Məhkəmə qərarları › İş №2(010)-35/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-35/2021

30.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-35/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat vəsaitin və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin boşaldılması və 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka haqqında qanunun normalarına əsasən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı “mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 ilkin iddianı müdafiə edərək, qarşlıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" MTK ilə Cavabdeh arasında 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. Həmin mənzil "xxxx" MTK-nın mülkiyyətində olmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsinin tələbinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 30 avqust 2016-cı il tarixli 1-31-08-0-2016-AF-GT №-li "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. "xxxx" MTK cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ödəmə qabiyyətində olmadığını bildirmişdir. X2 tərəfindən cavabdehə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh mənzilin könüllü olaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə öhdəlik tələblərini yerinə yetirməmişdir. Bu səbəblərə görə Cavabdeh mənzilə mülkiyyət hüququnu itirməsini nəzərə alınaraq mənzilin boşaldılması, onunla "xxxx" MTK arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi zərurəti yaranmışdır. Cavabdeh ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasına razı deyil. COVİD-19 koronavirus pandemiyası səbəbindən ödəmələrdə gecikmələr olmuşdur. Həmin mənzilə onun tərəfindən təmir xərcləri çəkilmişdir. Ödənilən və çəkilən xərclər çıxıldıqdan sonra yenidən ödəmə qrafikinin tərtib edilməsini və həmin qrafik əsasında ödəmələri edəcəyini bildirir. Hazırda onun başqa yaşamağa yeri yoxdur və himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Buna görə də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25000 manat pulun ona ödənilməsini və mənzilin təmirinə xərclənən pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş № ********* saylı 30 avqust 2016-cı il tarixli payçı müqaviləsinin 1.1-ci bəndindən müəyyən edilir ki, MTK payçı qismində çıxış edən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli, 3 otaqlı mənzili tikib və Payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş № ********* saylı 30 avqust 2016-cı il tarixli payçı müqaviləsinin 1.2-ci bəndindən müəyyən edilir ki, payçı bu müqaviləyə əsasən payçı qismində çıxış edən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş № ********* saylı 30 avqust 2016-cı il tarixli payçı müqaviləsinin 2.4-cü bəndindən müəyyən edilir ki, “Payçı” müqavilə qiymətinin qalan 130115 AZN-nə bərabər tutulan məbləğini, “Payçı” “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li kredit müqaviləsinə əlavə No. 1-dən müəyyən edilir ki, bank Cavabdeh illik 10 % olmaqla 240 ay müddətə, aylıq ödəniş 1255.70 manat olmaqla 130115 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh ilə bağlanmış təminatlı kredit müqaviləsindən (daxili ipoteka üçün) müəyyən edilir ki, "xxxx" MTK arasında imzalanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqavilənin predmeti olan mənzilin alınması üçün 130115 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MTK arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, "xxxx" MTK 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li kredit müqaviləsinə əsasən 130115 manat məbləğindən 240 ay müddətinə verilən kreditin və ona hesablanmış qaytarılmasının təminatı kimi öhdəliklərin yerinə yetirilməsinə görə Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətləri kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 17.06.2021-ci il tarixli 10/828 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin daxilində istilik xətti çəkilmiş, yalnız eyvanda kombi avadanlığı quraşdıralaraq mətbəxin daxilində istilik sistemi çəkilmiş və həmin istilik sistemi çəkilməsinin ümumi dəyəri (zəhmət haqqı və material ilə birlikdə) 1395 manat təşkil etmişdir. Mənzildə payçının vəsaiti hesabına mətbəxin daxilində 25 mm ölçüdə plasmas boru ilə istilik xətti çəkilmiş, 2,7x5,0 ölçüdə dekor divar kağızı vurulmuş, mətbəx mebelinin arxasına kafel vurulmuş, eyvanın daxilində plastik materialından şkaf və kombi aparatı quraşdırlılmış, mətbəxin, dəhlizin, uşaq otağının tavanı boya ilə rənglənmiş, yaşayış otağının və dəhlizin döşəməsinin haşiyəsi dəyişdirilmiş, hamamın daxilində 0,45x2,5 m ölçüdə rəngli plastik qapı və hamamayaqyolunun havalandırma quraşdırılmış, görülən təmir və quraşdırılma işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2514,5 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 110-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarıçatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK ilə Cavabdeh arasında 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzil verilmişdir. Azərbaycan Beynəlxalq Bankı 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li təminatlı kredit müqaviləsi ilə Cavabdeh ilə "xxxx" MTK arasında imzalanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqavilənin predmeti olan mənzilin alınması üçün 130115 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MTK arasında 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinə əsasən 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF- GT №-li kredit müqaviləsi üzrə götürülmüş 130115 manat məbləğindən 240 ay müddətinə verilən kreditin və ona hesablanmış qaytarılmasının təminatı kimi öhdəliklərin yerinə yetirilməsinə görə MTK Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətləri kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilənin predmetini Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməsi təşkil etmişdir. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh ilə bağlanmış təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, bank Cavabdeh ilə "xxxx" MTK arasında imzalanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin predmeti olan mənzilin alınması üçün 130115 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi və müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MTK arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə dair kreditor qarşısında cavabdehlik daşımağı və borcu özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəf iddia tələbini onunla əsaslandırır ki, cavabdeh mənzilə dair ödənişləri vaxtında ödəmədiyindən cavabdeh tərəfindən mənzil boşaldılmalı və MTK-ya təhvil verilməlidir. Məhkəmə hesab edir ki, borcun qaytarılmasına dair öhdəliyi cavabdeh bank qarşısında götürmüş və həmin mənzilə dair ödənişləri bankın hesabına ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MTK arasında isə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehin Azərbaycan Beynəlxalq Bankı qarşısında yaranmış öhdəliyinə əsasən "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış payçı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, cavabdeh "xxxx" MTK qarşısında başqa öhdəlik, Azərbaycan Beynəlxalq Bankı qarşısında isə başqa öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi” tələbinə dair ilkin iddia tələbi təmin oluna bilməz. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin boşaldılması, payçı müqaviləsinin ləğvi” tələbinə dair ilkin iddia tələbi təmin olunmadığından qarşılıqlı iddianın təmin olunmasına zərurət qalmır. Belə ki, cavabdeh həmin mənzilə dair mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25000 manat pulun və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbi təmin olunmadığından qarşılıqlı iddia tələbi də rədd olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat vəsaitin və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar