Məhkəmə qərarları › İş №2(010)-3444/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3444/2024

06.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3444/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) "daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) "daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyul 2023-cü ildə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində 43-1081 nömrəli reyestrli “daşınmaz əmlakın bağışlama müqaviləsinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-3444/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) "daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qanuni nümayəndə əsl Cavabdeh ilə əvəz olunmuşdur.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qanuni nümayəndə ilə 12 sentyabr 2015-ci il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah məhkəmə qaydasında 04 dekabr 2013-cü ildə tarixdə pozulmuşdur. Nikahları pozulmamışdan qabaq aralarında narazılıqlar olurdu və o, bu narazılıqlara son qoyulmasını xahiş etmişdir. Qanuni nümayəndə bildirmişdir ki, son qoyulmasını istəyirsə İsmayıllıda olan torpaq sahəsini oğlu Gərayın adına keçirtsin. O, isə onun nə fərqi olduğunu onsuzda onun olan övladlarının olacağını bildirdi, Fatma isə oğlunun adına keirilməsini təkid edir, o, da ailəsi dağılmasın deyə məcbur olub razılaşmışdır. İsmayıllı rayonu, Qaraqaya kəndində yerləşən ümumi sahəsi 65,36 m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamış və 30 iyul 2023-cü ildə 1 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisində 4Ə-1081 № reyestrli daşınmaz əmlakın bağışlama müqaviləsini imzalamışdır. Sentyabr ayında yoldaşı torpağı oğlunun adını keçirdikdən sonra beynində qurduğu planı həyata keçirərək ilkin qaydada mediasiyaya daha sonra isə məhkəməyə boşanma üçün müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş övladı anasının yanında saxlanılmışdır. Hesab edir ki, burda cavabdeh onu aldatmış hüquqdan istifadə edərək ona məxsus əmlakı övladı vasitəsi ilə ələ keçirmişdir. Hesab edir ki, cavabdeh ona məxsus evi ələ keçirməklə planını açıq-aşkar şəkildə büruzə vermişdir. Ona görə də bağışlamadan imtina edilməklə bağışlama müqaviləsi ləğv edilməlidir.

Tərəflərin izahatları.

4. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin iclasında dindirilən cavabdeh Qanuni nümayəndə izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onların nikahları 2024-cü ilin yanvar ayında tamamilə pozulmuşdur. Aralarında ailə ola bilməmək problemləri var idi, müəyyən cəhdlər etmiş, övladının xatirinə daha çox ailənin bərpası üçün çalışmış, ancaq heç bir nəticə əldə edə bilməmişlər, uşağın gələcəyi üçün boşanmaq qərarına gəlmişlər. Mediasiyaya müraciət etdiyi vaxt İsmayıllıda olan torpaq sahəsi ilə bağlı heç bir mübahisələri olmamışdır. İddiaçı mülkün övladın adına keçirildikdən sonra onun mediasiyaya, məhkəməyə müraciət etdiyini bildirmişdir. Onların barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmış və orada İsmayıllıda olan mülklə bağlı heç bir danışıq olmamışdır. Yalnız onun dövlət qulluqçusu olmağı səbəbi ilə Mida yaşayış kompleksindən ev almış və bundan sonra da 25 il həmin ev üçün ödəniş etdikdə evə tam sahib ola biləcəkdir. Bu səbəbdən barışıq sazişi imzalayanda birgə nikah dövründə əldə olunan mülkün bölünməsi barədə tələbləri olmadığını qeyd etmişlər. Mediasiyada onlara danışıb barışmaqları təklif edilmiş və 2 gün vaxt verilmiş, lakin iddiaçı özü həmin gün evə gec saatda gəldiyi üçün heç qarşılıqlı danışa bilməmişlər. Onlar mediasiyada qarşılıqlı razılığa gəlmişlər və uşağın onun yanında qalmasına, hər ay 250 manat məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmiş, o, isə övladının atasına bağlılığını nəzərə alaraq uşağa travma yaşatmamaq üçün sərbəst görüşmələrinə icazə vermişdir. Onlar bu barışıq sazişini bağladıqdan 5 gün sonra iddiaçı özü könüllü olaraq İsmayıllıdakı torpaq sahəsini övladına bağışlamış, bu barədə də ona heç bir güc-zorakılıq tətbiq edilməmiş, heç bir şərt qoyulmamışdır. Buna səbəb isə iddiaçının ailədaxili problemlərinin olması idi. Onun gəlin köçüb gəldiyi evə qeydiyyata saldırmadılar, buna səbəbkar isə iddiaçının anası idi. Həmin ev birgə nikah dövründən əvvəl alınıb, o, həmin evlə əlaqəli yalnız övladı olduğu üçün yaşamaq hüququnu tələb edə bilər. İddiaçı bağışlanma olduqdan sonra boşanma üçün müraciət etdiyini bildirmiş, lakin təqdim edilən sənədlərdən deyilənlərin yalan olduğu öz təsdiqini tapır. Hətta onun qardaşları boşanmaqlarına qarşı idi, o, da övladı ilə birlikdə Naxçıvana getmiş, iddiaçı da onlardan sonra barışmaq üçün arxaları ilə gəlmiş, orada onlarla istirahət etmiş, onlardan da 5 gün qabaq gəlib başqa rayonda istirahət etməyə getmişdir. Bu müddət ərzində də iddiaçı ilə sözün uyğunlaşmadığından əmin olmuşdur. O, da iddiaçıya artıq Hövsanda olan evdə yaşayacağını, ailəni bərpa etmək istəyirsə, iddiaçının da orada yaşamasını bildirmiş, çünki tək iddiaçı ilə yox, anası ilə də problemləri var idi. İddiaçı isə ona şəhərdə olan evini qoyub Hövsanda 2 otaqlı balaca evdə yaşamaq istəmədiyini bildirmişdir. O, da Hövsana köçüb orada övladı ilə birlikdə yaşamağa başlamışdır. Hal-hazırda həmin torpaq sahəsi onun azyaşlı övladına bağışlanmış və o , yetkinlik yaşına çatdıqdan sonra həmin torpaq sahəsi üzərində sərənam verə bilər. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

6. Üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları. 7.Azərbaycan Respublikası İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının 137 nömrəli 01 oktyabr 2009-cu il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı İsmayıllı rayonunda kommunikasiya xətlərinin qoşulmasını və layihəsini aid idarələrlə razılaşdırılmaqla yaşayış evlərinin və təsərrüfat tikilisinin inşasına icazə verilmişdir (Qaraqaya kəndində MH seriyalı 001198 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa uyğun torpaq sahəsində ümumi sahəsi 65,36 kv.m, yaşayış sahəsi 45,48 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi).

8. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İsmayıllı rayonu, Qaraqaya kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,035 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır.

9. Binəqədi Rayon Qeydiyyat Şöbəsinin nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Qanuni nümayəndə arasında olan nikaha 07 yanvar 2024-cü il tarixində xitam verilmişdir.

10. Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(001)-6598/2023 nömrəli qətnaməsindən görünür ki, Qanuni nümayəndə ilə İddiaçı arasında olan Səadət Sarayı Bakı nikah evində 12 sentyabr 2015-ci il tarixdə bağlanmış və 984 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

11. Qanuni nümayəndə ilə İddiaçı arasında 25 iyul 2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, ata İddiaçı, övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh ana Qanuni nümayəndə himayəsində qalmasına razılıq verir, ana Qanuni nümayəndə övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh ata İddiaçı ilə sərbəst görüşmələrinə etiraz etmir, ata İddiaçı, övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh saxlanılması üçün 250 manat aliment ana Qanuni nümayəndə ödəməyi öhdəsinə götürür, aliment hər ayın 1-dən 5-dək Qanuni nümayəndə kart hesabına ödəniləcək, alimentin ödənilməsi 05 sentyabr 2023-cü il tarixindən hesablanacaq, tərəflərin bir-birindən birgə nikah dövründə əldə olunan mülkün bölünməsi tələbi yoxdur, tərəflər qarşılıqlı razılığa gəldilər ki, nikahın pozulması hissəsini məhkəmə müstəvisində həll edəcəklər.

İşin faktiki halları.

12. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Qanuni nümayəndə ilə İddiaçı arasında 12 sentyabr 2015-ci il tarixdə Bakı nikah evində rəsmi nikah bağlanmış və tərəflərin birgə nikahdan xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh doğulmuşdur. Tərəflər arasında 25 iyul 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişinin şərtlərinə görə ata İddiaçı, övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh ana Qanuni nümayəndə himayəsində qalmasına razılıq verir, ana Qanuni nümayəndə övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh ata İddiaçı ilə sərbəst görüşmələrinə etiraz etmir, ata İddiaçı, övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh saxlanılması üçün 250 manat aliment ana Qanuni nümayəndə ödəməyi öhdəsinə götürür, aliment hər ayın 1-dən 5-dək Qanuni nümayəndə kart hesabına ödəniləcək, alimentin ödənilməsi 05 sentyabr 2023-cü il tarixindən hesablanacaq, tərəflərin bir-birindən birgə nikah dövründə əldə olunan mülkün bölünməsi tələbi yoxdur, tərəflər qarşılıqlı razılığa gəldilər ki, nikahın pozulması hissəsini məhkəmə müstəvisində həll edəcəklər. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və İddiaçı İsmayıllı rayonu, Qaraqaya kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,035 ha olan torpaq sahəsini övladı Cavabdeh bağışlamışdır. Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(001)-6598/2023 nömrəli qətnaməsi əsasən Qanuni nümayəndə ilə İddiaçı arasında olan Səadət Sarayı Bakı nikah evində 12 sentyabr 2015-ci il tarixdə bağlanmış və 984 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673. Bağışlamaqdan imtina 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1.hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2.hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3.o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarı

Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1 -ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Qanuni nümayəndə ilə İddiaçı arasında 12 sentyabr 2015-ci il tarixdə Bakı nikah evində rəsmi nikah bağlanmış və tərəflərin birgə nikahdan xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh doğulmuşdur. Tərəflər arasında 25 iyul 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişinin şərtlərinə görə ata İddiaçı, övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh ana Qanuni nümayəndə himayəsində qalmasına razılıq verir, ana Qanuni nümayəndə övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh ata İddiaçı ilə sərbəst görüşmələrinə etiraz etmir, ata İddiaçı, övladları xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh saxlanılması üçün 250 manat aliment ana Qanuni nümayəndə ödəməyi öhdəsinə götürür, aliment hər ayın 1-dən 5-dək Qanuni nümayəndə kart hesabına ödəniləcək, alimentin ödənilməsi 05 sentyabr 2023-cü il tarixindən hesablanacaq, tərəflərin bir-birindən birgə nikah dövründə əldə olunan mülkün bölünməsi tələbi yoxdur, tərəflər qarşılıqlı razılığa gəldilər ki, nikahın pozulması hissəsini məhkəmə müstəvisində həll edəcəklər. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və İddiaçı İsmayıllı rayonu, Qaraqaya kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,035 ha olan torpaq sahəsini övladı Cavabdeh bağışlamış, qanuni nümayəndə kimi Qanuni nümayəndə iştirak etmişdir. Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(001)-6598/2023 nömrəli qətnaməsi əsasən Qanuni nümayəndə ilə İddiaçı arasında olan Bakı nikah evində 12 sentyabr 2015-ci il tarixdə bağlanmış və 984 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

18. Məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin öz azyaşlı övladına bağışlamasında olan niyyətinin nikahın pozulmasının qarşısının alınması ilə əlaqələndirsə də, müqavilə üzrə tərəflər iddiaçı ilə onun oğludur. Bundan əlavə iş materiallarından ər-arvadın bağışlama müqaviləsindən öncə barışıq sazişi bağladıqları və barışıq sazişinin şərtlərinə görə nikahın pozulması tələbi ilə bağlı tərəflərin məhkəməyə müraciət edəcəkləri öz əksini tapmış və Qanuni nümayəndə nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi halı iddiaçıya əvvəlcədən məlum olmuşdur.

19. İddiaçı hazırda tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini mübahisələndirərək müqavilənin bağlanılmasında Qanuni nümayəndə tərəfindən aldadıldığına əsaslanmış, müqavilənin bağlanacağı halda ailənin bütövlüyünü bərpa olunacağını zənn edərək müqaviləni imzaladığını qeyd edərək müqavilənin ləğv olunmasını tələb etmişdir.

20. İddiaçı bağışlanma müqaviləsinin ləğvi tələbini irəli sürsə də, iddiaçının öz tələbini əsaslandırdığı hallar müqavilənin etibarsız hesab olunması üçün əsas olan hallara aiddir. Belə ki, iddiaçı müqavilə bağlanan zaman aldadıldığını iddia edir və aldadılma halı MM-nin 339-cu maddəsinin tələbinə əsasən müqavilənin etibarsız hesab olunması üçün əsasdır.

21. Məhkəmə hesab edir ki, hazırkı müqavilə İddiaçı ilə tərəflərin birgə nikahından olan xx xxxx 2017-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış və müqavilə üzrə Qanuni nümayəndə azyaşlı uşağın qanuni nümayəndəsi kimi iştirak etmişdir. Müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir və həmin müqavilə tərəflərin iradə ifadəsinə əsasən Mülki Məcəllənin tələblərinə uyğun bağlanmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

22. Hazırkı halda, iddiaçı Qanuni nümayəndə tərəfindən aldadıldığını iddia edərək daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanmasının ailənin bütövlüyünü bərpa olunacağı halı ilə əlaqələndirsə də, məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin tərəfi tərəflərin birgə nikahından doğulan uşaqdır. Qanuni nümayəndə həmin müqavilə bağlanan anda cavabdehin qanuni nümayəndəsi qismində iştirak etmiş və məhkəmə iclasında həmin əmlaka dair hər hansı sərəncam vermək arzusunda olmadığını və həmin əmlaka dair sərəncam vermək hüququnun yetkinlik yaşına çatdıqdan sonra uşağa məxsus olduğunu bildirmişdir.

23. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən onun iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz və rədd olunmalıdır.

Məhkəmə xərcləri.

24. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) "daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. 26.Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) "daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar