Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3445/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 340 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutulması və həmçinin xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 100 manat alimentin onun üçün tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 bir övladları var. Lakin cavabdehlə xasiyyətlərinin tutmaması nəticəsində nikahları pozulmuşdur və qeyd olunan qətnamə tərəfindən məhkəməyə təqdim edilir. Nikah pozulduqdan sonra yenə barışmış və faktiki bir yerdə yaşamışlar. Faktiki nikahlarından ikinci övladları xx.xx.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdehin uşaqların saxlanımasında iştirak etməməsi və maraqlanmamasıdır. Hazırda məhkəmə qətnaməsinə əsasən cavabdehdən Turanın saxlanılması üçün 136 manat məbləğində aliment tutulması nəzərdə tutulsa da cavabdeh borcunu ödəmir. Maddi durumu uşaqlara baxmaq gücündə deyil və buna görə də X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat müəyyən edilməsi, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutulması və həmçinin X2 3 yaşına çatanadək hər ay 100 manat alimentin onun üçün tutulması tələb edir. Belə ki, cavabdeh ailəli olduğu zamanlarda olduğu kimi hazırda da işləyir və yaxşı əmək haqqı alır. O isə heç bir yerdə işləmir və yalnız uşaqlarına baxır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, X5 onlar arasında olan nikah pozulduqdan sonra birgə yaşadıqları zaman doğulmuşdur və o, hər iki uşağın onun övladları olması faktını inkar etmir. Hazırda “xxxxxx” MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışır və rəsmi olaraq 400 manat, vergilər çıxılmaqla isə 368 manat əmək haqqı alır. Aylıq gəlirinin aşağı olmasına baxmayaraq uşaqların saxlanması üçün əlindən gələni hər zaman etmiş və yenə də etməyə hazırdır. Lakin iddiaçının tələb etdiyi aliment məbləği həddindən artıq yüksəkdir. Hazırda onlar arasında aliment qətnaməsi mövcuddur və o, oğlu Turanın saxlanılması üçün 136 manat məbləğində aliment ödəyir. Qeyd olunan qətnamənin isə dəyişdirilərək alimentin artırılmasına razı deyil. Digər oğlu Turhan üçün isə ancaq yaşayış minimumunun yarısı qədər aliment ödəməyə razıdır. İddia tələbinin maddi yardımla bağlı hissəsini isə ümumiyyətlə qəbul etmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin olunmasına, yəni X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmədiyini bildirdi. Cavabdeh vəkili X4 iddia tələbini qismən qəbul edərək cavabdehin iş yerindən arayış təqdim etdi və bildirdi ki, Cavabdeh hazırda “xxxxxx” MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışır və 400 manat əmək haqqı alır. İddiaçı isə heç bir yerdə işləmir və aztəminatlı ailələr üçün nəzərdə tutulmuş sosial müavinəti almaq üçün müraciət etmək də istəmir. Göründüyü kimi iddiaçının əsas məqsədi sadəcə olaraq cavabdehlə prinsip aparmaqdır. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Cavabdehin anası isə sosial pensiya alır və pensiya məbləği olduqca azdır. Cavabdeh yalnız əmək haqqısı ilə qeyd olunan məbləğdə alimenti ödəyə bilməyəcəkdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin olunmasına, yəni X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmədiyini bildirərək, iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 545/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 1323 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2017-ci il tarixindən başlayaraq hər ay 136 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 636791 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-cı ilin 10-cu ayının 11-ci günündə 6376 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 292359 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin 05-ci ayının 19-cu günündə 2653 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 469 №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən “xxxxxx” MMC-də Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manatdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İlkin olaraq, iddiaçı övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, alimentin miqdarının artırılması hissəsində iddia rədd edilməlidir. Həmçinin, iddiaçı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa bocludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan qiymət kimi qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx xxxxxx 2020-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, iddiaçı X2 3 yaşına çatanadək hər ay 100 manat alimentin onun üçün tutulması tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddia tələbinin maddi yardımla bağlı hissəsinə gəldikdə məhkəmə belə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan arayışdan göründüyü kimi Cavabdeh “xxxxxx” MMC-də Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manatdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-545/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment, hazırki qətnamə ilə isə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 306 manat alimentin tutulması qət edilmiş, iddiaçı tərəfindən isə cavabdehin aylıq əmək haqqından əlavə digər gəlirlərinin olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə tmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması müddəti xx xxxxxx 2020-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. Cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3445/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3445/2020
10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver