Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3603/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkill) X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 19 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh 22 sentyabr 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 19 iyul 2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Əvvəllər cavabdeh ilə mehriban yaşasalarda, sonradan xasiyyətlərinin uyğun gəlmədiyini anlamış və hazırda ayrı yaşamaqla ayrıca təsərrüfat aparırlar. Belə ki, o, birgə nikahdan doğulmuş uşağının maddi ehtiyaclarını ödəmək məcburiyyətində olur. Cavabdehlə aralarındakı ailə münasibətləri tamamilə pozulmuşdur. Cavabdeh iddiaçıya nə maddi, nə də mənəvi dəstək göstərmir. O, qızının saxlanmasında əziyyət çəkir. Birgə nikahdan doğulmuş qızı Nərgizin bütün tibbi və digər xərcləri iddiaçının üzərindədir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçının nümayəndəsi (vəkill) X6 iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xəzinədar vəzifəsində işləyir və aylıq əmək haqqı 532.00 manat təşkil edir. Odur ki, iddiaçının tələb etdiyi aliment miqdarını ödəsə, özünün saxlanılması üçün az məbləğ qalır. O, uşağının saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Rəsmi iş yeri olduğuna görə qızı Nərgizin saxlanılması üçün onun aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasına etiraz etmir və razıdır. İddiaçı ona qızı Nərgizlə ünsiyyətdə olmasına imkan vermir və şərait yaratmır. Odur ki, ondan tutulacaq alimentin əmək haqqısına yönəldilməsini xahiş etmişdir. İş materialları 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmışdır. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2018-ci il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/6-0043 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı təsvir etdiyi “aliment və evə köçürülmə” tələbinə dair iddiası üzrə xx.xx.2023-cü il tarixdə saat 11:00 saatlarda keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. AZEMİS vasitəsi ilə cavabdehə dair məlumatdan müəyyən olunur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xəzinədar vəzifəsində işləyir və aylıq əmək haqqı 598.88 manat təşkil edir. İşin faktiki halları İddiaçı ilə cavabdeh xx.xx.2017-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X5 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, Cavabdeh 19 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Cavabdeh isə iddianı qismən qəbul edərək, uşağının saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulmasına razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İddiaçı ilə cavabdeh xx.xx.2017-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X5 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, Cavabdeh 19 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Cavabdeh isə iddianı qismən qəbul edərək, uşağının saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulmasına razıdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, Cavabdeh 19 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2023-cü ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 46,40 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 19 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova