostu ilə birlikdə bu cür fikirlərin təsiri altına düşür. İddiaçı özü də bilir ki, onun oğlu Yusifə görə verdiyi alimenti o, digər yetkinlik yaşına çatmış oğullarının təhsilinə xərcləmişdir. Hər bir halda iddiaçının oğlu Yusifə görə ödədiyi alimentdən azad edilməsinə etiraz etmir. Odur ki, məhkəməyə ərizə verərək, iddiaçının uşağa görə ödədiyi alimentdən azad edilməsinə etiraz etmədiyini bildirdi.
Uşağın fikri.
5. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2005-ci il təvəllüdlü X5 bildirdi ki, 2022-ci ilin sentyabr ayının 1-dən atası ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin həyətdə həm o, atası və atasının yoldaşı, həm də bibisigil yaşayır. Maddi ehtiyaclarını atası qarşılayır. Anası ilə qaldığı vaxtlarda da atası onun saxlanılması üçün alimenti həmişə ödəmişdir. Hazırda atası ilə qaldığından atasının alimentdən azad edilməsinə etiraz etmir. Anasının izahatında bəhs etdiyi “Youtube” kanalının isə bu məsələyə heç bir aidiyyəti yoxdur.
İş materialları.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-211/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X7 arasında Rusiya Federasiyası, Tümen vilayəti, Muravlenko şəhərində xx.xx.1996-cı il tarixdə 218 saylı akt qeydi ilə rəsmiləşdirilən nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alınaraq X4 verilməsi qət edilmişdir. İşin faktiki halları.
7. İddiaçı və Cavabdeh xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-211/2020 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən, birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X2 anası X3 yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X4 verilməsi qət edilmişdir.
8. Hazırda İddiaçı cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 artıq onunla birlikdə yaşadığını iddia edərək, uşağa görə ödədiyi alimentdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə uşağın artıq iddiaçı ilə qaldığını qəbul etmiş, eyni zamanda məhkəməyə ərizə verərək, iddiaçının uşağa görə aliment ödəməkdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2005-ci il təvəllüdlü X5 da atası ilə birlikdə yaşadığını bildirmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvvəlüdlü X2 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və uşağın saxlanılması üçün ata İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin tərəflərin izahatlarından, eləcə də məhkəmə iclasında fikri dinlənilmiş uşağın dediklərindən də göründüyü kimi 2022-ci ilin sentyabr ayından etibarən həmin uşaq atası ilə birlikdə yaşamağa başlamışdır. İddiaçı da elə bu əsasla alimentdən azad edilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. Məhkəmə qeyd edir ki, aliment uşağı saxlamayan valideyndən uşağı saxlayan valideynin xeyrinə məhz uşağın saxlanılması üçün ödənilən vəsaitdir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvvəlüdlü X5 hazırda İddiaçı yanında qaldığından iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-211/2020 saylı qətnaməsinə əsasən uşağın saxlanılması üçün ödəməli olduğu alimentdən azad edilməlidir.
15. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdeh iddianı etiraf etsə də, bu etirafın uşağın üstün maraqlarına və qanunla qorunan mənafelərinə uyğunluğunun yoxlanılması üçün məhkəmə etirafı təsdiq etməklə kifayətlənməmiş, yuxarıda qeyd edilmiş araşdırmanın aparılmasını zəruri hesab etmişdir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 211/2020 saylı qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu alimentdən azad edilməlidir.
17. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 211/2020 saylı qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu alimentdən azad edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva