Məhkəmə qərarları › İş №2(010)-3475/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3475/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3475/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 avqust 2005-cı il təvəllüdlü X3 və 21 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli 2(010)-1366/2019 saylı qətnaməsinə əsasən təyin edilmiş hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin dəyişdirilərək hər ay sabit pul məbləğində hər bir uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında olan nigah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(010)-129/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə ailə münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki övladları var. Cavabdeh hər uşaq üçün 120 manat, ümumilikdə 240 manat aliment ödəyir. Hal-hazırda X1 16 yaşı, oğlu X2 13 yaşı var. Suraxanı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların heç bir tələbatının ödənilməsinə yetmir. Bu baxımdan da alimentin artırılması üçün müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-1366/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cıı il tarixdə anadan olmuş X2 xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment aliment tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-1366/2019 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağınsaxlanmasınınhər iki valideynin vəzifəsi olması,uşağınsaxlanması ilə bağlıvalideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh uşağa görə sabit pul məbləğində hər ay hər bir uşaq üçün 160 manat olmaqla cəmi 320 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cıı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay 120 manat olmaqla cəmi 240 manat aliment tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-1366/2019 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-1366/2019 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 58.40 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(010)-1366/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 08 avqust 2005-ci il tarixdə X1 və 21 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 58.40 manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar