Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3543/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün yetkinlik yaşına çatana qədər xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh 2008-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2009cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Cavabdeh övladlarının saxlanılması və müəyyən xərcləri qarşılanması ilə bağlı heç bir köməklik etmir, sözün əsil mənasında ümumiyyətlə maraqlanmır. İddiaçı isə uşaqlara baxdığı üçün hal-hazırda işləyə bilmir. Bununla bağlı iddiaçı qanunvericiliyin tələblərinə görə ilk öncə “8 saylı Mediasiya təşkilatına’" nikah pozulmadan aliment tələbi ilə bağlı müraciət etmiş, nəticədə xx.xx.2024cü il tarixində “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli iddiaçı izah edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, iddiaçının tələb etdiyi kimi hər uşağa görə hər ay 235 manat böyük məbləğ olmasa da, özü heç bir yerdə işləmədiyinə görə maddi imkanı aliment ödəməyə yol vermir. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. İş materialları Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2009-cu ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01314 saylı «ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi «ailə» mübahisəsinə xx.xx.2024-cü il tarixə saat 12:00-12:30-dək keçiriləcək iclasda Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları Tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuş və tərəflərin birgə yaşayış dövründə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Hazırda iddiaçı, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün yetkinlik yaşına çatana qədər xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini istəyir. Cavabdeh heç bir yerdə işləmədiyinə görə hazırda aliment ödəyə bilməyəcəyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsini xx.xx.2024-cü ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova