Məhkəmə qərarları › İş №2(010)-3530/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3530/2022

10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3530/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər ay 193 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh arasında nikahı xx.xx.2017-ciil tarixdə pozulmuşdur. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2014-cü ildə X7 adlı övladı anadan olmuşdur. Cavabdehlə nikah pozulduqdan sonra övladı iddiaçının himayəsində saxlanılmışdır və uşağa özü baxır. Cavabdeh həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddiaya uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında göstərdi ki, cavahdehin ikinci dərəcə əlilliyi ləğv edilmiş, hazırda əlilliyi üçüncü dərəcəlidir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qızı Cavabdeh 2017-ci ildən ikinci dərəcəli əlildir və 180 manat məbləğində təqaüd alır, bu səbəbdən iddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilməz, cavabdeh əmək qabiliyyətsizdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2017-ci il tarixdə ləğv olunmuşdur. 4 saylı Bakı Asan xiidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.2014-cü il tarixdə doğulmuş və valideynləri İddiaçı və Cavabdehdır. Bakı 1 saylı X3 Ş.Məmmədrxzalının xx.xx.2022-ci il tarixli MŞB/1-0400 saylı arayışından görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:00 saatlarda keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-79/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 13:00-dan 18:00-dək cavabdeh İddiaçı iştirakı ilə görüş vaxtı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi – Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, Cavabdeh “Paranod şizofreniya, Şizofreniya paranoid forma fasiləsiz gediş. (Remisiya baş verməyən hal)” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Əmək zəmanəti: əmək qabiliyyətsiz. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Tərəflərin birgə nikah dövrdə xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə yaşayır. İddaçı cavabdehdən qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər ay 193 manatın tutulması barədə iddia tələbi irəli sürmüşdür. Cavabdehin nümayəndəsi isə cavabdehin ikinci dərəcəli əlil olduğunu, aylıq 180 manat müavinət almasını əsas gətirməklə iddianı qəbul etməmişdir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, tərəflər Mediasiya sessiyasında iştirak etsələr də, iddia tələbi ilə bağlı razılığa gələ bilməmişlər. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən aylıq gəlirinin dörddə bir hissəsi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı). Hazırkı işdən görünür ki, cavabdeh aylıq müavinət almaqla sabit gəliri olan şəxsdir. Onun aylıq gəlirində hər hansı qeyri-müntəzəmlik, yaxud dəyişənlik yoxdur. Belə olan halda cavabdehdən tutulacaq alimentin sabit pul məbləğində müəyyən edilməsi yolverilməzdir. Çünki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarında göstərildiyi kimi cavabdehdən o vaxt sabit pul məbləğində aliment tutula bilərdi ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilmiş şərtlərdən biri mövcud olsun. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78-ci maddəsində qeyd edilən “uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində ... müəyyən edilə bilər” ifadəsi həmin maddədə qeyd edilmiş və yuxarıda sadalanmış əsaslardan birinin mövcudluğu ilə şərtləndirilmiş, yalnız bu hallardan biri mövcuddursa iddiaçıya sabit məbləğdə aliment tələb etmə hüququ verilmişdir. Yəni, iddiaçının alimenti sabit məbləğdə tələb etməsi cavabdehdən tutulacaq alimentin mütləq qaydada sabit pul məbləğində müəyyən edilməsinin mütləq əsası deyil. Bunun üçün maddədə göstərilən əsaslardan ən azı biri mövcud olmalıdır. Həmin Qərarda daha sonra qeyd edilir ki, daimi gəlir mənbəyi olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Göründüyü kimi, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən sabit məbləğdə aliment tutulmasının mümkünlüyü tərəflərdən birinin mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ilə şərtləndirilmişdir. Hazırkı işdən isə bu müəyyən edilmir. Əksinə, məhkəmə cavabdehin ikinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsiz olmasını nəzərə alır. İddiaçıya münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimenti nə səbəbə bütövlükdə sabit məbləğdə tələb etməsini əsaslandıra bilməmiş, bununla bağlı heç bir mövqeyi olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ikinci dərəcəli əlilliyinin ləğv edildiyini, hazırda üçüncü dərəcəli əlil olmasını bildirsə də, buna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən tutulacaq aliment onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən uşağı xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı “aliment” tələbinə dair iddia ərizəsini 06.07. 2022-ci ildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar