Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3480/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 (dörd min) manat miqdarında pulun və eyni zamanda dəymiş mənəvi zərərə görə 2000 ( iki min) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Yaxın tanışı X3 əlilliklə bağlı pensiya işində problem yaranmışdır. Qeyd edilən problemin müzakirəsi zamanı cavabdeh onların yanında olduğundan bildirmişdir ki, X4 bu barədə köməklik edə bilər. Eyni zamanda bildirmişdir ki, tanışları vasitəsilə X1 göstərəcək, lakin bunun üçün 3000 ( üç min) manat pul ödəməlidir. Həmin günün sabahı X6 pulu Cavabdeh verdi. Pul Cavabdeh verildikdən təqribən 5-6 gün sonra X6 müayinə üçün tibbi komissiyaya çağrıldı. Lakin komissiya günü Cavabdeh komissiyada olan tanışı X4 bildirildi ki. əlavə olaraq 1000 ( min) manat da gətirməlidir. X2 Hicran Qənahət oğluna zəng vurmuş və deyilənlərin doğru olub-olmadığını aydınlaşdırmağa çalışmışdır. Cavabdeh isə X4 bildirmişdir ki, bizlikdir, narahat olmayın, həll ediləcək. Əlavə olaraq X4 bildirildi ki, işi 1 ay ərzində həll olunacaq. Bir müddət sonra bəlli oldu ki, Cavabdeh X3 pulunu aldatma yolu ilə mənimsəyib və işi də düzəlməyib. Belə olduğu halda X2 Hicran Qənahət oğluna verilən 4000 ( dörd min) manat pulunu geri tələb etmişdir. Əlavə olaraq bildirmişdir ki, əgər pulunu qaytarmasa, evinə gedəcək, olanları ailəsinə bildirəcək. Bunu eşidən Cavabdeh ona (iddiaçıya) yalvar-yaxarla xahiş etdi ki, “pul tap, mənə zamin dur, X3 pulunu qaytarım. Hara gedirəmsə borc veriləcək pulun faizi çox deyilir, bu səbəbdən faizə pul götürə bilmirəm ki, Məhəmmədin pulunu qaytarım”. Onun tərəfindən humanistlik göstərildi və o, tanışından 4000 ( dörd min) manat borc pul götürdü. Pulu cavabdehə verən zaman onun da razılığı ilə pulun verilməsi videoya yazıldı. Beləliklə 4000 ( dörd min) manat pul X4 qaytarılması məqsədilə Cavabdeh verildi. Cavabdeh ondan aldığı borc pulla X4 olan borcunun bağladı. Cavabdeh eyni zamanda ona (iddiaçıya) bildirdi ki, yaxın vaxtlarda nəyin bahasına olursa olsun borcunu qaytaracaq, çünki onun belə çətin vəziyyətində o, ona kömək etdi, o da X4 olan borcunu bağladı. Lakin bır müddət sonra cavabdehin hərəkətlərindən də bəlli oldu ki, Cavabdeh ondan borc aldığı pulu geri qaytarmaq fikri yoxdur. Pulla bağlı çoxsaylı bəhanələr gətirildi. İddiaçı bunu maddi vəziyyəti ilə əlaqələndirdi. Cavabdeh artıq 1 ( bir) ildən çox müddətdir ki, ona borc olaraq verdiyi pulu geri qaytarmır.Təəssüf ki, cavabdeh borc aldığı pulu bu günədək qaytarmayıb. O, cavabdehlə görüşərək, eyni zamanda dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, ondan borclu olduğu pulu qaytarmasını xahiş etmişdir. Lakin cavabdeh bugün-sabah deyərək, ona qaytarmalı olduğu borcu qaytarmamışdır. Hal-hazırda cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulu qaytarmaq fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azından bu qədər uzun müddət ərzində pulu tam qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir. Yekun olaraq, bildirir ki, cavabdehin ona bu günə olan borcu 4000 ( dörd min ) manat təşkil edir. Cavabdeh - Cavabdeh təqsirli hərəkətinin nəticəsi olaraq, eyni zamanda onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. O, mənəvi stress və əsəb keçirmişdir. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyil.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ona cavabdehə verdiyi 4000 manat borcdan cəmi 250 manat ödəniş edilmişdir. Hazırda o, cavabdehə vermək üçün borca götürdüyü pula görə faiz ödəməkdə davam edir. Hazırki mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə dəfələrlə çalışsa da, lakin cavabdeh pulu onu geri qaytarmamışdır.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıdan pul götürməyib və ona faiz olaraq pul ödəməyib. Nazimə 250 manatı isə ona köməklik üçün verib. Çünki Nazim ona müraciət edib bildirmişdi ki, faiz pulu ödəyir və vəziyyəti çətindir. Buna görə də, ona 250 manatı borc olaraq vermişdir. Eyni zamanda, bildirdi ki, Əliş aldı şəxsin sənəd probleminin həlli üçün onun yanında 3000 manat pulu alıb məsələni həll etməli olan tanışına vermiş və özü həmin puldan götürməmişdir.
İş materialları.
5. İş materiallarında olan DVD-R diskə baxış keçirilən zaman tərəflər arasında pul məsələsi ilə əlaqədar müəyyən danışıqların aparıldığı müəyyən edilmişdir. Həmin səs yazılarından müəyyən olunur ki, Cavabdeh İddiaçı maddi imkanın olmaması, işləməmsinə görə ona pulu qaytara bilməyəcəyinə inandırmağa çalışır. Həmin diskdə olan videoyazıdan müəyyən olunur ki, İddiaçı Cavabdeh avtomobildə digər şəxsin də iştirakı ilə 4000 manat məbləğində pul verir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Nazimlə onun sənəd problemi barədə söhbət edən zaman Hicran bildirmişdir ki, onun tanışı bunu həll edəcək. 3000 manat pulu oğlu əlbəəl Hicrana vermişdir. Daha sonra 1000 manat da verilmişdir. İş alınmayandan sonra isə onun pulunu qaytarmışdır. Pulu qaytarmaq üçün Nazimlə Hicran onun iş otağına gəlmiş, pulu ona Nazim təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, onlar faizə pul götürüb onun pulunu qaytarıb. Tərəflər arasında pul məsələsi ilə bağlı nə olduğunu isə o bilmir, həmin məsələ onların öz aralarında olmuşdur.
İşin faktiki halları.
7. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehə onun digər Məhəmməd adlı şəxsə olan borcunu ödəməsi üçün 4000 manat verdiyini və cavabdehin cəmi 250 manat ödəniş edərək qalan məbləğini qaytarmadığını bildirir və bu səbəbdən qalan məbləğin qaytarılmasını, eyni zamanda hazırki mübahisəli məsələ ilə əlaqədar ona mənəvi ziyan vurulduğunu bildirərək iddia tələbində qeyd etdiyi 2000 manat pul vəsaitinin əlavə olaraq mənəvi ziyan kimi tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, iddiaçıdan pul almamışdır, əksinə iddiaçı ona maddi vəziyyəti yaxşı olmadığı (borclarının olduğu) üçün pul verilməsini istəmiş, o da 250 manat köməklik üçün pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Cavabdeh ona 4000 manat pul verməli idi, həmin borcu Nazim və Hicran onun iş otağına gələrək qaytarmışlar.Tərəflər arasında pul məsələsi ilə bağlı nə olduğunu o bilmir, həmin məsələ onların öz aralarında olmuşdur.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
10. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı Qərarı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
13. Mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin əsas hissəsi pul məbləğinin geri qaytarılması tələbidir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki işin araşdırılan hallarından aydın olur ki, mübahisə obyektini təşkil edən pul vəsaiti 4000 manatdır, lakin tərəflər arasında yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. Deməli, tələbin qeyd edilən hissəsinə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Ona görə ki, qanunverici qeyd edilən məbləğdə pula münasibətdə yazılı borc müqaviləsinin tərtib edilməsini tələb edir. Bu baxımdan, məhkəmə hesab edir ki, 4000 manat pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin məbləğin cavabdehdə qalmasını şərtləndirən əsasların olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün hazırki mübahisəyə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normaları əsasında baxılmalıdır. İşin araşdırılan hallarından aydın olur ki, hazırki iddia tələbində cavabdeh iddiaçıdan borc almadığını, əksinə iddiaçının özü borcları olduğu üçün cavabdehdən pul istədiyini və bu səbəbdən cavabdehin ona pul verdiyini bildirsə də, lakin iş materiallarında olan DVD-R diskə baxış keçirilən zaman tərəflər arasında pul məsələsi ilə əlaqədar müəyyən danışıqların aparıldığı müəyyən edilmiş və aydın olmuşdur ki, cavabdeh Nazimə ünvanladığı səs yazısında hazırda işləmədiyini, iş olan kimi işləyib ona pulu qaytaracağını bildirmişdir. Eyni zamanda, həmin diskdə olan cavabdehin Nazimə ünvanladığı digər səs yazılarında da borcun qaytarılacağı məzmununda danışıqlar apardığını, bundan başqa Hicranın özü tərəfindən avtomobildə çəkiliş aparılarkən Nazimin 4000 manat pulu əlində tutması və Hicranın da həmin pulu götrüb borclu olduğu şəxsə verəcəyini deməsini əks etdirən video material öz əksini tapmışdır. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, nəzərdə tutulan iş alınmayandan sonra Hicran onun pulunu qaytarmışdır. Pulu qaytarmaq üçün Nazimlə Hicran onun iş otağına gəlmişlər, pulu ona Nazim təqdim etmişdir. Tərəflər arasında pul məsələsi ilə bağlı nə olduğunu isə o bilmir, həmin məsələ onların öz aralarında olmuşdur. Şahid ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, ifadə ziddiyətli deyil, işin hallarını detallı təsvir edir, şahidin tərəflərdən hər hansı birinə münasibətdə təəsübkeşliyi və ya qərəzi müəyyən edilmir. Tərəflər də şahid ifadəsinin hər hansı hissəsinə etiraz bildirməmişlər. Ona görə də, məhkəmə şahid ifadəsinə tənqidi yanaşılması üçün əsas görmür. İşin araşdırılan halları o qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında borc pul vəsaitinin verilməsi ilə bağlı münasibət olmuş və cavabdehin digər şəxsə (hazırki iş üzrə dindirilən şahid X4) qaytardığı 4000 manat pul vəsaiti elə məhz iddiaçı tərəfindən verilmişdir. İddiaçı tərəfindən cavabdehə verilən pul məbləğinin cavabdehdə qalmasını şərtləndirən hüquqi əsaslar mövcud deyil. Qaytarılmalı olan pulun məbləğinə gəldikdə isə, hazırkı məhkəmə iclasında iddiaçı özü bildirir ki, cavabdeh cəmi 250 manat ödəniş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, Cavabdeh 3750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
14. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyana görə tələb edilən 2000 manat pul vəsaitinə münasibətdə əsaslı deyildir. Məhkəmə qeyd edir ki, yuxarda qeyd olunan AR Ali Məhkəməsi Plenumunun qərarından aydın olur ki, “mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. İşin hallarından müəyyən olunur ki, tərəflər uzun müddətdir ki, yoldaşlıq edirlər, elə pulun verilməsi də bu münasibət əsasında olmuşdur. Tərəflərin izahatlarından və işdə olan səs yazılarından da görünür ki, cavabdeh pulu iddiaçıya qaytarmayacağını açıq-aşkar bildirməmiş, pulu qaytarmamasının səbəbini maddi imkansızlığı ilə əsaslandırmış, imkanı olan kimi pulu qaytaracağını bildirmişdir. İddiaçının izahatlarından da aydın olur ki, iddiaçı özü də bu hala müəyyən müddət anayışla yanaşmış, lakin sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
15. Məhkəmə yuxarıda qeyd olunan qərara istinad etməklə bildirir ki, iddiaçı hazırki tələbində mübahisəli məsələ ilə bağlı ona mənəvi ziyan vurulmasını bildirsə də, bu ziyanın nədə ifadə olunduğu, nədən ibarət olması hazırki məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçının xeyrinə 2650 manat pul və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu tutularaq ödənilməlidir.
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 3750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi mənəvi zərərərin tutulması hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.