Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3458/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X5 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 2500 manat pulun və 45,40 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2500 manat, Cavabdeh 2500 manat pulun və 45.40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-786/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmişdir. Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmündə zərərçəkmiş şəxsin hüququ varisi kimi Cavabdeh tərəfindən verilmiş izahatdan məlum olmuşdur ki, təqsirləndirilən şəxs X7 tərəfindən Cavabdeh 2500 manat və X5 isə 2500 manat məbləğində pul ödənilmişdir. Bununla bağlı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh və X3 şəxsi bank hesabınlarına hər birinə 2500 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda məlum olmuşdur ki, Cavabdeh və digər cavabdeh X8 heç bir qanunu əsas olmadan əsassız varlanmışdır. Qeyd olunanalara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2014 saylı hökmü ilə X7 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra qeyd edilən hökmdən şikayət verilmiş, lakin həm Suraxanı rayon Məhkəməsi və həmçinin Bakı Apelyasiya Məhkəməsi ona dəymiş ziyanın ödənilməsini təmin etmədiyindən o, yekunda mülki iddiadan imtina etmişdir. Belə ki, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin iddia ərizəsində qeyd etdiyi onun və onun həyat yoldaşı X8 tərəfindən ümumilikdə 5 000 pulun alınmasına dair iddiası tam əsassız və qanunsuzdur. Onlar təqsirləndirilən şəxsdən hər hansı ödəniş almamışlar. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilməlidir. Hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. İddiaçı tərəfindən sığorta ödənişi onlara 2013-cü ilin sonları 2014-cü ilin əvvəlində həyata keçmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həm əsassız varlanma ilə əlaqədar müəyyən olunmuş 2 illik iddia müddəti, həmçinin Mülki Məcəllədə müqavilə tələbləri ilə nəzərdə tutulmuş 3 illik iddia müddəti bitmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Belə olan halda, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 05 mart 2014-cü il tarixli 004832 saylı «sığorta aktından» aydın olur ki, 26 sentyabr 2013-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 məxsus «Volkswagen Polo» minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil aşmış və nəticədə avtomobildə olan sərnişin X6 ölmüşdür. Vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən ölümə görə sığorta məbləği 5000 manat müəyyən edilmiş, Cavabdeh bank hesabına 2500 manat, X3 hesabına isə 2500 manat köçürülmüşdür. İş materiallarında olan Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 fevral 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 sentyabr 2013-cü ildə ölmüşdür. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli 1(010)-38/2014 saylı hökmün surətindən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki iddiaçı Cavabdeh mülki iddiaçı X4 qarşı mülki iddiası baxılmamış saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2014-cü il tarixli 1(103)-786/2014 saylı qərarının surətindən görünür ki, Suraxanı rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli 1(010)-38/2014 saylı hökmü dəyişdirilmiş, həmin hökmdən mülki iddiaçı Cavabdeh mülki iddiasının baxılmamış saxlanılmasına dair hissəsi ləğv edilmiş və S.Şərifovun vermiş olduğu mülki iddiadan imtina etməsi ilə bağlı onun mülki iddiası üzrə icraata xitam verilmiş, ona cinayət mühakimə icraatında təkrar iddia vermək hüququnun olmaması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələnin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.3.-ci maddəsinə əsasən mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi hissəsinin İİİ Fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində ücüncü şəxsin sağlamlığına zərər vurulduqda, bir şərtlə ki, zərərçəkən zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı tələb irəli sürməsinə baxmayaraq, bu tələb təmin edilməmiş olsun. Həmin qanunun 14.1.-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.3. şəxsin ölümü. Bu qanunun 14.2.-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; Həmin qanunun 19.4.-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 26 sentyabr 2013-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 məxsus «Volkswagen Polo» minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil aşmış və nəticədə avtomobildə olan sərnişin X6 ölmüşdür. Vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən ölümə görə sığorta məbləği 5000 manat müəyyən edilmiş, Cavabdeh bank hesabına 2500 manat, X3 hesabına isə 2500 manat köçürülmüşdür. Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-786/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə Suraxanı rayon Məhkəməsinin 1(010)-38/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmiş və mülki iddia üzrə iş üzrə icraata xitam verilmişdir. Belə ki, zərərçəkənin hüquqi varisi mülki iddiadan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, zərərçəkmiş şəxsin hüququ varisi kimi Cavabdeh hüzr və dəfn mərasimlərinə 17000 manat pul xərclədiyini bildirsə də, bununla bağlı mülki iddia qaldırmış və sonradan mülki iddiadan imtina etmişdir. Təqsirləndirilən şəxsin atası tərəfindən zərərçəkən şəxsin ailəsinə (hüzr, dəfn xərci və s.) maddi yardımın göstərilməsi üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzinin verilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa yol nəqliyyat hadisəsi xx.xx.2013-cü il tarixdə baş vermiş və sığorta ödənişi isə xx.xx.2014-cü il tarixdə baş tutmuşdur. Suraxanı rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli 1(010)-38/2014 saylı hökmü ilə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2014-cü il tarixli 1(103)-786/2014 saylı qərarı ilə Suraxanı rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli 1(010)-38/2014 saylı hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf hökmdən məlumatsız olduğunu qeyd etsə də, ona sığorta hadisəsi, o cümlədən sığorta ödənişinin aparılması vaxtı bəlli olmuşdur və bununla bağlı olaraq hökmün mövcud olub-olmaması barədə məhkəməyə müraciət etməmişdir. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X5 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3458/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3458/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver