Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3557/2024 30.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Bakı nikah evi tərəfindən 03 aprel 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 571311 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 03 aprel 2010-cu il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 aprel 2010-cu il tarixdə 598 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir.
2. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 357913 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 19 may 2014-cü ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 iyul 2014-cü il tarixdə 4060 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.
3. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28 mart 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 719781 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 15 mart 2016-cı ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 mart 2016-cı il tarixdə 912 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.
4. Bakı 11 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ından görünür ki, tərəflər arasında razılıq əldə edilməmişdir.
İşin faktiki halları
5. İddiaçı ilə Cavabdeh arasında 03 aprel 2010-cu il tarixdə nikahın bağlanması, tərəflərin birgə nikahlarından 19 may 2014-cü il təvəllüdlü X1 və 15 mart 2016-cı il təvəllüdlü X3 doğulması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
6. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Yağmur, xx.xx.2016-cı il təvəllüdlü Uğur adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində, 2 uşağa görə ayda cəmi 470 manat alimentin tutularaq uşaqlar 18 yaşına çatana qədər ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
7. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə ailəlidirlər və eyni evdə yaşayırlar, lakin cavabdeh uşaqlara yaxşı baxmır, bu səbəbdən aliment tutulmasını tələb edir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddiaçının tələb etdiyi məbləğdə aliment tutulmasına razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
11. Uşaq Hüquqları haqqında Qanun
Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
Maddə 6 Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
15. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
Məhkəmənin mövqeyi
17. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
18. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər nikahdadırlar və hal-hazırda birlikdə yaşayırlar. Tərəflərin birgə nikahlarından 19 may 2014-cü il təvəllüdlü X2 və 15 mart 2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər birlikdə yaşasalar da cavabdeh uşaqlarına baxmadığı üçün iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, uşaqları saxlamaq üçün aliment ödəmək cavabdehin vəzifəsidir. Həmçinin, məhkəmə iclasında da cavabdeh alimentin ödənilməsinə etiraz etməmişdir.
19. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 28 iyun 2024-cü il tarixdən etibarən tutulmalıdır.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
24. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 470x12=5640 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 76,40 manat təşkil edir.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya orqanına iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 50 manat məbləğində pul ödənilmişdir.
26. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan 26,40 manat hissəsi isə Azərbaycan Respublikasının Dövlət Büdcəsinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19 may 2014-cü il təvəllüdlü X2 və 15 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh 19 may 2014-cü il təvəllüdlü X2 və 15 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması müddəti 28 iyun 2024-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 26,40 (iyirmi altı manat qırx qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.